...

Azərbaycanın vitse-spikeri parlamentdə Dağlıq Qarabağla bağlı xüsusi komissiyanın yaradılmasına münasibət bildirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Avqust 2011 13:16 (UTC +04:00)
Azərbaycanda Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı bütövlükdə məşğul olunmalıdır.
Azərbaycanın vitse-spikeri parlamentdə Dağlıq Qarabağla bağlı xüsusi komissiyanın yaradılmasına münasibət bildirib

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı bütövlükdə məşğul olunmalıdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentdə Dağlıq Qarabağla bağlı xüsusi komissiyanın yaradılması təkliflərinə münasibət bildirərkən deyib.

"Milli Məclis üzvlərinin bütün görüşlərində, beynəlxalq tədbirlərdə Qarabağ münaqişəsi müzakirə obyekti olur. Dağlıq Qarabağla bağlı hər hansı komissiyanın və ya komitənin yaradılmasını təklif edənlər münaqişənin həllini bunda görürlər. Hər kəs çıxış yolu axtarır və kimsə bəlkə çıxış yolunu komissiya və ya komitənin yaradılmasında görür. Amma mən düşünürəm ki, biz bütövlükdə Qarabağ məsələsi ilə məşğul olmalıyıq - həm Azərbaycan dövləti, həm Milli Məclis, müxtəlif dövlət qurumları, hər bir Azərbaycan vətəndaşı və mətbuatı", - Muradova bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsi bu gün Azərbaycanın prioritetləri sırasında ön yerdədir və digər işlərə də məhz bu prizmadan baxılır. "Biz bütövlükdə bu işə xidmət etməliyik", - o qeyd edib.

Vitse-spiker həmçinin bildirib ki, danışıq iştirakçıları tərəfindən müəyyən variant qəbul edilərsə, onda parlament bu məsələni müzakirə edəcək.

"Bu gün hələlik razılaşdırılmış bir variant yoxdur ki, parlament ona münasibət bildirsin", - o deyib.

Milli Məclisin yaz sessiyasında bəzi deputatlar problemin həllinə dəstək vermək məqsədilə Dağlıq Qarabağa dair komissiyanın yaradılmasını təklif ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti