Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda və Ermənistanda saxlanılan hərbi əsirlərin və mülki şəxslərin qaytarılması ilə bağlı tərəflər Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət etməyiblər.
Trend-in məlumatına görə, bu barədə bir neçə informasiya agentliyinə müsahibəsində BQXK-nın Azərbaycan nümayəndəliyinin müdafiə proqramının koordinatoru xanım Silvi Qrənişer deyib.
O bildirib ki, BQXK saxlanılan şəxslərin qaytarılması ilə bağlı tərəflər arasında danışıqlar prosesinə qarışmır, yalnız münaqişə tərəflərinin razılığı ilə və onların müraciətinə əsasən bu prosesə kömək edir.
"Əgər münaqişə tərəfləri saxlanılan hərbi əsir və mülki şəxslərin qaytarılması ilə bağlı müraciət edərsə, biz bu prosesin həyata keçirilməsinə yardım edirik. Saxlanılan şəxlərin repatriasiyası yalnız onların öz ölkələrinə qayıtmağa razı olduqları halda baş tutur. Hazırda münaqişə tərəflərində saxlanılan hərbi əsirlərin və mülki şəxslərin qaytarılması ilə bağlı BQXK-ya müraciət daxil olmayıb", - Qrənişər deyib.
Ermənistanda Azərbaycan Ordusunun əsgəri Roman Hüseynov Ermənistan Silahlı Qüvvələri tərəfindən 2010-cu il avqustun 27-də əsir götürülüb.
Azərbaycanda isə hazırda 3 erməni hərbi əsir, bir ailənin 5 üzvü saxlanılır.
Bir müddət öncə isə Azərbaycan əsirlikdə olan 3 erməni hərbçini onların razılığı ilə üçüncü ölkəyə göndərib.
Cenevrə konvensiyalarına əsasən fəaliyyət göstərən BQXK Azərbaycanda və Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən işləyir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.