...

İşğal olunmuş ərazilərdə vəziyyətə dair məsələnin BMT-nin gündəliyinə salınması Azərbaycan diplomatiyasının uğurudur - hakim partiya

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Sentyabr 2011 18:05 (UTC +04:00)
Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair məsələnin BMT Baş Assambleyasının 66-cı sessiyasının gündəliyinə daxil edilməsi hücumçu diplomatiyamızın göstəricisidir.
İşğal olunmuş ərazilərdə vəziyyətə dair məsələnin BMT-nin gündəliyinə salınması Azərbaycan diplomatiyasının uğurudur - hakim partiya

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair məsələnin BMT Baş Assambleyasının 66-cı sessiyasının gündəliyinə daxil edilməsi hücumçu diplomatiyamızın göstəricisidir. Trend-in məlumatına görə, bunu çərşənbə günü hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

Qurbanlı bildirib ki, bu məsələnin Assambleyanın gündəliyinə daxil edilməsinə yeganə olaraq Ermənistanın qarşı çıxması bu dövlətin işğalçılıq mahiyyətinin əyani göstəricisidir.

Onun fikrincə, Ermənistan məsələnin əleyhinə səs verməklə beynəlxalq hüquq normaları və prinsiplərini pozduğunu bir daha nümayiş etdirir.

"Beynəlxalq hüququn norma və prinsipləri ərazi bütövlüyünü və suverenliyi ön plana çəkir. Ərazi bütövlüyü və suverenlik məsələsi də bu danışıqlarda Azərbaycan tərəfinin irəli sürdüyü başlıca fikirdir", - Qurbanlı deyib.

Onun sözlərinə görə, dövlətlərarası münaqişələrin və qarşıdurmaların aradan qaldırılmasında BMT-nin özünəməxsus yeri və rolu var.

"BMT Təhlükəsizlik Şurası yeganə beynəlxalq təşkilatdır ki, bu qurumun qəbul etdiyi qərar və qətnamələr üzv dövlətlər tərəfindən yerinə yetirilməlidir. Əslində bu gün dünyada sülhün, əmin-amalığın, təhlükəsizliyin və mövcud problemlərin həlli BMT-nin üzərində dayanıb. BMT böyük bir təşkilat olmaqla yanaşı, həm də siyasi məsuliyyət daşıyan bir qurumdur", - YAP İcra katibinin müavini vurğulayıb

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti