...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə başlamalıdır - xarici işlər naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2011 21:01 (UTC +04:00)
Azərbaycan əmindir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması ilə başlamalıdır. Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı BMT Baş Assambleyasında çıxışı zamanı deyib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə başlamalıdır - xarici işlər naziri

ABŞ, Nyu York, 27 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan əmindir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması ilə başlamalıdır. Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

"Azərbaycan əmindir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması razılaşdırılmış vaxtda Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması ilə başlamalı və kommunikasiyaların bərpası, qaçqın və məcburi köçkünlərin qayıtması və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsi regionunda azərbaycanlıların və ermənilərin birgə yaşaması üçün şəraitin yaradılması ilə nəticələnməlidir", - Məmmədyarov bildirib.

Onun sözlərinə görə, vasitəçilər tərəfindən beynəlxalq birliyin - təəssüf ki, Ermənistan rəhbərliyi istisna olmaqla - dəstəyi ilə təklif olunan bu yanaşma regiona davamlı sülh, sabitlik gətirə bilər.

Nazir, həmçinin sessiyada Baş Assambleyanın münaqişələrin sülh yolu ilə həllində vasitəçilik rolunun möhkəmləndirilməsinə dair qətnaməsinin qəbul edilməsini alqışlayıb.

"Bu sənədlə Baş Assambleya bir daha təsdiq etdi ki, bütün üzv dövlətlər BMT Nizamnaməsində qeyd olunan öhdəliklərinə ciddi əməl etməlidir, xüsusilə də bütün dövlətlərin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə hörmətlə yanaşmalıdırlar. Azərbaycan, qətnamədə deyildiyi kimi, daha effektli vasitəçilik üçün müvafiq rəhbər göstərişlərinə ümid edir və biz bu prosesdə aktiv iştirak etməyə hazırıq.

Təəssüf ki, biz etiraf etməliyik ki, heç də bütün dövlətlər öz beynəlxalq öhdəliklərinə məsuliyyətlə yanaşmır və ümumi qəbul olunmuş beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmirlər", - Məmmədyarov deyib.

Elmar Məmmədyarov qeyd edib ki, 20 il ərzində Azərbaycan BMT Nizamnaməsinin və digər beynəlxalq hüquq sənədlərinin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə təcavüz edən Ermənistan tərəfindən kobud şəkildə pozulması ilə üzləşir.

"Bu təcavüzkarlıq nəticəsində Azərbaycan ərazilərinin 20 faizi hələ də işğal altındadır və 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün öz evlərinə qayıda bilmir", - XİN rəhbəri bildirib.

Məmmədyarov bildirib ki, 1993-cü ildə BMT TŞ 4 qətnamə qəbul edib ki, bu sənədlər Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən təcili, tam və qeydsiz-şərtsiz çıxarılmasını tələb edib və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiq edib. Digər beynəlxalq təşkilatlar da belə çağırışlar ediblər.

"Təəssüf ki, Ermənistan beynəlxalq birliyin çağırışlarına əhəmiyyət verməməkdə davam edir", - o deyib.

Nazirin sözlərinə görə, daha qorxulusu isə odur ki, öz xalqını qonşu ölkələrlə dostluq və əməkdaşlıq şəraitində sülhə, çiçəklənən və stabil gələcəyə hazırlamaq əvəzinə, Ermənistan rəhbərliyi nəinki Azərbaycan, həm də regionun digər xalqlarına qarşı təhlükəli düşmənçilik və ədavət ideyalarını yaymaq yolu ilə gələcək nəsilləri növbəti müharibələrin başlanmasına, zülmə və təcavüzə sövq edir.

Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət, o cümlədən etnik ermənilərin məskunlaşdırılması, həmçinin mədəni və tarixi irsin dağıdılması və mənimsənilməsi kimi hallar da ciddi narahatlıq doğuran başqa bir mənbədir. "Bu cür fəaliyyət hazırkı işğal vəziyyətinin daha da möhkənlənməsinə xidmət edir və işğal olunmuş ərazilərdə etnik təmizləmə və müstəmləkləşdirmənin nəticələrini saxlayır ki, bu da münaqişənin nizamlanması perspektivlərinə ciddi zərbə vurur", - Məmmədyarov deyib.

"Biz bundan əvvəl bu zalda Ermənistan Prezidentinin çox təcavüzkar və qeyri-konstruktiv bəyanatlarının şahidi olduq. O, açıq şəkildə Ermənistanın dağıdıcı siyasətini təsdiq etdi", - Məmmədyarov əlavə edib.

XİN rəhbəri bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən sahə qiymətləndirmə missiyası ötən ilin oktyabr ayında Azərbaycanın işğal olunmuş ərazilərində monitorinq keçirib və xüsusilə qeyd edib ki, işğalın hazırkı vəziyyətdə qalması qəbulolunmazdır və Ermənistanı növbəti dəfə bu ərazilərdəki qeyri-qanuni fəaliyyətdən əl çəkməyə çağırıb.

"Azərbaycan öz ərazilərinin işğalından və yüz minlərlə vətəndaşının məcburi köçkün vəziyyətinə düşməsindən əziyyət çəkən bir ölkə kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində daha çox maraqlı olan tərəfdir", - nazir deyib.

"Bizim mövqeyimiz beynəlxalq birliyə yaxşı məlumdur və beynəlxalq hüququn norma və prinsiplərinə ciddi şəkildə əməl etməyə əsaslanır. Bu norma və prinsiplərə görə, ərazinin güc tətbiqi ilə mənimsənilməsi yolverilməzdir, qəti şəkildə və qeyd-şərtsiz qəbul olunmamalıdır", - Məmmədyarov bildirib.

Onun sözlərinə görə, nəinki işğal olunmuş Azərbaycan ərazilərində, eləcə də öz ərazilərində azərbaycanlı əhaliyə qarşı ümumi etnik təmizləmə siyasəti həyata keçirmiş Ermənistan rəhbərliyinin öz müqəddəratını təyinetmə prinsipini tətbiq etmə cəhdləri tamamilə məntiqsizdir. "Aydındır ki, xalqı öz evlərindən etnik səbəblər üzündən qovmaq, eyni zamanda, həmin ərazidə qalanlar üçün öz müqəddəratını təyinetmə barədə danışmaq qeyri-mümkündür", - nazir deyib.

"Azərbaycan qəbul edir ki, xalqların öz müqəddəratlarını təyin etməsi yalnız BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə və müvafiq beynəlxalq hüquq normalarına, o cümlədən Helsinki Yekun Aktında möhkəmləndiyi kimi, dövlətlərin ərazi bütövlüyünə aid olan prinsiplərə uyğun şəkildə həyata keçirilə bilər", - Məmmədyarov əlavə edib.

Nazirin sözlərinə görə, Azərbaycan hələ də bu çox çətin və həssas danışıqlar prosesində öz marağını, sübutlarını saxlayır və səbr edir. "Biz hesab edirik ki, beynəlxalq birlik Ermənistan tərəfini beynəlxalq hüququn ümumi qəbul olunmuş norma və prinsiplərinə hörmət etməyə və azərbaycanlıların öz şəxsi ərazilərində, o cümlədən Dağlıq Qarabağ regionunda yaşama hüquqlarından sui-istifadə etməkdən əl çəkməyə inandıracaq. Biz də öz növbəmizdə, Azərbaycan Respublikası tərkibində bu region üçün özünüidarənin yüksək səviyyəsinə zəmanət verməyə hazırıq", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti