...

Deputat: Sarkozinin səfəri Fransanın Dağlıq Qarabağ nizamlanmasında aktivləşəcəyinin anonsunu verir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2011 15:42 (UTC +04:00)
Nikola Sarkozinin regiona səfəri ilk növbədə Fransanın Cənubi Qafqaza marağını nümayiş etdirir və bu ölkələrlə mühüm strateji-iqtisadi, siyasi planlarının mövcudluğunu göstərir.
Deputat: Sarkozinin səfəri Fransanın Dağlıq Qarabağ nizamlanmasında aktivləşəcəyinin anonsunu verir

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir M.Əliyev/

Nikola Sarkozinin regiona səfəri ilk növbədə Fransanın Cənubi Qafqaza marağını nümayiş etdirir və bu ölkələrlə mühüm strateji-iqtisadi, siyasi planlarının mövcudluğunu göstərir. Bu barədə Trend-ə cümə axşamı Milli Məclisin deputatı Zahid Oruc bildirib.

O qeyd edib ki, Fransa Avropa İttifaqında xüsusi çəkiyə malik olan dövlət kimi həmişə özünəməxsus mövqe tutub və proseslərin fərqli aspektə getməsində rol oynayıb. "Avropa arealında ABŞ-dan və digər nəhəng ölkələrdən fərqli siyasəti gündəliyə çıxarmaq və onu həll etməyi bacarmaq Fransanın imkanları çərçivəsindədir", - millət vəkili deyib.

Oruc hesab edir ki, Fransa Cənubi Qafqazda gedən proseslərə aktiv təsir göstərmək niyyətindədir. "Fransa bu bölgənin münaqişə məkanlarına yaxşı bələddir", - o deyib.

"Son iki ilə yaxın dövrdə Rusiyanın aktiv rəhbərliyi altında həmsədrlərin iştirakı ilə keçirilən görüşlərin heç bir nəticə verməməsi fonunda Sarkozinin səfəri Fransanın qarşıdakı dövrdə Dağlıq Qarabağ prosesində aktivləşəcəyinin anonsunu verir", - millət vəkili deyib.

Oruc Sarkozinin səfərinin hər üç ölkənin maraqları çərçivəsində olduğuna və gələcəkdə onun nəticələrinin özünü göstərəcəyinə əminliyini vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti