...

Ermənistan xarici siyasətini nağıllardan ayırmalıdır – Azərbaycan-Amerika Şurası

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Oktyabr 2011 14:17 (UTC +04:00)
Kanadanın "The Guardian" qəzeti Azərbaycan-Amerika Şurasının (AAŞ) idarə heyətinin sədri Cavid Hüseynovun jurnalist Henri Strebnikin həmin qəzetdə dərc olunmuş "Etnik və ərazi mübahisəsində kilidlər" məqaləsinə cavab məktubunu dərc edib.
Ermənistan xarici siyasətini nağıllardan ayırmalıdır – Azərbaycan-Amerika Şurası

Azərbaycan, Bakı, 31 oktyabr / Trend, müxbir E.Tariverdiyeva /

Kanadanın "The Guardian" qəzeti Azərbaycan-Amerika Şurasının (AAŞ) idarə heyətinin sədri Cavid Hüseynovun jurnalist Henri Strebnikin həmin qəzetdə dərc olunmuş "Etnik və ərazi mübahisəsində kilidlər" məqaləsinə cavab məktubunu dərc edib. Trend-in məlumatına görə, bu barədə AAŞ xəbər yayıb.

"The Guardian" qəzetinin 2011-ci il 18 oktyabr tarixli sayında (qəribə təsadüfən Azərbaycanın müstəqillik bəyannaməsinin qəbul edilməsinin 20-ci ildönümü günü) Strebnik bir sıra tarixi faktları sadalayıb və onları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirib. Hüseynov yazır ki, bu assosiasiyalardan bəzilərinin dəqiqləşdirilməyə ehtiyacı var.

"1880-ci illərdə meydana çıxan [pan]türkizm ideologiyası vahid imperiya yaratmağa cəhd göstərməyib və hansısa bir qrupa, o cümlədən ermənilərə qarşı yönəlməyib. Bu, Rusiya imperiyasındakı türkdilli müsəlman icmalarının ictimai hərəkatı olub. Onun yaradıcılarının - İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə və Yusif Akçuranın sözlərinə görə, türkizm türk xalqlarının tərbiyəsi və qabaqcıl və dünyəvi Avropa dəyərlərinə cəlb olunması üsulu kimi dil islahatına yönəlib", - Hüseynov yazır.

1919-1920-ci illərdə Azərbaycanla Ermənistan arasında müharibə uduzuldu. Hüseynovun məktubunda deyilir ki, Azərbaycan qoşunları erməni yaraqlılarını məğlub etdi və 1919-cu ildə Dağlıq Qarabağ üzərində nəzarəti qoruyub saxladı. Müttəfiq dövlətlər Azərbaycan hökumətini tanıdı və Xosrov Sultanov Qarabağ qubernatoru təyin edildi. Los-Ancelesdə yaşayan görkəmli erməni alim, professor Riçard Ovannisyanın sözlərinə görə, Ermənistan Respublikası da 1919-cu ildə Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyini tanıyıb.

"1987-88-ci illərdə Dağlıq Qarabağdakı və Ermənistandakı etnik ermənilər Azərbaycan ərazilərinin Ermənistana verilməsini tələb etməyə başladılar. Münaqişənin ilk qurbanları Əsgəran şəhəri yaxınlığında iki azərbaycanlı oldu və 1987-ci ilin sonlarında ilk azərbaycanlı qaçqınlar Ermənistanın Qafan və Quqar rayonlarından qovuldular", - Hüseynov yazır.

Məktubda deyilir ki, nə müasir Türkiyə, nə də Azərbaycan heç vaxt Ermənistana əməkdaşlıq üçün ideoloji və ya coğrafi maneə kimi baxmayıb. Bunun üçün ideal sübut qədim Qafqaz xalqı olan, özünün türk qonşuları ilə sülh şəraitində yaşamaqla öz zəngin mədəni orijinallığını qoruyub saxlayan Gürcüstandır. Ermənistan öz xarici siyasətini nağıldan ayırmaq üçün Azərbaycan ərazilərinin işğalına son qoymalı və özünün əsirlik qonşuları ilə dostluq şəraitində yaşamalıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti