...

Mübariz Əhmədoğlu: Vasitəçilər regionda uzun müddət oturmaqla icmalararası dialoqun və işğalçı qoşunların çıxarılmasının başlanmasına nail olmalıdırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Mart 2012 13:43 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilər regionda uzun müddət oturmaqla icmalararası dialoqun və işğalçı qoşunların çıxarılmasının başlanmasına nail olmalıdırlar.
Mübariz Əhmədoğlu: Vasitəçilər regionda uzun müddət oturmaqla icmalararası dialoqun və işğalçı qoşunların çıxarılmasının başlanmasına nail olmalıdırlar

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilər regionda uzun müddət oturmaqla icmalararası dialoqun və işğalçı qoşunların çıxarılmasının başlanmasına nail olmalıdırlar. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupuna üzv ölkələrin xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair verdikləri bəyanat bir neçə prizmadan diqqət çəkir.

"Əvvəla, həmsədrlərin bəyanatından keçən qısa müddət ərzində belə bəyanat gözlənilmirdi. İikincisi, gözlənilməz olan bu bəyanat həm də DQ münaqişəsinin tənzimlənməsi məzmununda sıçrayış yaratdı, çünki Dağlıq Qarabağda yaşayan ermənilərlə, orada yaşamış azərbaycanlıların dialoqunun qurulması sülhə aparan ən əsas yol kimi göstərilir. Qoşunların təmas xəttində etimad tədbirləri, eləcə də snayperlərin geri çəkilməsi məsələsinin adı hallanmır", - Əhmədoğlu qeyd edib.

O həmçinin qeyd edib ki, həmsədrlərin bəyanatından dərhal sonra onların birbaşa rəhbərlərinin belə məzmunlu bəyanatlar verməsi həmsədr ölkələrin xarici işlər nazirlərinin öz diplomatlarının fəaliyyətindən razı qalmamasının göstəricisi kimi də başa düşülə bilinər

"ATƏT-in Minsk Qrupunun üzvü ölkələrin xarici işlər nazirlərinin bəyanatlarına həm də Rusiyanın Dnestryanı bölgəni, Cənubi Osetiya və Abxaziyanı özünə birləşdirmək istiqamətində atdığı addımlara verilən reaksiya kimi də başa düşmək olar", - Əhmədoğlu bildirib.

Politoloq vurğulayıb ki, ATƏT-in Minsk qrupunun tərkibi, fəaliyyət prinsipləri, nizamnaməsi, 20 il ərzində heç bir uğura nail olmaması ciddi narahatlıq yaradır.

"Bu sahədə olan qüsurların aradan qaldırılması günün tələbidir. Bunlarla yanaşı, digər məsələ də unudulmamalıdır. Dünyanın üç iri dövləti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vahid mövqe əldə etmələri ilə həmişə öyünüblər. İndi RF-nin MDB məkanındakı digər münaqişəli regionlarla bağlı nümayiş etdirdiyi mövqe haçansa Dağlıq Qarabağ münaqişəsinə də təsir edə, beləliklə, üç iri dövlətin nail olduğu birgə əməkdaşlıq formatı dağıla bilər", - Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin yubanaraq bu hala düşməsinin yeganə günahkarı vasitəçilərdir, çünki məhz ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti nəticəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistan rəhbərliyinin həqiqi mövqeyi həm Ermənistan, həm də beynəlxalq ictimaiyyətə tam aydın olmayıb.

"Həmsədrlərin verdikləri məlumatlar sayəsində Fransada və ABŞ-da həqiqətən inanırlar ki, Ermənistan haçansa DQ münaqişəsinin dinc yolla tənzimlənməsinə, silahlı birləşmələrin işğal etdiyi ərazilərdən çıxmasına, azərbaycanlıların dədə-baba torpaqlarına qayıtmasına razılıq verəcəkdir. Vasitəçilər erməni yalanlarının beynəlxalq ictimaiyyətə yayılmasında, o cümlədən öz ölkələrinin rəhbərlərinə çatmasında vacib rol oynayıblar", - politoloq viurğulayıb.

O bildirib ki, Ermənistanın son illərdə silahlanması da ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinin nəticəsidir. Bu gün Ermənistanın dövlət büdcəsindən ayrılan hərbi xərclər faiz etibarilə Azərbaycana nisbətən daha çoxdur.

"Üç il bundan öncə Ermənistan beynəlxalq qurumlardan kredit almaq uğrunda danışıqlar aparırdı. Beynəlxalq maliyyə qurumları Ermənistana kredit vermək üçün əlavə zəmanətlər tələb etdilər. Ermənistan zəmanət almaq uğrunda "Fitch" beynəlxalq təşkilatı ilə danışıqlara başladı. Erməni lobbisinin fəaliyyətindən sonra "Fitch" beynəlxalq reytinq təşkilatı Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna zəmanət məktubu verməyə razı oldu, amma şərt irəli sürdü, Dağlıq Qarabağ münaqişəsi regionunda müharibənin olmayacağı ilə bağlı zəmanət məktubu tələb etdi", - Əhmədoğlu qeyd edib.

O qeyd edib ki, ATƏT-in in Minsk qrupunun Dağlıq Qarabağ regionunda müharibənin olmayacağı, üç həmsədr dövlətin belə müharibəyə imkan verməyəcəyi ilə bağlı zəmanət məktubunu "Fitch" beynəlxalq təşkilatına təqdim etdilər. Ermənistan aldığı kreditlərdən silahlanmaya da vəsait ayırdı.

"2009-cu ildən etibarən Ermənistanda silahlanmaya ayrılan pulun qəflətən artması da bununla əlaqəlidir. Beləliklə, vasitəçilər müharibənin başlanmaması adı altında, faktiki olaraq, Ermənistanın silahlanmasına yardım etdilər. Bəlkə də bu, vasitəçilərin müharibənin qarşısını alan faktor kimi Ermənistanı silahlanmasını görmələrindən irəli gəlirdi. Nəticə göz qabağındadır: indi region sülhdən daha çox müharibəyə hazırdır. Hələ ki, müharibə başlamayıb və qarşısını almaq mümkündür", - politoloq deyib.

O bildirib ki, vasitəçilərin gəl-getlə öz rəhbərlərini də aldatmalarını nəzərə alsaq, fəaliyyət metodunu da dəyişməyi faydalı hesab edirik.

"Üç həmsədr DQ münaqişəsi regionunda uzunmüddət - bir neçə həftədən tutmuş, bir neçə ayadək oturmaqla DQ-nin icmaları arasında dialoqu başlayır, qurur və hər iki tərəfdən dialoq iştirakçılarının sayını minimum 500 nəfərə çatdırır. Müntəzəm təşkil olunan dialoqların hamısı Dağlıq Qarabağın ərazisində, çox yaxşı olardı ki, Şuşa və Xankəndi şəhərlərində təşkil olunardı. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqunun təşkili ilə yanaşı ermənilərin hərbi birləşmələrinin Dağlıq Qarabağdan çıxarılmasının bünövrəsi qoyulur", - Əhmədoğlu vurğulayıb.

O qeyd edib ki, indi təkcə Rusiyanın deyil, ABŞ-ın da Ermənistana hərbi təzyiqləri mümkündür.

"Qarşıdakı parlament seçkiləri, eləcə də İrana qarşı ehtimal olunan hərbi əməliyyatlar ABŞ-ın Ermənistan üzərindəki hərbi təsirini artırıb. Ermənistan müdafiə nazirinin ABŞ-dakı görüşləri, xüsusilə ABŞ müdafiə naziri və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərləri ilə keçirdiyi görüşlər çox məzmunlu anlam yaradır. Vasitəçilərin ciddi obyektiv səyləri, tər tökən əməkləri olmasa, müharibə qaçılmazdır", - politoloq bildirib.

Xəbər lenti

Xəbər lenti