...

Elmar Məmmədyarov: Azərbaycan davamlı sülh, təhlükəsizlik, ədalət və çiçəklənmə mövqelərində əzmlə dayanır (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 May 2012 15:18 (UTC +04:00)
Suveren dövlətlərdə beynəlxalq hüquq və azadlıq hüququnun norma və prinsiplərinə əməl olunmasını təmin etmək üçün beynəlxalq münasibətlərdə ədalət və bərabərliyin dəstəklənməsi Azərbaycanın başlıca vəzifəsi olub və olaraq qalmaqdadır.
Elmar Məmmədyarov: Azərbaycan davamlı sülh, təhlükəsizlik, ədalət və çiçəklənmə mövqelərində əzmlə dayanır (FOTO)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir E.Tarıverdiyeva/

Suveren dövlətlərdə beynəlxalq hüquq və azadlıq hüququnun norma və prinsiplərinə əməl olunmasını təmin etmək üçün beynəlxalq münasibətlərdə ədalət və bərabərliyin dəstəklənməsi Azərbaycanın başlıca vəzifəsi olub və olaraq qalmaqdadır. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misirin Şarm əl-Şeyx şəhərində Qoşulmama Hərəkatının iclasındakı çıxışı zamanı deyib.

XİN rəhbəri bildirib ki, suveren dövlətin müstəqil xarici siyasət yürütmək kimi ayrılmaz hüqüqü həmləyə məruz qaldıqda, suverenliyə, ərazi bütövlüyünə və suveren dövlətin müstəqilliyinə qarşı təcavüz törədildikdə beynəlxalq birlik neytral qalmağı özünə rəva görməməlidir.

"Bununla əlaqədar, Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən BMT-nin dörd qətnaməsində təsbit edildiyi kimi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmazlığına və suverenliyinə yekdil dəstəyi görmək bizi sevindirir", - o deyib.

Nazirin sözlərinə görə, bu dəstək beynəlxalq birliyin Ermənistanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüzkar güc tətbiqinin nəticələri ilə razılaşmadığını sübut edir.

Yaradılmasından 50 il sonra Qoşulmama Hərəkatı bu gün sülhün və təhlükəsizliyin dəstəklənməsində və bir çox məsələlərin həllində, regional təhlükəsizlikdən sosial-iqtisadi inkişaf məsələlərinə qədər mühüm rol oynayır.

Məmmədyarovun sözlərinə görə, Qoşulmama Hərəkatı üzv ölkələrə daha ədalətli və çiçəklənən dünya düzəni istiqamətində ardıcıl səylər göstərməyə imkan verir.

Nazir deyib ki, bu gün beynəlxalq birlik iqtisadi və maliyyə böhranlarının, ekoloji problemlərin, çox zaman ekspansionist siyasətin, terrorizmin, separatizmin, transmilli mütəşəkkil cinayətkarlığın və ekstremizmin daha çox birləşdiyi regional münaqişələrin doğurduğu misli görünməmiş çətinliklərlə üzləşir.

"Bunların hamısı bizim birgə səylərimizdə yeni vəzifələrə gətirib çıxarır və Qoşulmama Hərəkatı çərçivəsində böyük həmrəyliyin, dialoqun və əməkdaşlığın vacibliyini bir daha qeyd edir. Biz Hərəkatın prinsip və məqsədlərinə hərfən və ruhən sadiqik. Azərbaycan müstəqil xarici siyasət yürüdür və heç bir hərbi alyansın iştirakçısı deyil", - Məmmədyarov deyib.

Nazir bildirib ki, Azərbaycan demokratikləşməyə, insan haqlarına hörmətə və sosial ədalətə xüsusi diqqət ayıran hökuməti ilə sürətlə inkişaf edən ölkədir.

Onun sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir, Hərəkatın prinsiplərinə, məqsəd və gündəliyinə öz töhfəsini verir.

"Biz Qoşulmama Hərəkatı ölkələri ilə ikitərəfli münasibətləri aktivləşdiririk. Azərbaycanda Hərəkata üzv olan bir neçə ölkə üçün inkişafa yardım layihələrinin reallaşdırılmasına başlanılıb. Biz gələcəkdə də bu fəaliyyətin genişləndirilməsini nəzərdən keçiririk. Biz bu gün gündəlikdə əks olunmuş məsələlərin müxtəlifliyində təzahür olunan Hərəkata kompleks yanaşmanı dəstəkləyirik", - o deyib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 9-10-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində nazirlər səviyyəsində keçirilən iclasında iştirak edir.

Xəbər lenti

Xəbər lenti