...

Eymon Gilmor: Etimadın möhkəmləndirilməsi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı həlli üçün yeganə yoldur (MÜSAHIBƏ)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyun 2012 09:00 (UTC +04:00)
Trend-in ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiya Baş nazirinin müavini, xarici işlər və ticarət naziri Eymon Gilmorla Azərbaycana səfəri ərəfəsində müsahibəsi
Eymon Gilmor: Etimadın möhkəmləndirilməsi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı həlli üçün yeganə yoldur (MÜSAHIBƏ)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

Trend-in ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiya Baş nazirinin müavini, xarici işlər və ticarət naziri Eymon Gilmorla Azərbaycana səfəri ərəfəsində müsahibəsi

- Siz Azərbaycana səfəriniz zamanı hansı məsələləri müzakirə etməyi planlaşdırırsınız? Azərbaycan ilə ATƏT arasında qarşılıqlı əməkdaşlığın hansı proritetləri var?

- Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi səfərim zamanı gündəlikdə duran ən mühüm məsələ olacaq. Bu, hər zaman mühüm mövzu olub və xüsusən də son zamanlar qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi fonunda daha mühüm əhəmiyyət kəsb edir. Uzadılmış münaqişələrin həlli istiqamətində irəliləyişin əldə olunması hər zaman mənim sədirliyim üçün proritet təşkil edib və indi bu daha da vacib məsələdir.

Səfərim zamanı, həmçinin ölkə rəhbərliyi ilə ATƏT və Azərbaycan arasındakı əməkdaşlıq, xüsusən də ATƏT-in Bakı ofisi tərəfindən görülən işlərlə bağlı müzakirələr aparacağam. ATƏT hakimiyyət orqanları ilə bir çox sahələrdə əməkdaşlıq edir. ATƏT institutları, eləcə də ATƏT-in Bakı ofisi Azərbaycanın islahat proqramlarının həyata keçirilməsinə dəstək verməkdə davam edir. Ötən 20 il ərzində nail olduğu iqtisadi inkişafı demokratik inkişafa və iki il bundan əvvəl Astana sammitində ATƏT-ə üzv ölkələr tərəfindən təsdiq olunmuş ümumi prinsiplərə uyğunlaşdırmaq Azərbaycan üçün vacib əhəmiyyət kəsb edir.

- ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində aktiv iştirak edir. Lakin bu prosesdə nəzərəçarpacaq irəliləyiş olmayıb. İrlandiyanın buna oxşar münaqişənin həllində təcrübəsi olduğunu nəzərə alsaq, İrlandiya Dağlıq Qarabağ münaqişənin həlli üçün hansı təşəbbüsləri irəli sürməyi planlaşdırır?

- Zorakılıq halları mütləq dayandırılmalıdır. Münaqişə güc tətbiq etməklə həll edilməməlidir. Mən öz görüşlərimdə bütün tərəfləri və iştirakçıları güc tətbiq etməkdən və ya güc tətbiq etmək təhdidindən və cavab addımları atmaqdan çəkinməyə çağırıram. Etimadın yaradılması və itkilərin qarşısının alınmasında mühüm bir addım kimi ATƏT dəfələrlə hər iki tərəfi qoşunların təmas xəttindən snayperləri geri çəkməyə və təmas xəttində insidentləri araşdırma mexanizmi üzərində razılığa gəlməyə çağırıb. Yüksək siyasi səviyyədə əldə olunmuş razılıqların konkret addımlarla həyata keçirilməsi çox vacibdir.

Bizim İrlandiyadakı təcrübəmiz onu göstərir ki, real irəliləyiş əldə etmək üçün bir çox müxtəlif sahələrdə atılan addımları kombinasiya etmək vacibdir. Əlbəttə ki, bu çətindir və bütün tərəflərin iradəsini tələb edir. İnam və etimadın yaradılması münaqişənin dayanıqlı həlli üçün yeganə yoldur. Bu, vaxt aparır və bütün tərəflərin səylərini tələb edir. Uğurlu proses hərtərəfli olmalıdır. Yəni insanlar arasında əlaqələr artırılmalı, ibadət yerlərinin, mədəni abidələrin və məzarlıqların qorunması gücləndirilməlidir. Bütün tərəflərin siyasi rəhbərlikləri arasında dialoq artırılmalıdır.

- ATƏT-in sədri qismində İrlandiya transmilli təhdidlərə qarşı necə mübarizə aparır?

Ötən il Vilnüsdə keçirilən illik görüş zamanı ATƏT-ə üzv olan 56 ölkənin xarici işlər nazirləri belə qərara gəldilər ki, ATƏT transmilli təhdidlərin qarşısını almaq üçün yaxşı imkanlara malikdir.

İlk addım olaraq ATƏT qayda-qanunun yaradılmasında, sərhəd idarəçiliyində və antiterrorizm fəaliyyətində özünün mövcud təcrübəsini və resurslarını qruplaşdırdı və transmilli təhdidlərlə mübarizə aparacaq yeni bir şöbə yaratdı. İrlandiyanın sədrliyi ilə artıq ATƏT-ə üzv ölkələr bir sıra mühüm sahələrdə, o cümlədən qayda-qanunun yaradılması, narkotik və terrorizmlə mübarizə sahəsində işlər görür. Ümid edirəm ki, ATƏT-ə üzv ölkələr bu işdə əzm göstərəcək və bu fəaliyyətimiz öz bəhrəsini verəcək.

Xəbər lenti

Xəbər lenti