...

Bayram Səfərov: Beynəlxalq qurumlar Dağlıq Qarabağ probleminin həllində ikili standartlara yol verir (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Sentyabr 2012 15:38 (UTC +04:00)
Beynəlxalq qurumlar Dağlıq Qarabağ probleminin həllində ikili standartlara yol verir. Trend-in məlumatına görə, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov Bakıda səfərdə olan ATƏT-ə üzv ölkələrin səfirləri ilə görüşündə deyib.
Bayram Səfərov: Beynəlxalq qurumlar Dağlıq Qarabağ probleminin həllində ikili standartlara yol verir (FOTO)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Beynəlxalq qurumlar Dağlıq Qarabağ probleminin həllində ikili standartlara yol verir. Trend-in məlumatına görə, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov Bakıda səfərdə olan ATƏT-ə üzv ölkələrin səfirləri ilə görüşündə deyib.

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının baş qərargahında ATƏT-ə üzv ölkələrin səfirlərinin Azərbaycana səfərlərinin ikinci günündə İcmanın idarə heyətinin üzvləri, İcmanın sədri Bayram Səfərov, İcmanın əlaqələndirmə şurasının sədri Orxan Əkbərov, eləcə də ətraf rayonlardan olan nümayəndələrin iştirakı ilə görüş keçirilib.

Artıq iyirmi ildir ki, münaqişənin həllinə çalışan beynəlxalq qurumların ikili standartlara yol verdiyini və problemin həllində qətiyyətli mövqe göstərmədiklərini deyən Bayram Səfərov, bu münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll oluna biləcəyini xüsusi qeyd edib.

Görüşdə iştirak edən Norveçin ATƏT-dəki səfiri Robert Kvile iki gün əvvəl ATƏT səfirlərinin Ermənistana səfər etdiyi və artıq iki gündür Azərbaycanda olduqları barədə məlumat verərək qeyd edib ki, Ermənistanda da olduqları zaman Dağlıq Qarabağ əsas mövzu olub.

Həmçinin Fransanın ATƏT-dəki səfiri Fransua Alabrune çıxış edərək qaçqın və məcburi köçkünlərin bugünkü durumundan xəbərdar olduqlarını və bu münaqişənin həll olunmasında tərəflər arasında görüşlərin keçirilməsi və ortaq təmas nöqtəsinin tapılmasının vacibliyini vurğulayıb. Eyni zamanda, səfir xüsusi olaraq qeyd edib ki, münaqişənin həllində yeni bir mərhələyə və konflikti mövcud durumdan daha da irəliyə aparmaq üçün işğal olunmuş rayonlardan olan məcburi köçkünlərin ən qısa zamanda öz torpaqlarına qaytarılması vacib şərtdir.

Görüşdə iştirak edən Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov beynəlxalq qurumları ikili standartlara son qoyaraq, münaqişənin konstruktiv həll olunması və köçkünlərin yaxın zamanda öz doğma yurd-yuvalarına qayıtmasının təmin edilməsinin hər bir azərbaycanlının arzusu və istəyi olmasını dilə gətirib.

Millət vəkili Elman Məmmədov əslən Xocalı şəhərindən olduğunu qeyd edərək bildirib ki, Xocalıda törədilən vəhşiliklərin şəxsən şahidi olub və bu ağrı-acını bu günə qədər nəinki Xocalıdan olan, eləcə də digər soydaşlarımızın hələ də yaşadıqlarını vurğulayıb. Millət vəkili ATƏT səfirlərinin simasında bütün dünya birliyini bu vəhşiliyə, soyqırıma layiqli hüquqi qiymət verməyə çağırıb.

Görüşdə iştirak edən digər üzv ölkələrdən Lüksemburq, Yunanıstan, İsveçrə və Türkiyə səfirləri çıxış edərək, münaqişənin həlli ilə bağlı öz fikir və təkliflərini irəli sürüblər.

Görüş tərəfləri maraqlandıran məsələlər üzrə qarşılıqlı sual və cavablarla sona çatıb.

Həmçinin, görüşdə İcmanın analitik şöbəsinin rəhbəri Elçin Əhmədov və beynəlxalq əlaqələr şöbəsinin gənclərlə iş üzrə eksperti Ayaz Salmanov iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti