Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir E.Mehdiyev/
Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının ildönümü ilə bağlı "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi qərargahında tədbir keçirilib.
İcmadan Trend-ə verilən məlumata görə, əvvəlcə Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib, Vətən uğrunda həlak olmuş insanların xatirəsi yad edilib.
Sonra "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi qərargahında anım mərasimi keçirilib. Tədbirin əvvəlində Dağlıq Qarabağın Azərbaycanın nəzarətində olan Nərgiztəpə ərazisində Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağl sentyabrın 29-da keçirilmiş yürüş-mitinqdən hazırlanmış film nümayiş etdirilib.
Tədbirdə çıxış edən "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Ermənistanın Azərbaycana təcavüzünün tarixindən danışıb və bildirib ki, 1988-1991-ci illərdə Sovet İttifaqının hakim dairələri tərəfindən himayə edilən və mono-etnik dövlət yaratmağa nail olan Ermənistan Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeridib, nəticədə dinc sakinlər qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, talan edilib və yandırılıb.
Nərgiztəpə ərazisində Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağl keçirilmiş yürüş-mitinqdən hazırlanmış filmi yüksək qiymətləndirən icma başçısı Bayram Səfərov bu cür tədbirlərin vətənpərvərlik ruhunun güclənməsində mühüm rol oynayacağını diqqətə çatdırılıb.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Xocavənd rayonunun 1992-ci il oktyabın 2-də Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli və avqustun 20-də Xətai kəndlərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini qeyd edərək bildirib ki, işğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində dinc sakinlər qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, talan edilib və yandırılıb. Hüseynov xatırladıb ki, 4 ay mühasirədə qalan Qaradağlı kəndinə ermənilərin hücumu nəticəsində 77 nəfər şəhid olub, 110 nəfər kənd əhalisi girov götürülüb və sonradan onların 49 nəfəri amansızlıqla qətlə yetirilib. Ümümilikdə isə, münaqişə başlayandan Xocavənd rayonunda 145 nəfər azərbaycanlı ermənilərin törətdiyi vandalizmin qurbanı olub.
Beynəlxalq Mətbuat İnstitutunun idarə heyətinə üzvü Umud Rəhimoğlu çıxış edərək bildirib ki, Ermənistanın yürütdüyü təcavüzkarlıq siyasəti 20 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də dövlətimiz Ermənistana qarşı BMT-nin beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.
Sonda tədbir iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycanın nəzarətində olmayan Dağlıq Qarabağ ərazilərinin və digər yeddi rayonun tezliklə işğaldan azad olunacağına və üçrəngli bayrağımızın həmin torpaqlarda dalğalanacağına əmin olduqlarını bildiriblər.