...

Almaniyanın Frankfurt şəhərində Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2013 12:30 (UTC +04:00)
Ədalət tərəfində olanlar Xocalı soyqırımını tanlmalıdır. Bunu azərbaycanlı deputat Qənirə Paşayeva Almaniyanın Frankfurt şəhərində keçirilən mərasimdə deyib.
Almaniyanın Frankfurt şəhərində Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İ.İzzət/

Ədalət tərəfində olanlar Xocalı soyqırımını tanlmalıdır. Bunu azərbaycanlı deputat Qənirə Paşayeva Almaniyanın Frankfurt şəhərində keçirilən mərasimdə deyib.

Millət vəkili Trend-ə bildirib ki, Frankfutda Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib. Tədbir TG Hessen (Türkische Gemeinde Hessen-Türk Toplumu), Avropa Azərbaycanlıları Konqresi, TAVD təşkilatı tərəfindən Frankfurt Mətbuat Evində təşkil edilib.

Tədbirdə çıxış edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva ermənilərin 21 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini bildirib: "İnsanlığa qarşı bir cinayət olan Xocalı soyqırımını unutmayacağıq və unutdurmayacağıq". Xocalı soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq, Xocalı soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Qənirə Paşayeva bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd edib.

Millət vəkili bildirib ki, ədalət tərəfində olanlar Xocalı soyqırımını tanımalıdırlar. Paşayeva beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilmədiyini, 1 milyon insanın evinə dönə bilmədiyini qeyd edib: "Bu soyqırımı törədənlər ədalət qarşısında hələ də cavab verməyiblər. Hamısı Ermənistandadırlar. O səbəbdən biz Xocalı soyqırımının daha çox tanıdılması, onu törədənlərin ədalət qarşısında cavab vermələri üçün çalışmalarımızı daha da sürətləndirməyi düşünürük. Dünyanın bəzi ölkələri bu soyqırımı tanıyıb. Pakistan, Meksika və Kolumbiyadan sonra, Çexiya parlamentinin bu soyqırımı qınaması ilə bağlı verdiyi açıqlama çox önəmlidir. Xocalı soyqırımı insanlığa qarşı edilmiş bir cinayətdir. Bu soyqırım yalanlarına qarşı mübarizəni birlik və bərabərlik içində aparmalıyıq".

O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir türk insanı Xocalı soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözü qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var - birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.

"Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli, harada doğulub harada yaşamasından asılı olmayaraq, bütün türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq", - millət vəkili əlavə edib.

Tədbirdə Türkiyənin Frankfurtdakı baş konsulu Ufuk Ekici, TAVD başqanı Hakkı Kəskin, Reynland-Pfalts əyalətinin millət vəkili Rahim Şmidt, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür, TG Hessen-in başqanı Erhan Songün çıxış ediblər. Onlar Xocalı soyqırımının beynəlxalq aləm tərəfindən tanıdılması istiqamətində hər bir türk insanının üzərinə düşən vəzifələrdən danışıb, qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə təbliği məqsədilə Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərmələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti