...

Azərbaycanlı hüquqşünas ABŞ-da erməni politoloqa necə cavab verdi?

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Noyabr 2013 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanlı hüquqşünas ABŞ-da fəaliyyət göstərən erməni əsilli politoloq Aram Avetisyana cavab verib.

Trend oxuculara "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin baş koordinatoru, ABŞ-ın Loyola Çikaqo Unversitetinin Qanunun Aliliyi üzrə magistr proqramının tələbəsi Fərhad Nəcəfovun ABŞ-ın "International Policy Digest" ("Beynəlxalq Siyasət İcmalı") jurnalında ingilis dilində işıq üzü görmüş "Ərazi münaqişələri qloballaşan dünyamız üçün nələr vəd edir?!" adlı mövqe yazısını təqdim edir:

"Qərb tamaşaçılarının "Kosmos" verilişinin aparıcısı kimi yaxından tanıdıqları, son dövrlər isə sosial şəbəkələrdə gənc nəsil arasında daha da məşhurluğa qovuşmuş amerikalı mütəfəkkir Karl Saqan öz mühazirələrindən birində "reallıq" haqqında bildirmişdi: "Yer kürəsinə bir balaca yuxarıdan nəzər salsaq, biz dərhal planetimizin onu talan edən sakinlərinin həmlələri qarşısında necə zərif və kövrək olduğunun fərqinə vararıq. Əslində, oradan baxdıqda gözümüzə heç sərhədlər də dəyməyəcək. Planetimizin üzərindəki sərhədlər ora insanlar tərəfindən çəkilib. Əsl reallıq isə Yer kürəsinin özü və onun üzərindəki canlı həyatdan ibarətdir. Lakin orada mövcud olan siyasiləşmə yalnız və yalnız insanların reallıqdan uzaq olan öz ixtiralarıdır". Təbii ki, öz-özümüzlə baş-başa qaldıqda heç birimiz, hətta ən qatı siyasətçilər Saqanın qənaətini mübahisələndirməzlər. Amma nə vaxt ki məsələ ictimailəşməyə meyillənir, o zaman hadisələr müxtəlif çalarlar almağa başlayır.

Çox təəssüf ki, mən də öz növbəmdə, bu çalarların əsiri olaraq oxuculardan Ermənistan Prezidenti Serj Sarkisyanın bu ilin oktyabr ayının 2-də AŞ PA-da etdiyi çıxışına nəzər yetirmələrini xahiş edərdim. Ənənəvi çıxışlar silsiləsindən olan bu təqdimatda Prezident S.Sarkisyan "Dağlıq Qarabağın Avropanın bir parçası olduğu"nu dinləyicilərin diqqətinə çatdırmağı unutmur. Əlbəttə ki, bu tip bəyanatlar efemer olduğundan onlar uzunömürlülükdən məhrumdur. Əgər bu fikir sadə ermənistanlı tərəfindən səsləndirilsəydi, haradasa bu qənaəti sadəlövh və qəbahətsiz düşüncə olaraq qiymətləndirə bilərdik. Məsələ orasındadır ki, bu fikrin siyasi səhihliyə məsuliyyət daşıyan dövlət başçısı tərəfindən səsləndirilməsi insanı təəccübləndirməyə bilmir. Bu mənada, Prezidentin fikri istənilən rakursdan intriqalı və təhlil olunmağa məhkumdur. Bir tərəfdən, Ermənistan dövləti tanınmamış Dağlıq Qarabağ Respublikasının "de-jure" müstəqilliyini tanımır, digər tərəfdən isə həmin dövlətin başçısı tanımadığı "dövlət"in adından çıxış edir. Hətta məsələ o yerə gəlib çatıb ki, Ermənistan dövləti öz vətəndaşlarını Dağlıq Qarabağın ərazisində hərbi xidmət keçməyə göndərir və bu da ki, Ermənistan ictimaiyyəti tərəfindən haqlı narazılıqla qarşılanır. Beləliklə, həmişə olduğu kimi həmin tədbirdə də Prezident S.Sarkisyan öz çıxışını beynəlxalq hüququn prinsiplərindən olan "xalqların öz müqəddəratını təyin etmək hüququ"na toxunmaqla bitirdi.

Haşiyədən bir qədər kənara çıxaraq beynəlxalq hüququn adıçəkilən prinsipinə aydınlıq gətirmək və bu prinsipə çağdaş beynəlxalq konyunkturanın gətirdiyi yenilik barədə qeydlərimi bölüşmək istərdim. İlk əvvəl nəzərə almaq lazımdır ki, istənilən universal beynəlxalq sənəddə "xalqların öz müqəddəratını təyin etmək hüququ"nun (prinsipinin) prerekviziti beynəlxalq hüququn "uti possidetis" prinsipidir. Bu prinsipə ("uti possidetis"ə) görə, "əgər müqavilədə başqa şərt müəyyən edilməyibsə, münaqişələrin nəticəsində əldə olunmuş əmlak, torpaq və s. onun mülkiyyətçisinin sahibliyində qalmalıdır. Bizim misala gəldikdə isə, Ermənistan və Azərbaycan münaqişəsi başlanan zaman iki dövlət arasında torpaqların işğalçıda qalacağı barədə heç bir razılığa imza atılmamışdır. Əsasən, II Dünya müharibəsindən sonra qəbul olunmuş beynəlxalq sənədlərin təhlili göstərir ki, beynəlxalq hüquqa yeni "xalqların öz daxili siyasi statusunu təyin etmək hüququ" ideyası gətirilmişdir. Bu prinsipə əsasən, istənilən ölkənin etnik, irqi və dini azlıqları yaşadıqları ərazidə öz idarəetmə qaydalarını müəyyənləşdirmək hüququna malikdirlər. Lakin bu heç bir halda həmin ölkənin ərazi bütövlüyünü təhdid etməməlidir. Yenilik olan bu prinsip ilk dəfə 1975-cil il Helsinki Yekun Aktının 8 saylı prinsipi çərçivəsində beynəlxalq hüquqi haşiyəyə salınmışdır. Bu prinsipi Dağlıq Qarabağ münaqişəsinə transportasiya etsək, görərik ki, Azərbaycan tərəfi heç vaxt Dağlıq Qarabağın erməni əsilli əhalisinin "öz daxili siyasi statusunu təyin etmək hüququ"nu məhdudlaşdıracağı barədə bəyanatla çıxış etməmişdir. Üstəlik, bu prinsipə hörmət bəsləyərək Dağlıq Qarabağın erməni əsilli əhalisini öz vətəndaşları hesab etməklə onların digər Azərbaycan vətəndaşları ilə bərabər hüquqlara malik olduqlarını dəfələrlə səsləndirmişdir. Bununla bağlı, hər birimiz Azərbaycan Prezidentinin çoxsaylı bəyanatlarının şahidiyik.

Digər bir məqam Azərbaycanın ərazi bütövlüyü məsələsidir ki, həm BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı, həm BMT Baş Assambleyasının 62/243 saylı, həm AŞPA-nın 1416 saylı qətnamələri, həm də Avropa Parlamentinin 23 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə bağlı beynəlxalq ictimaiyyətin qeyd-şərtsiz, vahid qənaəti formalaşmışdır. Sadalanan heç bir sənəddə Dağlıq Qarabağ və ətraf ərazilərin Ermənistana və ya digər bir təsisata aidiyyəti haqqında müddəa mövcud deyildir. Əlavə olaraq ölkəmizin ərazi bütövlüyü məsələsi Ermənistan hökuməti tərəfindən mübahisələndirilmir, əksinə, Prezident S.Sarkisyanın AŞ PA-dakı 2 oktyabr tarixli çıxışından bu sitatın gətirilməsi isə tam yerinə düşərdi: "...biz Azərbaycanın öz ərazi bütövlüyü uğrunda mübarizəsini başa düşürük və Azərbaycanın ərazi bütövlüyünə heç bir iddiamız yoxdur...". Təbii ki, bu bəyanatın konteksti erməni siyasi etnosentristlər tərəfindən öz xeyirləri istiqamətində şərh oluna bilər, lakin heç bir halda bizlər apofeniyaya uğramadan əlimizdə olan faktlardan çıxış etməliyik.

Bu yaxınlarda (25.10.2013) ABŞ mətbuatından Ermənistan və Azərbaycan mətbuat məkanına bir xəbər daxil oldu. Ermənistan mətbuatında həmin məlumatın müəllifinin kimliyinin gizlədilməsinə cəhd edilsə də, həmçinin xəbərin bilərəkdən guya ABŞ-nın məşhur "Foreign Policy" ("Xarici Siyasət") nəşrində dərc olunduğu bildirilsə də, həmin müəllifin tanınmamış "Dağlıq Qarabağ respublikası"nın ABŞ-dakı ofisinin məsləhətçisi, politoloq Aram Avetisyan olduğu bəlli oldu və məqalənin "Foreign Policy"də deyil, adlarının bənzərliyi ilə səhv salınmış "Foreign Policy Journal" nəşrində işıq üzü gördüyü müəyyən olundu. "BMT Nizamnaməsinin 41-ci maddəsinin Azərbaycansayağı şərhi: Ritorika və Faktlar" adlı bu yazıda Qərb oxucularının diqqəti əsasən bu məsələyə cəlb olunur: "Sülhün və etimadın möhkəmləndirilməsi üzrə beynəlxalq təşəbbüslərin Azərbaycan tərəfindən rədd edilməsi problemin həllinin qarşısında duran ən əsas şərtdir." Beləliklə, zərərçəkmiş tərəfin, bizim misalda Azərbaycanın "beynəlxalq təşəbbüsləri rədd etməsi" ittihamı zənnimizcə, hədəfsiz iddiadır. Ümumiyyətlə, məqalədə "beynəlxalq təşəbbüslər" deyildikdə nəyin nəzərdə tutulduğu əsaslandırılmır. Əslində, problemin həllinin əsas şərti beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş və yuxarıda adları çəkilən beynəlxalq sənədlərin müddəalarının adresat tərəfindən icra olunmasıdır ki, yalnız bundan sonra Azərbaycan sülhün və etimadın möhkəmləndirilməsi sahəsindəki "fəaliyyətsizlikdə" ittiham oluna bilər.

Sonda, bu cür bəyanatların bizləri hara apardığı sualı qarşısında düşünmək yerinə düşərdi. Məgər bu gün dünyamız separatizmi idarəetmənin yeganə çıxış yolu kimi görürmü?! Bəlkə də utopik səslənə bilər, lakin nəyə görə gələcəyə qloballaşmanın təkamülü ilə addımlamayaq?! Bu istiqamətdə bəşəriyyətin xilas yolu kollektiv fəaliyyətdir. Bugünkü dünyamızda bu cür vahidləşmə prosesinin adı qloballaşmadır. Bunun üçün isə hər bir şəxs, ələlxüsus, siyasətçilər qlobal dəyərləri inkar edən və separatçılığa meyl edən düşüncə tərzindən uzaq durmalıdırlar".

Məqalənin əsli ilə burada tanış olmaq mümkündür: http://www.internationalpolicydigest.org/2013/11/11/examining-armenian-azerbaijani-territorial-relations-self-determination/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti