Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir E.Mehdiyev/
Böyük Britaniyanın Dağlıq Qarabağ tənzimləməsində yenilikçi aktivliyi və praktikliyi diqqət çəkir. Böyük Britaniya parlamentində ermənipərəstlər Dağlıq Qarabağ tənzimlənməsi üzrə müzakirə keçirdilər, müzakirədə böyük Britaniya xarici işlər nazirliyinin əməkdaşı da iştirak etdi. Bu müzakirədə açıqlanan ən vacib məqam ondan ibarət idi ki, Böyük Britaniya Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqun qurulması üçün hər iki tərəfə 1,5 milyon funt sterlinq vəsait ayırıb. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə axşamı keçirdiyi mətbuat konfransında deyib.
Politoloq bildirib ki, Xarici İşlər Nazirliyinin əməkdaşının parlamentarilər qarşısındakı çıxışı Böyük Britaniyanın Dağlıq Qarabağ tənzimlənməsinə yanaşmasının Avropada kök salmış yanaşmadan fərqli olduğunu üzə çıxardı: "Az keçmiş Böyük Britaniya parlamentariləri Ermənistana səfər etdilər. Prezident Serj Sarkisyanın təkidli xahişinə baxmayaraq, onlar Dağlıq Qarabağa səfər etmədilər və onun təmsilçisi A.Qulyanla Yerevanda görüşdülər. Böyük Britaniyanın Azərbaycandakı səfiri İ.Siddiq aktivdir və Dağlıq Qarabağ tənzimlənməsi üzrə ümumi deyil, konkret məzmunlu bəyanatlar verir. Böyük Britaniyanın Xarici məsələlər ofisinin Cənubi Qafqazda münaqişələr üzrə müşaviri Dr. Kristofer Joysun Bakıda Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşünü təşkil etdi. Hər 2 britaniyalı diplomatın fikrincə, Dağlıq Qarabağın azərbaycanlı icmasının dinc tənzimləmə prosesindən kənarda qalması əks-effektlidir. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq qurulmalıdır. İ.Siddiqin "Dağlıq Qarabağın statusu referendumla həllini tapmalıdır" formulu da bu kontekstdən daha asan başa düşülür. Əvvəla, Dağlıq Qarabağın statusunun referendum və ya ictimai səsvermə yolu ilə müəyyənləşdirilməsi Yenilənmiş Madrid Prinsiplərinin 6 maddəsindən biridir. İkincisi, əgər referendumda Dağlıq Qarabağın həm erməni, həm də azərbaycanlı icması iştirak edəcəksə və qərar konsensusla qəbul ediləcəksə bu indiki şəraitdə Azərbaycanın xeyrinədir; ermənilər 1991-ci il referendumundan imtina etməli olacaqlar. Ermənilər anlayacaqlar ki, onların 1987-ci ildən tutduqları yol səhvdir. İndi yeni yolu Dağlıq Qarabağ azərbaycanlılarının iştirakı ilə yenidən qurmalıdır".
M.Əhmədoğlu bildirib ki, Böyük Britaniyanın Ermənistanda iqtisadi maraqları formalaşır. Azərbaycanda Böyük Britaniyanın iqtisadi maraqlarının mövcudluğu, miqdarı və müdafiəsi şübhə yaratmır: "Böyük Britaniya Ermənistandakı iqtisadi marağını qorumalıdır. Şahzadə Çarlzın aldığı "Amulsar" qızıl yatağının təhlükəsizliyi Azərbaycandan çox asılıdır. Bütün bunlar Böyük Britaniyanı Dağlıq Qarabağ tənzimlənməsində şablon yollardan, Avropada bu tənzimlənmə ilə bağlı formalaşmış stereotiplərdən imtina etməyə, daha cəsarətli və konkret olmağa vadar edir. Belə konkretlik ATƏT MQ həmsədrlərində də müşahidə olunmadı. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqunu qurmaqla statusun müəyyənləşməsinə və beləliklə də hamının mürəkkəb hesab etdiyi, amma həlli çox sadə olan münaqişənin tənzimlənməsinə nail ola bilər".