Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupunun həmsədrini açıqlama verərkən ehtiyatlı olmağa çağırıb.
Trend-in məlumatına görə, Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev şəxsi "Facebook" səhifəsində ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamasına münasibət bildirib.
E.Abdullayev deyib ki, Rusiya, Fransa ilə yanaşı, ABŞ-ın da vəzifəsi Azərbaycan və Ermənistan arasında münaqişəsin həllinə dair vasitəçilik missiyasını həyata keçirməkdir: "Bu gün rəsmi Bakı ilə rəsmi Yerevan arasında Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair danışıqlarda vasitəçilik edən həmsədr ölkələrin vəzifəsi ədalətin bərpasına nail olmaqdır. Ədalətin bərpası Ermənistanın hələ də hörmətsizlik etməkdə davam etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyə məcbur olunmasıdır. Həmsədr ölkələrin mesajı məhz bu olmalıdır. Münaqişənin həlli prosesinin həssas dönəm yaşadığını nəzərə alaraq, Ceyms Uorlik münaqişənin həlli ilə bağlı mesaj verərkən ehtiyatlı olmalıdır. Axı söhbət beynəlxalq hüququn pozulmasından və Azərbaycan xalqının üzləşdiyi humanitar faciədən gedir".
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceym Uorlik öz "Twitter" səhifəsində münaqişənin Dağlıq Qarabağ və Azərbaycan arasında olduğunu yazıb.