...

Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 May 2014 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir S.Əhmədova/

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik mayın 16-19-da regiona səfərləri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edilblər. Trend-in məlumatına görə, bu barədə həmsədrlərin səfərin yekununa dair bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, həmsədrlərə ATƏT-in Minsk qrupunun Fransa tərəfindən yeni təyin edilmiş həmsədri Pyer Andryu da qoşulub.

Həmsədrlərin səfərinin əsas məqsədi mandatlarına uyğun olaraq, Dağlıq Qarabağda, Kəlbəcər və Laçın rayonlarındakı vəziyyətlə tanış olmaq olub.

Həmsədrlər Sərsəng su anbarına baş çəkərək sözügedən su anbarının statusunu və fəaliyyətini müzakirə ediblər. Həmsədrlər regionun xeyri üçün tərəflərin bu su resursundan birgə istifadə ilə bağlı razılığa gələcəyinə ümid etdiklərini bildiriblər.

Bəyanatda deyilir ki, mayın 19-da həmsədrlər Tərtər yaxınlığında təmas xəttini keçiblər. Minsk qrupunun həmsədrləri atəşkəsin davamlı pozulması və itkilərin olmasından təəssüfləndiklərini bildiriblər.

Səfər çərçivəsində həmsədrlər, həmçinin Yerevanda və Bakıda yüksək vəzifəli rəsmilərlə və separatçı Dağlıq Qarabağ rejiminin nümayəndələri ilə, eləcə də Bakıda Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə görüşüblər.

Görüşlərdə sülh prosesinin elementləri müzakirə olunub və vurğulanıb ki, 2009-cu ildən 2013-cü ilədək həmsədr ölkələrin prezidentlərinin bəyanatlarında qeyd olunan bu elementlər münaqişənin davamlı həlli üçün əsas olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti