Azərbaycan, Bakı, 8 avqust /Trend/
Seymur Əliyev, Trend-in Rus xəbərlər xidmətinin rəhbəri
Son vaxtlar dünya kütləvi informasiya vasitələrində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni tərəfinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində çoxlu insan tələfatına gətirib çıxaran gərginliyi artırmasına dair çoxlu sayda materiallar dərc olunur.
KİV-də istənilən hərbi münaqişənin işıqlandırılması jurnalistikanın daha çətin və məsuliyyətli vəzifəsi hesab edilir, çünki bu mövzu münaqişənin hər iki tərəfi üçün yetərincə həssasdır.
Ona görə də nüfuzlu beynəlxalq KİV dərc etdiyi məqalələrdə Azərbaycan ərazilərinin işğalına gətirib çıxaran Dağlıq Qarabağ münaqişəsinin hüquqi tərəfinə diqqətsizlik göstərəndə vəziyyət təəccüb doğurur. Xüsusən də bu gün bu münaqişə nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkün öz evlərinə, öz tarixi yurd-yuvalarına və ulu babalarının uyuduğu torpaqlara qayıtmağı gözləyirlər.
Həmçinin bir sıra beynəlxalq kütləvi informasiya vasitələrində Dağlıq Qarabağ haqqında məqalə yazan müəlliflər "anklav" terminindən istifadə edirlər. Buna "Reuters" və "BBC" kimi nüfuzlu informasiya agentliklərində dərc olunan son materialları nümunə göstərmək olar.
Yeri gəlmişkən, beynəlxalq hüquqda bildirilir ki, anklav ölkənin tamamilə başqa dövlətin ərazisi ilə əhatə olunan istənilən hissəsidir.
Ola bilsin ki, göstərilən KİV belə hüquqi səhvlərə əhəmiyyət vermir, amma Dağlıq Qarabağla bağlı bu, yolverilməzdir. Belə ki, bu gün məhz bu problem regionda ən həssas məsələdir və belə səhvlər regionda vəziyyəti gərginləşdirir.
Əgər beynəlxalq KİV öz fəaliyyətlərində obyektivliyi və qərəzsizliyi əsas götürürlərsə, onda onlar nüfuzlu beynəlxalq təşkilatların qətnamələrinə əsaslanmalıdırlar. Onlardan ən nüfuzlusu olan BMT-nin dörd qətnaməsi aydın və birmənalı olaraq Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və onun azad olunmasını tələb edir.
Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib: "Dağlıq Qarabağı "anklav" adlandırmaq kökündən yanlışdır. Bu hərəkətlər təxribat xarakteri daşıyır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu daim Azərbaycanın ayrılmaz hissəsi olub".
Onun sözlərinə görə, bu məsələni yalnız üç müstəvidə təhlil etmək olar: tarixi, coğrafi və siyasi.
Abdullayev bildirib: "Tarixi azərbaycanlılar Dağlıq Qarabağ regionunun əhalisinin əksəriyyətini təşkil ediblər. Rusiya imperiyası və Sovet İttifaqı dövründə Dağlıq Qarabağla bağlı siyasi xarakterli qərarlar verildi, böyük sayda erməni balans pozğunluğu yaratmaq üçün bu regiona köçürüldülər. Coğrafi nöqteyi-nəzərdən Dağlıq Qarabağ həmişə Azərbaycanın tərkibində olub. Məsələnin siyasi tərəfinə gəldikdə, beynəlxalq birlik Azərbaycanı Dağlıq Qarabağ regionu ilə birlikdə tanıyıb. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir".
XİN rəsmisi hesab edir ki, Dağlıq Qarabağ barəsində "anklav" terminini Azərbaycana və ümumilikdə beynəlxalq hüquqa qarşı köklənmiş qüvvələr istifadə edirlər: "Dağlıq Qarabağı "anklav" adlandırmaq cəfəngiyyatdır".
Abdullayevin fikrincə, bu regionu "anklav" adlandıranların beynəlxalq hüquqdan başları çıxmır və terminlərlə manipulyasiya edirlər.
ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, millət vəkili Azay Quliyev qeyd edir ki, anklav bir ölkənin ərazisinin başqa ölkələr tərəfindən əhatə olunmuş hissəsinə deyilir. Dağlıq Qarabağın da heç bir halda başqa bir ölkə, xüsusilə Ermənistan ilə bilavasitə sərhədi yoxdur: "Dağlıq Qarabağ Azərbaycanın torpaqları içərisində olan bir bölgədir və bu, heç bir halda anklav statusuna uyğun deyil. Deməli, "BBC" və "Reuters" bilərəkdən belə bir ictimai rəyi çaşdırmağa yönələn məlumat veriblər. Mən hesab edirəm ki, bu həssas bir vaxtda belə məlumatın verilməsi ən yaxşı halda ictimai rəyi çaşdırmaq, ən pis halda isə təxribat törətməkdən ibarətdir".
Deputat hesab etmir ki, "BBC" və "Reuters" kimi tanınmış beynəlxalq media qurumları Dağlıq Qarabağ haqqında tam məlumata malik deyillər.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 25 ilə yaxındır ki, mövcuddur və bu müddət ərzində ən sadə, ən təcrübəsuz kütləvi informasiya vasitəsi də Dağlıq Qarabağın hüquqi statusu, mövcud vəziyyəti və Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddiası haqqında dolğun məlumata malikdir.
Quliyev qeyd edib ki, ona görə də bu gün "BBC" və "Reuters"in Dağlıq Qarabağı "anklav" kimi verməsi məlumatsızlıqdan xəbər vermir, tam tərsinə, bilərəkdən, şüurlu şəkildə beynəlxalq ictimaiyyəti çaşdırmağa yönələn cəhd kimi qiymətləndirilməlidir.
Deputatın sözlərinə görə, heç şübhəsiz ki, bu məlumatın ötürülməsində erməni lobbisinin, erməni qüvvələrinin əli var: "Bu gün beynəlxalq qurumlarda erməni lobbisinin nümayəndələri çoxluq təşkil edir və görünür, bu həssas məqamda və Ermənistanın Azərbaycana qarşı etdiyi növbəti həmlə zamanı, atəşkəsin pozulduğu və Ermənistanın təxribatlar törətdiyi bir zaman "BBC" və "Reuters" belə bir məlumatı verməklə ermənilər tərəfindən başlanılan informasiya müharibəsinə öz dəstəyini göstərir. Bu, Azərbaycana qarşı aparılan informasiya müharibəsinin tərkib hissəsidir və mən hesab edirəm ki, buna adekvat cavab verilməlidir. Necə ki, cəbhədə başlanılmış təxribatlara adekvat cavab verilir, hesab edirəm ki, informasiya sahəsində də bizə qarşı aparılan müharibəyə biz adekvat, sərrast və sərt cavabımızı verməliyik".