Azərbaycan, Bakı, 12 sentyabr /Trend/
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanan "Şərq Tərəfdaşlığı ölkələrində qadın hüquqları: Azərbaycan misalı" adlı hesabatın Brusseldə, Avropa Parlamentində keçirilən təqdimatından sonra sentyabrın 11-də Fransa Senatında da geniş təqdimatı olub.
Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fransalı senator Eymeri de Monteskyenin sədrliyi ilə keçirilən təqdimatda Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili Məlahət İbrahimqızı, Azərbaycanının Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov, Fransa senatoru Elen Konvey-Mure, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rəna Mirzəzadə, Qadın Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Liqanın prezidenti Anni Süjye, Fransada qadın hüquqlarının qorunmasında ixtisaslaşan QHT-lər, araşdırmaçılar və jurnalistlər iştirak ediblər.
Tədbiri açan fransalı senator E.Monteskye Azərbaycanda qadın hüquqlarından və onların müdafiəsi üçün qanunvericilikdə görülən işlərdən danışıb. Dəfələrlə Azərbaycanda olduğunu deyən senator ölkəmizdə qadın hüquqlarının necə nəzərə alındığının şəxsən şahidi olduğunu dilə gətirib. Bütün dünyada qadınların maariflənməsinin və təhsil almasının vacibliyini deyən senator Azərbaycanın bu sahədə nailiyyətlər qazandığını vurğulayıb.
Qadın Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Liqanın prezidenti xanım A.Süjye Azərbaycanda qadın hüquqları ilə bağlı hesabatın hazırlanmasının səbəbindən danışaraq deyib: "Bu hesabatı hazırlamaq ideyası 2 səbəbdən yarandı. Əhalinin əksəriyyətinin müsəlman olduğu ölkənin dünyəvi olması və qadın hüquqlarına Azərbaycanda xüsusi önəm verilməsidir. Tez-tez iqtisadiyyatdan, insan hüquqlarından və demokratiyadan danışılarkən qadın hüquqları unudulur. Qadın və kişi arasında bərabərlik olmadan demokratiya və insan hüquqlarından söhbət gedə bilməz. Müasir ölkə olmaq üçün bu vacib şərtdir. Azərbaycan da bu baxımdan bir çox ölkələrə model ola bilər".
Tədbirdə çıxış edən Şura sədri A.Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə iştirakçıları tanış edib. Ölkəmizin sürətlə inkişaf edən iqtisadiyyatı haqqında danışan millət vəkili Azərbaycanın siyasi, iqtisadi, mədəni, sosial və digər sahələrdə əldə etdiyi böyük nailiyyətlərdən danışıb. Cənubi Qafqazda istehsal olunan ÜDM-in 80%-nin Azərbaycanın payına düşdüyünü deyən A.Quliyev ölkədə işsizlik səviyyəsinin 5.2%, yoxsulluğun isə 49 %-dən 5.6%-ə endiyini qeyd edib.
Azərbaycan-Fransa əlaqələri haqqında danışan A.Quliyev bildirib ki, iki ölkə arasında əməkdaşlıq münasibətləri uğurla inkişaf edir. Şura sədri Strasburqda Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Strasburq Kafedral kilsəsində aparılan bərpa işlərini, Parisin Luvr muzeyində İslam incəsənəti departamentinin yaradılmasına Azərbaycanın verdiyi töhfəni və Bakıda Fransa məktəbinin inşasını misal çəkərək ölkələrimiz arasında əməkdaşlığın uğurla davam etdiyini deyib.
Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Quliyev Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həllində böyük məsuliyyət daşıdığını və münaqişənin 20-ildən çox davam etməsinin region üçün ciddi təhlükə yaratdığını qeyd edib. Şura sədri BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tezliklə icra edilməsi üçün həmin Şuranın daimi üzvü olan Fransanı daha çox səy göstərməyə çağırıb.
Sonda A.Quliyev Fransa Milli Assambleyasının və Senatının 13-dən çox üzvünün Dağlıq Qarabağa qanunsuz səfər etmələrinin Azərbaycanda ciddi narahatlıq yaratdığını və bunun yolverilməz olduğunu bildirib. Millət vəkili 3 gün öncə ATƏT PA-dakı həmkarı, qurumun vitse-prezidenti fransalı senator Alen Nerinin Dağlıq Qarabağa qanunsuz səfərindən çox üzüldüyünü və onun Azərbaycanın "qara siyahısı"na salınacağını bildirib.
Daha sonra hesabatın müəlliflərindən biri, ərəb ölkələrində qadın hüquqlarının müdafiəsi və təbliğinə dəstək verən fransalı ekspert Patrisia Lalond hesabat haqqında tədbir iştirakçılarına məlumat verib. Bu ilin əvvəlində Qəbələdəki qadınlar üçün dəstək mərkəzinə səfərindən danışan xanım P.Lalond bu cür mərkəzlərin gələcəkdə Azərbaycanın digər rayonlarında da açılmasının vacibliyini bildirib.
Xanım P.Lalond Azərbaycanda olarkən erkən nikahlara və qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində görülən işlərin şahidi olduğunu deyib. "Təmiz Dünya" QHT-də və Bakıda qadınlar üçün sığınacaqda keçirdiyi görüşlərdən danışan tədqiqatçı Azərbaycanda bu sahədəki qadın QHT-lərinin fəal iştirak etdiyini vurğulayıb. "Təmiz Dünya" QHT-nin Lənkəranda erkən və məcburi nikahların qarşısını almaq məqsədi ilə ailələrdə apardığı maarifləndirmə tədbirlərindən söz açan P.Lalond bildirib ki, bu cür layihələrin icrası mühüm əhəmiyyət kəsb edir.
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri H.Hüseynova çıxış edərək Azərbaycan Prezidentinin 1998-ci ildə "Azərbaycanda qadınların rolunun artırılması haqqında" və 2000-ci ildə "Azərbaycanda qadın siyasətinin həyata keçirilməsi" barədə imzaladığı sərəncamlar nəticəsində qadın hüquqlarının təbliği və müdafiəsi ilə məşğul olan qurumun yaradıldığını diqqətə çatdırıb. O, Azərbaycanın beynəlxalq konvensiya və sənədləri ratifikasiya etdiyini, beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin üzərinə götürdüyü öhdəliklərin gender bərabərliyinə nail olunmasında da kömək olduğunu deyib.
Azərbaycan Prezidentinin qadın problemlərinin həlli üçün göstərdiyi qayğıdan, son illərdə Azərbaycanda artan qadın sahibkarlığından, Mehriban xanım Əliyevanın dəstəyi ilə məişət zorakılığına qarşı, nikah yaşının 18-ə qaldırılması ilə bağlı qəbul olunan qanunlardan danışan H.Hüseynova bu istiqamətdə həyata keçirilən dövlət proqramlarını, qadınların bələdiyyələrdə, parlamentdə sayının artdığını diqqətə çatdırıb. O, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının Milli Fəaliyyət Proqramı, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı", Məişət Zorakılığı ilə Mübarizə Strategiyası kimi proqramların qadın hüquqlarının müdafiəsi və təbliği məqsədi daşıdığını qeyd edib.
Müzakirələrdə iştirak edən millət vəkili M.İbrahimqızı qaçqın və məcburi köçkün düşmüş qadınların keçirdiyi mənəvi və maddi məhrumiyyətlərdən danışıb və təklif edib ki, onların vəziyyəti ilə əlaqədar gələcəkdə ayrıca bir hesabat hazırlansın.
Tədbirin sonunda iştirakçıların çoxsaylı suallarına aydınlıq gətirilib və bu dialoqun gələcəkdə davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.