...

Ermənistanı kim humanist edə bilər?

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Mart 2015 21:45 (UTC +04:00)

Azərbaycan xəbərlər xidməti
Məftun Salmanov - Trend:

Ermənistan və humanizm deyəndə təzad yaranır. Ölkənin rəhbərliyi bu keyfiyyətdən məhrumdur. Bəs, görəsən, rəsmi Yerevana yad olan bu xüsusiyyəti necə aşılamaq olar?

Ermənistanın "humanizm" üzünü Azərbaycandan daha yaxşı tanıyan yoxdur. Dağlıq Qarabağ münaqişəsi dövründə əsir düşmüş azərbaycanlıların başına gətirilənlər, Mübariz İbrahimovun cəsədi üzərində "şoular" bu ölkənin əsl "humanizm" simasıdır.

Ermənistan növbəti dəfə humanizm prinsiplərini "çeynədi". Belə ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov adlı iki azərbaycanlı bu ölkənin xüsusi təyinatlaları tərəfindən girov götürüldü və sonra onların üzərində qondarma "məhkəmə" keçirildi.

Hərçənd Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2010-cu il tarixli Həştərxan bəyanatına əsasən, münaqişə tərəfləri girovların götürülməsi halında onların mübadiləsini aparmağa, ölüm zamanı isə cəsədlərin qarşılıqlı təhvil verilməsinə imkan verən mexanizm yaratmağı öhdələrinə götürüblər.

Ermənistanın yuxarı eşelonunda mövcud olmayan humanizmi kənardan aşılamaq cəhdləri oldu. ABŞ, Avropa İttifaqı, eləcə də Bakı rəsmi Yerevanı humanizm prinsiplərinə riayət edərək girovları Azərbaycana qaytarmağa çağırdı.

Yerevan BMT-nin Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı qətnamələri kimi, bütün bu çağırışları da qulaqardına vurdu. Üstəlik, ABŞ-in çağırışlarına cavab olaraq, bu ölkənin demokratiyaya "önəm" verdiyini nəzərə alaraq girovlar üzərində "demokartik və şəffaf məhkəmə" keçirdiyini bəyan etdi.

Həmin "məhkəmə"ni mətbuatdan izləyənlər şahid oldu ki, bu, XXI əsrin deyil, orta əsrləri xatırladan "məhkəmə" prosesi idi. Girovların əli qandallı, gözü bağlı məhkəmə salonuna gətirilib aparılması, həmin dövrün cəlladlarını xatırladan qara maskalıların onları müşayiət etməsi feodalizm qalıqlarını yada salırdı.

Üstəlik, separatçı rejimin girovlardan birini Ramil Səfərov qarşılığında dəyişdirməyə hazır olduğunu açıqlaması bu məsələdən həm də Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadəyə cəhd edildiyini göstərdi.

Azərbaycanlı girovların simasından oxumaq olardı ki, onlar işgəncələrə məruz qalıblar. Quliyev və Əsgərovun xeyli çəki itirməsi də onlara qarşı "humanist" davranıldığını sübut edir. Halbuki Ermənistana qaytarılmış Gevorkyan ailəsi Bakıda tamam başqa davranışla qarşılaşdı. Girovlarımızdan fərqli olaraq, erməni ailənin üzvləri yeyib-içməkdən çəkilərini artırmışdılar.

Kənardan Ermənistanı humanist etmək cəhdləri hələ öz bəhrəsini verməyib. Rəsmi Yerevana nəyisə başa salacaq yeganə ölkə kimi Rusiya görünür. Dilqəm Əsgərov Rusiya vətəndaşı olsa da, rəsmi Moskva bu məsələdə aktivliyi ilə seçilmir.

Düzdür, Moskva bu məsələyə əl qoysa, Yerevan girovları qaytaracaq. Lakin Moskva Ermənistanı müvəqqəti humanist edə bilər. Əsl məsələ Ermənistan rəhbərliyinə humanizm prinsiplərini birdəfəlik aşılamaqdır. Bunun üçün bu ölkənin rəhbər şəxslərinin düşüncə tərzini dəyişmək lazımdır ki, bu da olduqca çətin, hətta qeyri-mümkün görünür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti