...

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində keyfiyyətcə yeni aktivliyin müəllifi ABŞ-dır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyul 2015 12:20 (UTC +04:00)
Amerikalı həmsədr C.Uorlik rusiyalı və fransalı həmsədrləri ABŞ-a dəvət etdi. Onların ABŞ Dövlət Departamentində, Pentaqonda və kəşfiyyat strukturlarında yüksək səviyyəli görüşlərini təşkil etdi. Bu həmsədrlik institutu yaranandan bəri ilk belə hadisədir.
Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində keyfiyyətcə yeni aktivliyin müəllifi ABŞ-dır

Azərbaycan, Bakı, 22 iyul /Trend/

"Amerikalı həmsədr C.Uorlik rusiyalı və fransalı həmsədrləri ABŞ-a dəvət etdi. Onların ABŞ Dövlət Departamentində, Pentaqonda və kəşfiyyat strukturlarında yüksək səviyyəli görüşlərini təşkil etdi. Bu həmsədrlik institutu yaranandan bəri ilk belə hadisədir. Uorlikin məqsədi rusiyalı və fransalı həmkarlarını ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki mövqeyi ilə daha yaxından tanış etmək idi".

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

M.Əhmədoğlu qeyd edib ki, Uorlikin bu addımından əvvəl ABŞ Dövlət Departamenti "2014-cü ildə dünyada insan hüquqlarının vəziyyətinə dair" ənənəvi illik hesabatını yaymışdı: "Bu hesabatın Ermənistan və Azərbaycan bölmələrində Dağlıq Qarabağ münaqişəsinə dair eyni məzmunlu mətn yerləşdirilmişdi - Azərbaycanın Dağlıq Qarabağ və digər yeddi rayonu Ermənistanın dəstək verdiyi separatçıların nəzarəti altındadır".

Politoloq bildirib ki, ABŞ Dövlət katibi müavinin yardımçısı E.Rubin də son ilyarımda ilk dəfə Dağlıq Qarabağ məsələsinə münasibət bildirdi: "Uorlik ABŞ-da təşkil etdiyi görüşdən sonra özü Moskvaya yollandı. Rusiya Xarici İşlər Nazirinin müavini Q.Karasin və nazir S.Lavrovla görüşlər keçirdi. Moskvada olarkən "Vedomosti" qəzetinə müsahibə verdi. Qısa zaman kəsiyi ərzində həmsədrlərin hərəkətlərinin belə çoxluğu da ilk dəfədir. Amma aktivlik təkcə hərəkətlərin çoxluğunda deyil, məzmunda da dəyişiklik var. Uorlik "Vedomosti" qəzetinə müsahibəsində "işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır" ifadəsini işlətdi. Həmsədrlik institutu dövründə Uorlik qədər açıq ermənipərəst mövqedə dayanan digər həmsədr olmayıb. Uorlik ABŞ diplomatları içərisində xüsusi ermənipərəstliyi ilə seçilən qrupdadır. Uorlik 2014-cü ilin mayında ortalığa qoyulmuş "Amerikan variantının" müəllifidir. "Amerikan variantı" Yenilənmiş Madrid Prinsiplərinin saxtalaşdırılmış, erməniləşdirilmiş variantıdır. Yenilənmiş Madrid Prinsiplərində birinci maddədə Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması nəzərdə tutulub. Uorlikin müəllifi olduğu "Amerikan variantında" isə əvvəlcə Dağlıq Qarabağ ermənilərinə status verilməsi, sonra isə Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması nəzərdə tutulur. 1 il iki aydan sonra Uorlik "işğal olunmuş ərazilər" terminini işlədir".

Mərkəz rəhbəri sonra vurğulayıb ki, Uorlikin adı çəkilən müsahibədəki digər fikirləri də diqqəti çəkir: "Uorlik ermənilərə mesaj verir ki, Yenilənmiş Madrid Prinsiplərinin müəllifi Rusiya tərəfidir. Daha dəqiq, Rusiyanın eks-prezidenti D.Medvedevdir. Uorlik ermənilərə sətiraltı başa salır ki, Ermənistanın və Azərbaycanın silahlanması Ermənistanın xeyrinə deyil. Danışıqları tormozlayan tərəf də Uorlikə görə Ermənistandır. Yerevanda olarkən amerikalı həmsədr Ceyms Uorlik bir az da irəli getdi. Xüsusi qaydada - yalnız televiziyaların iştirakı ilə mətbuat konfransı təşkil etdi. ABŞ-da başa düşürlər ki, Ermənistan ictimai-siyasi mühiti və mətbuatı Qarabağ məsələsində obyektiv, həqiqi informasiya çatdırmaq imkanında deyil. "Vedomosti" qəzetinə verdiyi müsahibədə dediyi kimi, "işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır"- fikrini bir daha təkrarladı. Amma Uorlik bir az da irəli gedərək Dağlıq Qarabağın statusunun müəyyən olunması ilə bağlı həlledici fikir söylədi: Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağın əhalisi müəyyən etməlidir. Dağlıq Qarabağın əhalisi dedikdə, Dağlıq Qarabağda vaxtı ilə yaşamış azərbaycanlılarla indi yaşayan ermənilərin birgə məcmuusu nəzərdə tutulub".

M.Əhmədoğlu qeyd edib ki, Dağlıq Qarabağın statusunun Dağlıq Qarabağın azərbaycanlıları və ermənilərinin birgə iştirakı ilə həll olunması mövzusu S.Sərkisyana və E.Nalbandyana yaxşı tanışdır: "Bu vaxta qədər ATƏT-in MQ həmsədrləri ermənipərəstlikdən istifadə edərək, bu mövzunun üstündən yan keçə bilirdilər. Hər halda Uorlikin aktivliyi ABŞ hökumətinin siyasətidir. ABŞ hökumətinin Dağlıq Qarabağ məsələsində dəyişən siyasəti Qərbin digər strukturları tərəfindən də dəstəklənir. Məhz həmin ərəfədə Ermənistanda olan Avropa İttifaqının sədri Donald Tusk da S.Sərkisyanla birgə keçirdiyi mətbuat konfransında S.Sərkisyanın Dağlıq Qarabağ mövzusunda sayıqlamalarına etirazını bildirdi. Belə ritorikadan istifadə etməməyi S.Sərkisyana məsləhət bildi. Qərb Ermənistanın Dağlıq Qarabağ məsələsindəki yalanlarının qarşısında dözmək fikrində olmadığını nümayiş etdirdi. Amerikalı həmsədr Ceyms Uorlik əgər iki il bundan qabaq indiki fikirləri səsləndirsəydi, Yenilənmiş Madrid prinsiplərinin altı maddəsinə bu qayda da təfsir versəydi, Dağlıq Qarabağ tənzimlənməsində ciddi irəliləyiş əldə etmiş olardıq. Amma hələ də Uorlik bəzi məsələləri sonadək aydınlaşdırmadı. Yəqin bu yaxınlarda Uorlik aydınlaşdırmadığı məsələlərin bir daha yenidən izahını verəcək".

Mərkəz rəhbəri hesab edir ki, Uorlikin məzmunda yaratdığı bu keyfiyyət dəyişikliyi yaxın zamanlarda daha əlavə dəyişikliklərin bünövrəsini qoya bilər: "Uorlikin son açıqlamalarına Ermənistan Xarici İşlər Nazirliyi reaksiya verdi. Bu həmsədrlərin tənzimləmə barədə ümumi fikridir. Ermənistan mətbuatı Uorlikin son aktivliyində ermənilər üçün optimal süjet qurmağa çalışsalar da, sonda açıq terminlərin qarşısında susmağa məcbur oldular. Hər halda son vaxtlar Ermənistanda Rusiyadan kəskin narazı idilər. Bu narazılığın fonunda ermənilərin diqqəti ABŞ-a yönəlmişdi. Regional məsələlərdə, xüsusi ilə Dağlıq Qarabağ tənzimlənməsində ümidlərini ABŞ-a bağlamışdılar. İki il yarım Uorlik ermənilərdə əməlli başlı eyforiya yarada bilmişdi. İndi Uorlik də ermənilərdən üz çevirir. Hər halda ermənilərin başa düşəni üçün mürəkkəb vəziyyət yaranıb. Sadəcə, Ermənistanda belələri çox azdır. Ermənistan mətbuatının bir qismi Uorlikin "Vedomosti" qəzetinə verdiyi müsahibəni təkrar dərc edərkən "işğal olunmuş ərazilər" terminini çıxarmışdı. Amma müsahibəni olduğu kimi, yəni "işğal olunmuş ərazilər" terminini işlətməklə dərc edən mətbu orqanları var idi. Dünya siyasətinin trendi dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərini dəstəkləmək istiqamətindədir. Bu iki prinsip barədə mötəbər sammitlərdə sənədlər qəbul edilib. Amma "Millətlərin öz müqəddəratını təyin etmə" prinsipi barədə heç yerdə heç bir sənəd qəbul edilməyib. Ermənilərin başa düşənlərinin sayının artması çox arzu olunandır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti