...

Elmar Məmmədyarov: Ermənistan sərhəd boyunca vəziyyəti gərginləşdirməklə danışıqlar prosesinə xələl gətirmək məqsədi güdür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Sentyabr 2015 14:33 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində ATƏT Minsk Qrupunun həmsədrləri (Amerika Birləşmiş Ştatlarından Ceyms Uorlik, Rusiya Federasiyasından İqor Popov, Fransadan Pier Andryu) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrej Kaspişikin iştirakı ilə Ermənistanın xarici işlər naziri Eduard Nalbəndyan ilə görüşüb.
Elmar Məmmədyarov: Ermənistan sərhəd boyunca vəziyyəti gərginləşdirməklə danışıqlar prosesinə xələl gətirmək məqsədi güdür

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir Səba Ağayeva/

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində ATƏT Minsk Qrupunun həmsədrləri (Amerika Birləşmiş Ştatlarından Ceyms Uorlik, Rusiya Federasiyasından İqor Popov, Fransadan Pier Andryu) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə görüşüb. Bu barədə Trend-ə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Nazir Elmar Məmmədyarov tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar Azərbaycanın mövqeyi qəti şəkildə bir daha vurğulanıb. Ermənistanın Azərbaycan ərazilərini işğalına əsaslanan mövcud status kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu deyən Elmar Məmmədyarov Azərbaycanın öz ərazilərinin işğalı ilə heç zaman barışmayacağını bildirib.

Nazir Elmar Məmmədyarov Ermənistanın müxtəlif təxribatçı addımlar, o cümlədən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyətin gərginləşdirilməsi ilə danışıqlar prosesinə xələl gətirmək məqsədi güddüyünü qeyd edib. Ermənistanın əsl məqsədinin təcavüz və işğalın davam etdirilməsi olduğunu bildirib. Ermənistanın hər vəchlə əsl etimad quruculuğu tədbiri olacaq Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları təmaslara imkan vermədiyi diqqətə çatdırılıb.

Elmar Məmmədyarov bir daha vurğulayıb ki, münaqişənin həlli üçün Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulmalı və işğal olunmuş ərazilərindən Ermənistanın silahlı qüvvələri çıxarılmalıdır.

Nazir Elmar Məmmədyarov tərəfindən qeyd olunub ki, Azərbaycan münaqişənin həlli üçün danışıqlar prosesində iştirak edir. Lakin danışıqların nəticəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri işğaldan azad olunmazsa, Azərbaycan öz ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təmin etmək üçün bütün zəruri addımları atacaqdır.

İşğalçı və təcavüzkar dövlət kimi atılacaq hər hansı addımın bütün məsuliyyətinin tam şəkildə Ermənistanın üzərinə düşdüyünü vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti