Bakı. İlhamə İsabalayeva - Trend:
Ermənistan bütün məsələlərdə olduğu kimi mülki əhaliyə münasibətdə də beynəlxalq hüququn normalarını kobud şəkildə pozur.
Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, beynəlxalq konvensiyaların mülki əhalinin atəşə tutulmaması, mədəni irsə münasibətlə bağlı müddəaları olsa da, Ermənistan buna əməl etmir.
Deputat qeyd edib ki, Ermənistan məqsədli şəkildə mülki obyektləri və şəxsləri hədəfə götürür: “Məqsəd Azərbaycan cəmiyyətində qorxu və səksəkə yaratmaq, cəbhə xəttinə yaxın ərazilərdə əhalinin oradan köçməsinə nail olmaqdır. Amma bunlar baş verməyəcək. Azərbaycan vətəndaşı öz torpağına bağlıdır. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, insanlarımız öz evlərindən köçmürlər və köçməyəcəklər. Ermənistan isə bu qeyri-insani hərəkətlərin ən sərt cavabını alacaq. Bu gün Azərbaycan Ordusu cəbhədə yürüşünü edir, düşmənin hərbi texnikasını məhv edir, torpaqlarımız işğaldan azad edilir. Ermənistanın bu vəhşi hərəkətləri isə onun vandalığının yeni bir səhifəsi olacaq. Ermənistan bunun cəzasını alır və alacaq”.
A.Mirzəzadə əlavə edib ki, cəbhəyanı bölgələrimizdə yaşayan vətəndaşlarımızın mətinliyi, qorxmazlığı göz qarşısındadır. Onlar çətinliyə baxmayaraq, öz evlərindən köç etmirlər:
“Bu məsələdə Azərbaycan dövləti də onlara böyük dəstək verir. Həmin insanlara kömək göstərilir, onların təhlükəsizliyinin təmin edilməsi üçün həm ordumuz, həm də mühafizə orqanları tərəfindən tədbirlər görülür, evləri dağılan, zədələnən insanlara müvəqqəti yaşama üçün yaşayış yeri verilir. Hesab edirəm ki, çox qısa müddətdə Tərtərdən tutmuş Horadizə qədər bütün bölgələrdə yaşayış tam təhlükəsiz olacaq. Düşmən öz tutduğu mövqelərdən geriyə atılır. Bunun artıq videogörüntüləri həm sosial şəbəkədə, həm də rəsmi məlumatlar əsasında kifayət qədər yayılıb”.
Qeyd edək ki, işğalçı Ermənistanın silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri atəşə tutması nəticəsində ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 19 nəfər isə həlak olub.
Mülki infrastruktur obyektlərinin atəşə tutulması nəticəsində 175 yaşayış evinə, 41 mülki obyektə külli miqdarda ziyan dəyib.