...

Azərbaycan parlamentində Dağlıq Qarabağ münaqişəsi üzrə komissiyanın yaradılması təklif olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 May 2007 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin cərşənbə axşamı keçirilən iclasında deputat Gülhüseyn Əhmədov Azərbaycan parlamentində Dağlıq Qarabağ münaqişəsi üzrə daimi komissiyanın yaradılmasını təklif edib. O qeyd edib ki, Ermənistan parlamentində Dağlıq Qarabağ münaqişəsi üzrə daimi komissiya fəaliyyət göstərir, eyni zamanda Ermənistan Dağlıq Qarabağ münaqişəsini dünyaya təhrif olunmuş şəkildə təqdim edir: "Azərbaycan isə Ermənistanın dünyaya verdiyi informasiyaları təkzib etməklə məşğul olur. Belə halların qarşısını əvvəlcədən almaq üçün Milli Məclisdə Dağlıq Qarabağ komissiyası yaradılmalıdır". Əhmədov vurğulayıb ki, parlamentdə Dağlıq Qarabağ bölgəsindən seçilən

10-a yaxın deputat təmsil olunur: "Mənim bildiyimə görə, komissiya sədrləri adi deputatlardan 300 manat artıq maaş alırlar. Əgər bu məsələdə maliyyə problemi varsa, onu həll etmək üçün Milli Məclis sədrinin müavini Bahar Muradova eyni zamanda Dağlıq Qarabağ komissiyasına rəhbərlik edə bilər".

Müxalifəti təmsil edən deputatlar - İqbal Ağazadə, Pənah Hüseyn, Arzu Səmədbəyli və Cəmil Həsənli Milli Məclisdə Dağlıq Qarabağ komissiyasının yaradılmasını dəstəkləyiblər.

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov və Milli Məclis sədrinin birinci müavini Zəyafət Əsgərov isə parlamentdə Dağlıq Qarabağ komissiyasının yaradılmasında ehtiyac olmadığını bildiriblər.

Xəbər lenti

Xəbər lenti