Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat-GUAM"a üzv olan dövlətlərin başçıları oktyabrın 10-11-də keçirilməsi planlaşdırılan Energetika Sammitində iştirak çərçivəsində Vilnüsdə görüşəcəklər. Belə bir təkliflə GUAM milli koordinatorları sentyabrın 20-21-də Bakıda keçirilən Milli Kordinatorlar Şurasının iclası zamanı çıxış ediblər, bu barədə cümə günü Azərbaycan XİN-dən verilən məlumatda deyilir.
Təşkilata üzv olan dövlətlərin, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın dövlət başçılarının görüşü təşkilatın 10 illik ildönümünə həsr olunub.
GUAM-ın formatı 1999-cu ildə Avropa İttifaqının dövlət başçılarının Strasburq görüşü ərəfəsində yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan daxil olsa da, dörd ildən sonra təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat kimi və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat- GUAM" adı ilə elan olunması haqda qərar qəbul olunub.