Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/Beynəlxalq təşkilatlar Azərbaycanın "Hərbi doktrina"sında Ermənistanın işğalçı və Azərbaycanın düşməni olan ölkə kimi göstərilməsinə etiraz edirlər və bu müddəanın sənəddən çıxarılmasını tələb edirlər. Bu barədə cümə günü Bakıda Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, millət vəkili Zahid Oruc məlumat verib.
"Beynəlxalq təşkilatlar Azərbaycanla Ermənistan arasında düşmənçiliyin müvəqqəti xarakter daşıdığını və nəyə görə Azərbaycanın bunu "Hərbi doktrina"ya daxil etdiyini soruşurlar. Ona görə də "Hərbi doktrina"a ilə bağlı problemlər ortaya çıxır və sənədin qəbul olunması gecikir" - deyə millət vəkili əlavə edib.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1988-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü il may ayının 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Buna baxmayaraq, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəs tez-tez pozulur.
ATƏT-in Minsk qrupunun (ABŞ, Fransa və Rusiya) vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlliə dair danışıqlar davam edir.
Oruc qeyd edib ki, "Hərbi doktrina"da Ermənistan işğalçı, Azərbaycan üçün təhlükə mənbəyi və düşmən ölkə kimi göstərilib. Rəsmi Bakının bütün beynəlxalq təşkilatlarda Ermənistanın təcavüzkar ölkə olduğunu ifadə edən mövqe tutduğunu vurğulayan millət vəkili deyib ki, beynəlxalq təşkilatlar Azərbaycanın "Hərbi doktrina"sında göstərilən müddəaların çıxarılmasını tələb etməməlidirlər. Çünki bu, Azərbaycanın real vəziyyətini əks etdirir: "Eyni zamanda, "Hərbi doktrina" ölkəyə qarşı yönələn hərbi təhlükələri müəyyənləşdirən, çeşidləyən, onun təsnifatını verən və müvafiq hökumət strukturlarının vəzifələrini müəyyən edən sənəddir. Sənəddə Ermənistanın təcavüzkar dövlət kimi göstərilməsi normal haldır".
Millət vəkilinin sözlərinə görə, "Hərbi doktrina"ya əsasən orduda müqavilə əsasında hərbi xidmət keçmə prinsipi tətbiq olunacaq. O qeyd edib ki, NATO ilə münasibətlər Azərbaycanda hərbi çağırışın mükəlləfiyyət qaydası ilə yanaşı, müqavilə formasına keçilməsini tələb edir: "Gürcüstanda hərbi xidmət keçmənin 95 faizi müqavilə əsasında həyata keçirilir. Azərbaycanda da hərbi çağırış müqavilə əsasında aparılacaq. Ümidvaram ki, "Hərbi doktrina"da bununla bağlı mühüm müddəalar əks olunacaq. Hərbi xidmətə çağrılan vətəndaşların bir neçə seçim imkanı olacaq".
Bundan başqa, sənəddə ordu quruculuğunun bütün sahələri - hərbi sənayenin qurulması, beynəlxalq hərbi əməkdaşlıq kimi məsələlər də əks olunub.
Azərbaycanın "Hərbi doktrina"sı Milli Məclisin payız sessiyasında qəbul olunacaq. Sessiya oktyabrın 1-də başlayır.