...

Səfir: "ABŞ xalqı təhsili demokratiya və dövlətin inkişafının təməl daşı hesab edir"

Siyasət Materials 24 Oktyabr 2007 11:03 (UTC +04:00)
Səfir: "ABŞ xalqı təhsili demokratiya və dövlətin inkişafının təməl daşı hesab edir"

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ ABŞ xalqı təhsili demokratiya və dövlətin inkişafının təməl daşı hesab edir, çərşənbə günü Yeni Qala qəsəbəsində inşa olunan 323 saylı orta məktəbin açılışında Amerikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Enn Dersi bildirib. Səfirin sözlərinə görə, ABŞ hökuməti tərəfindən yeni məktəblərin tikilməsi layihəsi Azərbaycan uşaqlarının gələcəyi üçün qurulan işlərə yatırılan sərmayədir.

Oktyabrın 24-də Amerika Birləşmiş Ştatları 13-cü məktəbin Azərbaycanda açılışını edib. Əzizbəyov rayonunun Yeni Qala qəsəbəsində yeni inşa olunmuş 323 saylı orta məktəb ABŞ-ın Avropadakı Hərbi komandanlığı tərəfindən maliyyələşdirilib və ABŞ səfirliyinin müdafiə sahəsi üzrə əməkdaşlıq şöbəsi tərəfindən həyata keçirilib. 20 otaqdan ibarət yeni tikilmiş məktəbdə 200-dən çox şagird təhsil ala biləcək. Məktəbin tikintisinə 300 min dollar xərclənib.

Dersi deyib ki, bundan əlavə ABŞ hökuməti tərəfindən Laçından olan köçkünlər üçün də məktəbin tikintisi nəzərdə tutulur.

Tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdanov isə bildirib ki, 500-dən çox ailə yaşayan və uzun müddət məktəbi olmayan bir yerdə məktəbin tikilməsi nümunəvi addımdır. "Bütün bu layihələr Azərbaycan və ABŞ arasında əlaqələri daha da möhkəmləndirir" Mərdanov bildirib.

Xəbər lenti

Xəbər lenti