...

Radikal dini qruplaşmaların Azərbaycanın siyasi həyatına təsirinə inanmıram - hakim partiyanın nümayəndəsi

Siyasət Materials 3 Dekabr 2007 12:29 (UTC +04:00)
Radikal dini qruplaşmaların Azərbaycanın siyasi həyatına təsirinə inanmıram - hakim partiyanın nümayəndəsi

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Azərbaycanda vəhabilik adı altında fəaliyyət göstərən radikal dini qruplaşmaların ölkənin siyasi həyatına təsiri mümkün deyil. "Radikal dini qruplaşmaların Azərbaycanın siyasi həyatına təsirinə inanmıram, buna cəhdlər olsa da, qarşısı alınıb" bazar ertəsi Trend ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı bildirib.

Sentyabrın sonlarında zabit Kamran Əsədov Bakıdan 380 kilometr qərbdə yerləşən Xanlar rayonundakı N saylı hərbi hissədə 4 ədəd avtomat silah, 1 ədəd PK pulemyotu, 20 ədəd əl qumbarası, xeyli sayda avtomat silah üçün patron və digər hərbi ləvazimat oğurlayaraq, hərbi hissəni özbaşına tərk edib. Milli Təhlükəsizlik Nazirliyinin apardığı əməliyyat tədbirləri zamanı bəlli olub ki, Əsədov radikal vəhabi dini təriqətə qulluq edir və cinayəti bir qrup şəxslə törədib. Əsədov və qrupun digər üzvləri silah-sursatın və hərbi ləvazimatın bir hissəsini İsmayıllı rayonu ərazisində gizlətdikdən sonra Bakıya gəliblər. MTN tərəfindən oktyabr ayının 27-də Bakının Maştağa qəsəbəsi, Bağ massivi ev-104 ünvanında keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxslərdən bir qrupu yaxalanıb. Əməliyyat zamanı qrupun bir üzvü müqavimət göstərməyə cəhd edərkən məhv edilib. Azərbaycanın hüquq-mühafizə orqanlarına radikal dini qrupların ölkənin strateji obyektlərində, o cümlədən diplomatik korpuslarında terror törədəcəkləri bəlli olub.

Qurbanlı deyib ki, Azərbaycanda digər dini təriqətlərə olduğu kimi, vəhabilərin fəaliyyətinə qarşı da mübarizə aparılmır. Çünki ölkədə din azadlığı var və bütün dini icmalar sərbəst fəaliyyət göstərirlər. "Azərbaycanda din pərdəsi altında fəaliyyət göstərən ekstremist dairələrə qarşı mübarizə aparılır, cünki həmin qüvvələrin məqsədi dövlətçiliyi sarsıtmaq, vətəndaşların hüquqlarını tapdalamaqdır" YAP rəsmisi əlavə edib. Qurbanlı hesab edir ki, ölkədə radikal dini təriqətlərin fəallaşması mümkün deyil. Çünki Azərbaycan xalqının öz inancları var və ictimaiyyət onlara qarşıdır.

YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 14 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti