...

Müqəddəs arzu - irəliyə doğru hərəkət etmək və əldə olunmuş nəticələri təkmilləşdirmək

Siyasət Materials 11 Dekabr 2007 19:16 (UTC +04:00)
Müqəddəs arzu - irəliyə doğru  hərəkət etmək 
və əldə olunmuş nəticələri təkmilləşdirmək

Azərbaycan, Bakı/ Trend , "Krokus -İnterneşnl" Şirkətinin rəhbəri,Ümumrusiya Azərbaycan Konqresinin vitse - prezidenti Araz Ağalarovla "Rabitə dünyası" qəzetinin baş redaktoru Müşfiq Əmirovun müsahibəsi:

-Araz müəllim, bizə məlumdur ki, Siz ötən əsrin 80-ci illərində Azərbaycanda bir müddət rabitə sahəsi üzrə mütəxəssis kimi çalışmısınız. Həyatınızın bu dövrü nə ilə yadınızda qalıb?

- Mən Bakı Politexnik İnstitutunda təhsil almışam. İxtsasca çoxkanallı rabitə mühəndisi olduğum üçün, 1976-cı ildə ali məktəbi bitirəndən sonra, təyinatla Rabitə nazirliyinə göndərildim. Qeyd edim ki, dövlət strukturuna təyinat almağım bir o qədər də ürəyimcə olmadı. Lakin, bu işdən yayınmaq üçün bütün cəhdlərim də uğursuz alındı. Həmin dövrdə rabitə naziri Rəsulbəyov idi. Anam Dövlət idarəsinin rəhbərilə tanış olduğundan, mən onu həmin aldamla işim barədə danışmaq üçün yola gətirdim. Tezliklə nazir bizi qəbul etdi, lakin mənim başqa sahəyə göndərilməyimlə bağlı razılıq ala bilmədik. Anamın sözlərinə görə, nazir ona belə bir işçisini əldən buraxmaq istəmədiyini deyib, "oğlunla fəxr etməlisən"- deyə bildirib. Beləcə, mən Rabitə nazirliyi sisteminə qaldım. Sonrakı dövrdə məni Dövlət idarəsinin strukturlarından birinə -Bakı Şəhərlərarası Telefon Stansiyasına göndərdilər.

Hamı məni kifayət qədər ünsiyyətcil bir adam kimi tandığından, bu sahədə az müddət-bir il yarım işlədikdən sonra, kollektiv mənim həmkarlar ittifaqına rəhbər seçilməyimi təklif etdi. Bu, maaşı 230 rubl olan sərbəst bir vəzifə idi.

Məlum olduğu kimi, o zaman rabitə əl rejimində işləyirdi. Mənim sutka boyu naqillərlə işləyən telefonçulara yazığım gəlirdi. İmkanım daxilində onlara kömək göstərməyə çalışırdım. Lakin mən bu sahədə çox işləyəsi olmadım, belə ki, tezliklə Moskvaya gedib aspiranturaya daxil olmaq üçün imkan yarandı. Şəhərlərarası Telefon Stansiyasındakı işimə gəlincə, onu demək istəyirəm ki, bu iş kifayət qədər maraqlı idi. Həmin dövrdə yeganə rabitə növü stasionar rabitə idi. Bu gün çox geniş istifadə olunan mobil və simsiz telefonlardan söhbət gedə bilməzdi.

Moskvada mütəmadi olaraq, müxtəlif sahələrə aid sektor müşavirələri keçirilirdi. Müvafiq müşavirələr paralel şəkildə digər Sovet Respublikalarında, o cümlədən, Azərbaycanda da keçirilirdi. Bizim ölkədə bu tədbirlər Rabitə nazirliyində, daha doğrusu, Şəhərlərarası Telefon Stansiyasında təşkil olunurdu. Bu məqsədlə xüsusi bir otaq da ayrılmışdı. Gələcək mühəndis kimi, sektor konfranslarının təşkilati məsələlərilə mən məşğul olurdum. Dövlət idarə rəhbərlərinin burada bilavasitə iştirakı tədbirlərin əhəmiyyətli olmasından xəbər verir.

İstənilən istehsalat fəaliyyəti kifayət qədər həyat təcrübəsi toplamağa imkan verir. Öz fəaliyyətim dövründə mən bir çox əməkdaşlara kömək etmək imkanı qazanmışdım. Stansiyada çox adam çalışırdı. Təbii ki, onların istehsalatla bağlı öz problemləri vardı. Texnologiyanı, sistemin çalışma xüsusiyyətlərini yaxşı bildiyimdən, mən işçilərin həmin problemlərinin həll olunması üçün bütün quvvəmi sərf edirdim.

- Sovet hakimiyyəti dövründə Siz öz fəaliyyətiniz çərçivəsind,ə bu çox məşhur olan bilikləri, o cümlədən, heyətin idarə olunması, menecment, istehsalat menecmenti və s. kimi işləri öyrənirdiniz. Necə oldu ki, sonradan Siz çalışmaq üçün Moskvaya köçdünüz?

- Bəli, 1982-ci ildə mənim əməyin iqtisadiyyatı sahəsi üzrə aspiranturaya daxil olmaq imkanım yarandı. Məlum oldu ki, keçmiş Sovet İttifaqı respublikalarından müvafiq namizədləri qapalı müsabiqələrdən keçirərək göndərirlər. Qeyd etmək istyirəm ki, dövlət təyinatı olmadan həmi müsabiqəyə düşmək mümkün deyildi. Müsabiqə çox çətin idi, 17 yerə 200 ərizə verilmişdi. Qəbul üçün mən Moskvaya bir neçə ay əvvəldən gəlməli olmuşdum. Yaxşı hazırlaşım deyə, işdən mənə icazə vermişdilər. Yadımdadır, müsabiqədən keçmək üçün sonuncudan əvvəlki-ingilis dili imtahanından əla qiymət almaq lazım idi. Mənim imtahana hazırlığım sonradan danışıqlar zamanı xarici dildə sərbəst ünsiyyət qurmağıma imkan verdi.

- Demək olar ki, artıq bundan sonra Siz yaşamaq üçün birdəfəlik Moskvada qaldınız?

- Bəli. Sonralar mən "Rabitə müəssisəsində əmək haqqı fondunun formalaşdırılması və istifadəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etdim. Mən təhsil müəssisəsinin prorektoru və öz elmi rəhbərimlə məsləhətləşdikdən sonra. Baltikyanı ölkələrdə istehsal normasının əmək haqqına nisbətəni Azərbaycandakı analoji göstəricilərlə müqayisə etdim. Təhlillərimin əsasında məlum oldu ki, o zamanlar istehsalatda tətbiq olunan planlaşdırma prinsipi o qədər də düzgün deyilmiş. İşçilər tərəfindən əldə olunan göstəricilər nəzərə alınmamışdı. İnsanları daha çox istehsal etməyə təhkim edirdilər. Bu isə mümkün deyildi, belə ki, artıq insan resursları tükənmişdi. Dissertasiyamın nəticəsi SSRİ Rabitə nazirliyinin 11-ci beşillik planlaşdırılmasında istifadə olundu.

-1990-cı ildə Rusiyanın ictimai həyatında əhəmiyyətli bir hadisə baş verdi, bu ölkədə ilk dəfə Sizin təşəbbüsünüzlə kompüter texnologiyalarına həsr olunmuş sərgi keçirildi. Sərginin keçirilməsi ideyası kimə məxsusdur: rabitəçi Ağalarova, yoxsa biznesmen Ağalarova?

- Sərginin keçirilməsi ideyası, eyni zamanda həm rabitəçi, həm də biznes adamı olan, sadəcə, Ağalarova məxsus idi. Sərgi çox uğurlu keçdi. İlk sərgini mən VDNX-da (SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi) keçirdim. Açlışı isə, 1991-ci ildə Kreml sarayının banket zalında oldu. Müvafiq icazəni Yeltsinin köməkçisi imzalamışdı. Qeyd etmək istəyirəm ki, həmin vaxtlarda Kremldə yalnız dövlət tədbirlərini keçirmək olardı. Sərginin əhəmiyyəti nazərə alınaraq, istisna oldu.

- Müsahibələrinizin birində "Krokus Siti"nin ərazisində beynəlxalq səviyyəli texnoparkın tikilməsindən danışmısınız. Rusiyada informasiya və kommunikasiya texnologiyalarının inkişafı kontekstində bu tikinti necə qiymətləndirilir ?

- Rusiyada texnoparklar barədə çox danışılsa da, heç kəs bu zonalar haqda müfəssəl məlumata malik deyil. Buna görə də, bü mövzuda müzakirələr yersiz olardı. Ölkədə texnoparkların statusu bir o qədər də müəyyən deyil. Texnoparklar nədir, burada hansı strukturlar təmsil olunmalıdır, bu zonalarada çalışan şirkətlərə vergi güzəştləri edilir ya edilmir, bütün bunlar bizə hələlik məlum deyil.

- Azərbaycan Prezidenti İlham Əliyev informasiya və kommunikasiya texnologiyalarını növbəti prioritet sahə elan edib. Potensial sərmayədar kimi, Sizin Azərbaycanda bu sahəyə investisiya yatırmaq planınız varmı?

- Prinsipcə, mənim biznesim Moskvada sərgi, mehmanxana və ticarət sahəsində təmərküzləşib. Buna görə də, bizim üçün müasir texnologiyaların istehsalı mənasızdır. Resurslarımızın bölünməsi bizi bu gün məşğul olduğumuz proqramlardan ayırardı.

- Deməli, müasir informasiya texnologiylarının inkişafına sərmayə qoyuluşu Sizin üçün məqsəd deyildir?

-Bəli

- Biznesmen kimi Sizin müqəddəs bir arzunuz varmı? Siz onu həyata keçirtmək üçün nə edirsiniz?

- Qəliz sualdır. Əslində, mən fikirləşirəm ki, müqəddəs arzu - irəliyə doğru hərəkət etmək və əldə olunmuş nəticələri təkmilləşdirməkdir. Hər zaman dinamikada olmaq gərəkdir. Bu sualla bağlı bir hadisəni xatırlatmaq istəyirəm. Bir müddət mən böyük tennislə maraqlanır və kortda kifayət qədər yaşlı bir adamla tennis oynayırdım. Onun 80-dən çox yaşı vardı. Oyun zamanı onun ürək çatışmazlığı hiss olunsa da o, əla vəziyyətdə idi. O, Bolqarıstanın və Macarıstanın çempionlarından biri olmuşdu. Bu yaşda hələ də pis oynamaması ilə bağlı təəccübümü ona bildirdim. Cavabında o mənə tennis kortunda dünyadan köçmək istədiyini dedi. Əminliklə deyə bilərəm ki, məhz bu cür həyat tərzi mənim tanışımın özünü yaxşı hiss etməsinə və güclü olmasına imkan verirdi.

Daim hərəkətdə olan kəs bu dünyada heç vaxt uduzmaz. Təbii ki, söhbət xaotik hərəkətlərdən deyil, məqsədyönlü fəaliyyətdən gedir.

- Xahiş edirəm ki, bizi öz xeyriyyəçilik fəaliyyətiniz barədə məlumatlandırasınız.

- Prinsipcə, xeyriyyəçilik fəaliyyəti çərçivəsində gördüyüm işlərlə öyünməyi xoşlamıram. Zənnimcə, bu həm nəzakətsiz, həm də etik qaydalara uyğun olmayan bir şeydir. Biz, imkanlarımız daxilində, yardıma ehtiyacı olanlara kömək edirik. Bəzi işçilərimiz məxsusi olaraq bu işlə ciddi məşğul olur. Onlar bizə daxil olan müraciətlərə baxırlar. Müraciətlərin bir çoxu tibbi yardıma ehtiyacı olan, lakin bunun üçün maddi imkanı olmayan şəxslər tərəfindən edilir. Fırıldaqçıların saxta yolla pul almaq istəməsi ilə bağlı hallar da az deyil. Lakin onların niyyəti o saat ifşa olunur.

- Siz xeyriyyəçilik fəaliyyəti ilə məşğul ola-ola, həyatınızın bu sahəsini nümayiş etdirməyi xoşlamırsınız?

- Bəli, belə demək mümkündür.

- Rusiyada Azərbaycan lobbisini dəstəkləyirsinizmi?

- Mən Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidentiyəm. Rusiyada müvafiq təşəbbüslər o qədər də yaxşı qarşılanmır. Doğrudur, indii vəziyyət, az da olsa, yaxşılığa doğru dəyişib. Məlumdur ki, bu ölkədə hazırda Azərbaycan vətəndaşı olan xeyli sayda azərbaycanlı yaşayır. Təəssüflə deyə bilərəm ki, burada yaşayan ermənilər öz həmyerlilərini dəstəklədikləri halda, azərbaycanlı iri biznesmenlər bu məsələdə passivlik nümayiş etdirirlər.

Bəzi azərbaycanlılar öz milliyətini danır. Misal kimi kifayət qədər tanınmış bir tanışımı göstərə bilərəm. Ondan soruşduqda o, milliyətini dandı. Mən bu cür addımı doğru hesab etmirəm. Mənə tez-tez deyirlər ki, həmyerlilərim Rusiya bazarlarında meyvə, tərəvəz alveri edir. Mən onlara cavab verirəm ki, heç ruslar da bazarda kartof satarkən Çaykovskini dinləmirlər.Bundan başqa, yaxşı məlumdur ki, Azərbaycanda kənd təsərrüfatı ilə hələ lap qədim zamanlardan məşğul olurlar. Bu gün ölkədə müvafiq sahə üzrə istənilən qədər yaxşı mütəxəssis var. Sovet İttifaqı dövrünün statistik göstəricilərinə əsasən , Azərbaycanda kənd təsərrüfatı istehsalının adambaşına düşən həcmi bütün SSRİ üzrə orta statistik göstəricilərdən 20 dəfə artıq idi. Xüsusi təchizatlı anbarların, bazarların, meyvə bazalarının olmadığı bir şəraitdə çalışmaq çox çətindir. Buna baxmayaraq, azərbaycanlılar bu işi kifayət qədər səmərəli edirlər. Onlardan başqa heç kəs bir neçə min ton tez xarab olan məhsul-meyvəni qəbul edə və paylaşdıra bilməz, çünki bunun üçün yaxşı təcrübə və bacarığın olmalıdır. Azərbaycanlılarda isə, bu qabiliyyətlər hər zaman olub.

Mən azərbaycanlı olmağımla fəxr edirəm. Rusiyada bir çox görkəmli azərbaycanlı var. Onların arasında kifayət qədər tanınmışlardan, vaxtilə SSRİ Neft-qaz sənayesi naziri vəzifəsində çalışmış Sabit Orucovu, uzun müddət kosmik uçuşların təşkili üzrə Dövlət komissiyasının sədri olmuş general-leytenant Kərim Kərimovu, Sibir neftinin ilk kəşfiyyatçılarından hesab olunan Fərman Salmanovu, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, tarixçi, Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Əhməd İsgəndərovu, Rusiya Dövlət mükafatı laureatı, həkim, professor Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü Məmməd Əliyevi qeyd etmək olar.

-Bu gün Bakı iri tikinti meydanını xatırladır. Şəhər eninə-uzununa böyüyür. Müvafiq istiqəmətdə şəhərin perspektivini necə görürsünüz?

- Bir zamanlar şəhərdə bu proses xaotik cərəyan edirdi. İndii vəziyyət xeyli dəyişib. Görünür, bir çox nüansları, hərəkətin normalaşdırılmasını, keyfiyyətli yolların tikilməsini özündə əks etdirən tikinti üzrə baş plan var. Bu fakt sevindirir. Əgər Azərbaycanı postsovet məkanının digər respublikaları ilə müqayisə etsək, o zaman respublikada ciddi tikinti işləri gedir. Mənim fikrimcə, MDB dövlətləri miqyasında Bakı bu gün lider mövqeyindədir.

- Məişətdə Azərbaycan adət-ənənələrinə əməl etmək imkanınız olurmu?

- Mən öz xalqımın adət-ənənələrinə hörmətlə yanaşıram. Və uzun illərdən bəri respublikadan kənarda yaşamağıma baxmayaraq, ailəmdə adət-ənənələrimizin unudulmamasına çalışıram.

- Azərbaycanda tez-tezmi olursunuz, hansı xatirələrə dalırsınız?

- Xatirələrə o zaman dalmaq olar ki, bir şey ya itirilib ya da unudulub. Azərbaycan mənim Vətənimdir. Mən bura gəlməyi xoşlayıram və tez-tez gəlirəm. Mən dostlarımı bura gətirirəm. Ailəmlə tez-tez burada oluram. Övladlarımı Vətənə alışdırıram, dilimizi öyrətməyə çalışıram. Vətəndə olmaq mənə zövq verir, köhnə dostlarla görüşməyi xoşlayıram. Paytaxtda o qədər mütəmadi oluram ki, sonradan xatırlayım deyə, heç nəyi unutmağa macal tapmıram. Mənim ata yurdum oradadır. Anam Bakıda yaşayır.

- Söhbətimizin sonunda "Rabitə dünyası" qəzetinin oxucu kontingentini nəzərə alaraq, nəyi əlavə etmək istərdiniz?

- Bugün kommunikasiyanın müxtəlif növləri gündəlik həyatımızda çox əhəmiyyətli rol oynayır. Rabitə olmasaydı, bir çox layihələr icra edilə bilməzdi. Birbaşa telefon rabitəsi və texnologiyası mövzusuna toxunmuşkən, vurğulamaq lazımdır ki, müvafiq sfera olmadan, müasir cəmiyyətin inkişafı, sadəcə, mümkün deyildir. İnkişaf sahəsində ən son hadisələri işıqlandıran "Rabitə dünyası" qəzeti bu gün tələb olunandır. Qəzetin kollektivinə yaradıcılıq işlərində uğurlar arzulamaq istərdim.

Xəbər lenti

Xəbər lenti