...

Solçu siyasi qüvvələr bir-birini ittiham edir

Siyasət Materials 14 Yanvar 2008 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə sol təmayüllü partiyaların yeni yaradılacaq blokunu heç bir perspektivi olmayan əhəmiyyətsiz iş hesab edir. O, bu barədə Trend ə açıqlamasında bildirib.

Azərbaycan Kommunist Partiyasının sədri Rüstəm Şahsuvarov ötən həftə Trend ə bildirib ki, Azərbaycanda solçu qüvvələrin siyasi fəallığını artırmaq məqsədilə sol təmayüllü partiyaların yeni birliyi - Koordinasiya Şurası yaradılır.

Yeni quruma ilkin olaraq beş siyasi təşkilat - AKP, Azərbaycan Vahid Kommunist Partiyası, Marksizm-Leninizm Platformasında Azərbaycan Kommunist Partiyası, Yeni Nəsil Azərbaycan Kommunistləri Partiyası və "Çe Qevara fanatları klubu" gənclər təşkilatı daxil olacaq. Şahsuvarovun sözlərinə görə, Koordinasiya Şurası ilk olaraq əməkdaşlıq mərkəzi kimi fəaliyyət göstərəcək, lakin sonradan siyasi bloka çevriləcək.

Əlizadə açıqlamasında bildirib ki, yeni yaradılan həmin quruma ASDP qoşulmayacaq: "Çünki həm ASDP-nin heç bir bloka, quruma qoşulmamaq barədə qərarı var, həm də siyasi partiyaların belə birliklərdə əməkdaşlığı çox uzağa getmir. 1998-ci ildə ildə "Sosialist Azərbaycan" blokunun dağılması da buna sübutdur"-deyə Əlizadə bildirib.

O, əlavə edib ki, yeni blokda təmsil olunan kommunist partiyaları özləri dağınıq vəziyyətdədir: "Bir ölkədə bir neçə kommunist partiyasının olması nonsesdir. Əvvəlcə onlar özləri birləşsinlər, sonra blok yaradarlar"-deyə Əlizadə bildirib.

"Çen Qevara fanatları klubu" gənclər təşkilatının rəhbəri Samir Vəzirov Trend ə açıqlamasında bildirib ki, ASDP-nin yeni bloka qoşulmasının tərəfdarıdır, lakin o da eyni şəkildə Əlizadənin fəaliyyətini qənaətbəxş hesab etmir: "ASDP lazımi səviyyədə fəaliyyət göstərsəydi, əhəmiyyətli hesab etdiyi işlərlə məşğul olsaydı, Azərbaycanda solçu qüvvələr çoxdan öz gücünü göstərərdi, zəhmətkeşlərin hüquqları pozulmazdı"-deyə Vəzirov bildirib. O, əlavə edib ki, Əlizadənin iddia etdiyi kimi, hər hansı bir qurumun perspektivli olmayacağına dair əvvəldən proqnoz vermək düzgün deyil.

Xəbər lenti

Xəbər lenti