...

Qüdsün statusu üzrə danışıqların təxirə salınması qərarı İsrailə sərfəli ola bilər – amerikalı və fələstinli ekspertlər

Siyasət Materials 14 Aprel 2008 19:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / " müxbir A.Qasımova, E.Tarıverdiyeva, R.Hafizoğlu/ Fələstin-İsrail danışıqları zamanı qəbul edilmiş Qüdsün statusu məsələsinin müzakirəsinin beş il müddətinə təxirə salınması haqqında qərar, ilk növbədə, İsrailə sərfəlidir.

"Hazırda Qüdsün statusunun müzakirəsi İsrail üçün aktual deyil. O, bu məsələni təxirə salaraq, ərəbə və müsəlman dünyasına bu şəhərin yalnız yəhudilərə məxsus olduğu ismarıcını göndərmək istəyir", - fələstinli ekspert İsam Məhəmməd hesab edir.

İsrailin "Isra" Agentliyinin məlumatına görə, İsrail XİN rəhbəri Tsipi Livni və Fələstin hökumətinin rəsmi nümayəndəsi Əbul-Əla aprelin 11-də Qüdsdə, Qüdsün statusu məsələsinin müzakirəsini təxirə salmağı müzakirə ediblər.

İslam Universitetinin dekanı Məhəmməd bazar ertəsi Qəzzədən telefonla Trend -a bildirib ki, Qüdsün yəhudi şəhəri olması üçün beş il kifayət müddətdir. "Şəhərin statusu üzrə danışıqların beş il təxirə salınması məsələsi "sülh prosesinə" öz təsirini göstərəcək, - o bildirib. İsrail üçün sülh planı fələstinlilərin deyil, yalnız yəhudilərin maraqlarının qorunması üçündür. Əgər İsrail sülh danışıqlarına təkid edirsə, ən azı, 1967-ci ildə işğal etdiyi ərazilərdən getməlidir". Politoloqun rəyinə görə, regionda sülhdən danışmaq çox tezdir.

Qüdsün statusu haqqında məsələnin müzakirəsinin təxirə salınması ilə bağlı Qüds ərazisində yəhudi yaşayış məskənlərinin tikintisi perspektivinə toxunan Məhəmməd, bu dövr ərzində İsraildəki sionist rejimin yəhudilər üçün yeni yaşayış məskənləri tikəcəyini istisna etmir.

Amerikalı ekspert Stefan Zünsün (Stephen Zunes) rəyinə görə, hazırki İsrail hökumətinin Qüdsün statusunun müzakirəsi məsələsini qaldırması ehtimalı azdır və eyni zamanda, Birləşmiş Ştatlar hökuməti bu məsələ üzrə ciddi danışıqların başlaması üçün İsrailə təzyiq göstərmək istəmir.

"ABŞ Konqresində hər iki partiya böyük çoxluqla İsrailin Qüdsü ilhaq etməsini faktiki olaraq tanıyıb. Son 15 il ərzində ABŞ BMT Təhlükəsizlik Şurasının əvvəlki Qətnamələri təsdiqləyən və İsraili onun ilhaqından imtina etməyə çağıran bəzi Qətnamələrinin qəbul edilməsinin qarşısını alıb. Birləşmiş Ştatlar hətta İsrail tərəfindən işğal edilmiş Şərqi Qüds ərazilərinə "işğal edilmiş ərazilər" kimi istinad edən Qətnamələrin qəbul edilməsinə də veto qoyub", - bazar ertəsi San-Fransisko Universitetinin professoru Züns elektron poçtu ilə Trend -a bildirib.

Onun rəyinə görə, Qüds ərazisində yəhudi yaşayış məskənlərinin yaradılması münaqişənin danışıqlar əsasında nizamlanması perspektivini azaldır. Belə ki, İsrail özünün "yerlərdə fakt yaradılması" siyasətini davam etdirir. "ABŞ-ın hazırki mövqeyi İsrail və Fələstin danışıqlarınadək yaşayış məntəqələrinin taleyini həll etməkdən ibarətdir. ABŞ, həmçinin, İsraildən Qüdsün hüdudları və ətrafındakı qanunsuz yaşayış məskənlərindən getməsini gözləməyin "qeyri-real" olduğunu təkid edir", - Züns bildirib.

"Şəhərin həm yəhudilər, həm də ərəblər üçün əhəmiyyətini nəzərə alaraq, istənilən sülh razılaşması Qüdsü həm İsrail, həm də Fələstinin paytaxtı qismində tanımalıdır. Fələstin xristianları və Fələstin müsəlmanları üçün dini əhəmiyyətindən başqa, Qüds artıq çoxdandır ki, fələstinlilərin vacib mədəni, ticarət, siyasi və təhsil mərkəzidir", - ekspert əlavə edib.

"Hər iki tərəf - həm İsrail, həm də Fələstin Şərqi Qüdsə öz paytaxtı kimi iddia edir. Bura, iudaizm və islamın əsas müqəddəs yerləri- Fəryad Divarı və əhəmiyyətinə görə üçüncü olan Ömər Məscidi daxildir və bu əlbəttdə ki, bu məsələ üzrə fələstin mövqeyində öz əksini tapır", - amerikalı ekspert Aaron Mannes hesab edir. "Ərəb və Fələstin KİV hər hansı bir tərəfdən Qüds üzərində tam nəzarətin alternativinin olmadığını təkid edirlər", - Yaxın Şərq üzrə ekspert Mannes bazar ertəsi elektron poçtu ilə Merilenddən Trend -a bildirib.

"Yəhudi məskənlərinin əksəriyyəti 1967-ci ildə tikilmiş İsrail sərhəddinə - "sərhəd "67" zonasına yaxın rayonlarda tikilir" - Mannes bildirib. Ekspert hesab edir ki, İsrail təhlükəsizlik məqsədilə bu ərazilərin saxlanmasına təkid edəcək. "Sərhəd "67" kifayət qədər zəifdir (İsrail tərəfində bəzi yerlərin eni 20 km-dən azdır), bu yaşayış məntəqələri Qərb sahilinin çox az hissəsini təşkil edirlər (5 faizdən az), Fələstin ərazilərinin mərkəzində də yerləşən yaşayış məntəqələri var", - ekspert qeyd edib. Mannesin rəyinə görə, bu məntəqələrin sökülməsi siyasi baxımdan qəbuledilməzdir. Lakin bununla yanaşı, əgər bu real olaraq, fələstinlilərlə münasibətlərin dinc nizamlanmasını təmin etməyə imkan verəcəksə, İsrail hökuməti bunu etməyə hazırdır.

Mannes, həmçinin, hesab edir ki, fələstinlilərin İsrailin mövcudluğu hüququnu inkar etməyə davam edən daxili disskusiyaları və İsrail tərəfdən qəbuledilməz olan fələstinli qaçqınların qaytarılması kimi tələblər irəli sürmək İsrail hökumətinin möhkəm nizamlanmaya ümidlərini azaldır. Ekspert hesab edir ki, beləliklə, uzaq yaşayış məskənlərinin sökülməsi üçün israillilərin stimulu azdır.

Həm İsrail, həm də Fələstin muxtariyyəti Qüdsü rəsmi olaraq öz paytaxtı hesab edir və digər tərəfin belə hüququnun olduğunu qəbul etmir. 1967-ci ildə Altıgünlük Müharibədə qələbədən sonra, İsrail şəhərin bütün ərazisi üzrə nəzarəti ələ alıb, qanunvericilik səviyyəsində Şərqi Qüdsü İordan çayının qərb sahilindən ayırıb və birləşmiş Qüds üzərində öz suverenliyini elan edib. İsrail 1980-ci il 30 iyul tarixli Qanunla, Qüdsü özünün vahid və bölünməz paytaxtı elan edib.

BMT Şərqi Qüdsün birtərəfli şəkildə ilhaq edilməsini tanımır.

Xəbər lenti

Xəbər lenti