...

Azərbaycanın hakim partiyası Seçki Məcəlləsinə təklif olunan dəyişikliklərdən narazıdır

Siyasət Materials 17 Aprel 2008 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel/ Trend , müxbir İ.Əlizadə/Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) Seçki Məcəlləsinə dəyişiklik edilməsi üçün hazırlanan layihəyə seçki müddətinin azaldılması, şikayətlərə baxılması, seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı təkliflərin daxil edilməməsindən narazıdır.

"Dəyişikliklər bizi tam qane etmir", - deyə cümə axşamı Trend a açıqlamasında hakim partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyası Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı bir neçə il davam edən müzakirələr aparıblar. Məcəlləyə ediləcək dəyişikliklərlə bağlı layihə hazırlanıb və parlamentə göndərilib. Məsələ yaxın günlərdə müzakirəyə çıxarılacaq.

Lakin hökumət Venesiya Komissiyasının irəli sürdüyü bir sıra ideyaları, əsasən də seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı təklifi qəbul etməyib.

Dəyişikliklər müxalifəti də qane etmir. Müxalifət seçki komissiyalarının hakimiyyət və müxalifət nümayəndələrinin iştirakı ilə paritet əsasda formalaşdırılmasını tələb edir.

Hakim partiya da təkliflərini layihə şəklində Avropa Şurasının Venesiya Komissiyasına təqdim edib.

"YAP Seçki Məcəlləsinə seçki müddətinin azaldılması, şikayətlərə baxılması, seçki kompaniyasının maliyyələşdirilməsi ilə bağlı dəyişikliyin edilməsini vacib hesab edir. Bizim başqa təkliflərimiz də var. Lakin onları indi açıqlamaq istəmirəm", - deyə hakim partiyanın rəsmisi əlavə edib.

Novruzov bildirib ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi məsələsi parlamentdə müzakirəyə çıxarılan zaman yenidən eyni təkliflərlə çıxş edəcəklər.

YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti