Azərbaycan, Bakı, 30 may/ Trend , müxbir E.Babayev/ Bu gün Bakıda ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə "Elektron medianın demokratik seçkilərdə rolu"mövzusunda qapalı müzakirələr keçirilir. Müzakirələrdə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbə müdiri Əli Həsənov, MSK sədri Məzahir Pənahov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Hererro, Böyük Britaniyanın MSK-nın sədri, SNN nümayəndələri, o cümlədən Azərbaycanda fəaliyyət göstərən televiziyaların rəhbərləri iştirak edirlər.
MSK sədri Pənahov jurnalistlərə bildirib ki, müzakirələrdə əsasən Seçki Məcəlləsinə əlavə və dəyişikliklər diqqət mərkəzində olub. Elektron medianın seçki prosesinin işıqlandırılması ilə bağlı beynəlxalq təcrübəsi nəzərdən keçirilib.
Onun sözlərinə görə, xarici qonaqlar Azərbaycandakı vəziyyətdən razı qalıblar. Onlar bildiriblər ki, xaricdə namizədlərə ödənişsiz efir vaxtı ayrılmır. Azərbaycanda isə belə bir praktika mövcuddur. Pənahov aparılan müzakirələrin digər detalları barədə açıqlama verməyib.
Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçiriləcək. Azərbaycan parlamenti bu gün Seçki Məcəlləsi və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı müzakirələrə başlayır.
Seçki Məcəlləsinə və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişiklik edilməsi ilə bağlı layihələr Azərbaycan hökuməti tərəfindən hazırlanıb. Avropa Şurası Venesiya Komissiyası layihələrə rəy verib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]