...

Azərbaycan parlamentinin komissiyaları terrorla bağlı qanun layihəsini təsdiq edib

Siyasət Materials 5 İyun 2008 12:22 (UTC +04:00)
Azərbaycan parlamentinin komissiyaları terrorla bağlı qanun layihəsini təsdiq edib

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri və İqtisadi məsələlər daimi komissiyaları cinayət yolu ilə əldə edilən pulların və digər əmlakın leqallaşdırılması, həmin vəsaitlərdən terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasını nəzərdə tutan qanun layihəsini təsdiq edib. "Qanun layihəsi cinayət yolu ilə əldə edilən pulların və əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin aşkar olunması və qarşısının alınması üçün hüquqi mexanizm yaradılmasını nəzərdə tutur", - deyə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bildirib.

Trend -un məlumatına görə, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri və İqtisadi məsələlər daimi komissiyalarının cümə axşamı keçirilən iclasında "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və digər əmlakın leqallaşdırılmasına və terrorçuluq maliyyələşdirilmsəsinə qarşı mübarizə haqqında" qanun layihəsi müzakirə olunub.

Hüseynov qeyd edib ki, Azərbaycan belə bir qanun layihəsinin qəbul olunması ilə bağlı Avropa Şurası və digər beynəlxalq təşkilatlar qarşısında öz üzərinə öhdəlik götürüb: "Azərbaycan qanunvericiliyin təkmilləşdirilməsi çərçivəsində Avropa Şurası qarşısında və şəffaflığın yaradılması çərçivəsində digər beynəlxalq təşkilatlar qarşısında belə bir qanun layihəsinin qəbulu ilə bağlı öz üzərinə öhdəlik götürüb. Eyni zamanda, Azərbaycanın korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında da bu qanun layihəsinin qəbulu nəzərdə tutulub".

Komissiya sədri qeyd edib ki, Azərbaycan qanunun qəbulunda gecikib, ona görə də Avropa Şurasının Nazirlər Komitəsi qanunun tez bir zamanda qəbul olunması ilə bağlı Azərbaycana müraciət edib.

Qanun layihəsinə əsasən, cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində işləri həyata keçirmək üçün monitorinq qrupu yaradılacaq.

Birgə komissiyaların iclasında qanun layihəsi təsdiq olunub və parlamentdə müzakirəyə çıxarılması tövsiyə edilib.

Qanun layihəsi parlamentin iyunun 12-də keçiriləcək iclasında birinci oxunuşda müzakirə olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti