Özbəkistan, Daşkənd, 05 iyun/ Trend , müxbir T.Jukov/Özbəkistan Respublikasının prezidenti İslam Kərimov "Oksaroy" iqamətgahında Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Təşkilatın (ATƏT) sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stabbı qəbul edib.
Ölkə prezidentinin mətbuat xidmətinin verdiyi məlumata görə, "dövlət başçısı qonağı salamlayaraq qeyd edib ki, onun səfərini yalnız ATƏT-in fəaliyyətdə olan sədri kimi deyil, həm də Özbəkistanla məhsuldar əməkdaşlıq edən Finlandiyanın xarici işlər nazirinin səfəri kimi nəzərdən keçirir".
Özbəkistan müstəqilliyinin ilk illərindən ATƏT-in üzvü olub, regional təhlükəsizliyin və sabitliyin möhkəmlənməsi, vətəndaş cəmiyyəti institutlarının inkişafı, beynəlxalq iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi işində bu nüfuzlu beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu barədə rəsmi məlumatda bildirilir.
Özbəkistanın təşəbbüsü ilə 1995-ci ildə Daşkənddə ATƏT-in Mərkəzi Asiya ölkələri ilə əlaqələr üzrə mərkəzi açılıb. Hazırda respublikada ATƏT layihələrinin koordinatoru fəaliyyət göstərir.
Özbəkistan və Finlandiya arasında qarşılıqlı əlaqələrin əsası prezident İslam Kərimovun 1992-ci ildə bu ölkəyə səfəri zamanı qoyulub. Finlandiya Özbəkistan və Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlığa dair imzalanan sazişi təsdiqləyən birinci Avropa İttifaqı dövləti olub. "Özbəkistan-Aİ" əməkdaşlıq Şurasının birinci iclası 1999-cu ildə Finlandiyanın sədrliyi altında keçirilib. Hər iki ölkə yalnız ATƏT və Aİ deyil, həmçinin BMT və NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlıq edirlər.
Bundan əlavə, ardıcıl olaraq iqtisadi əməkdaşlıq inkişaf edir. Özbəkistan Finlandiyaya neft emalı məhsulları, gübrə, bəzi xidmətləri ixrac, sellüloz və kimya məhsulları, elektrik və mexaniki avadanlıq, dərman preparatları, rezin-texniki məmulatları isə idxal edir. Özbəkistanda Finlandiya sərmayədarlarının iştirakı ilə "Scanmix-Samarkand", "Nokia Siemens Network Tashkent" müəssisələri fəaliyyət göstərir.