...

Azərbaycan parlamentinin komissiyası MDB-nin terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq konsepsiyasını təsdiq edib

Siyasət Materials 6 İyun 2008 15:38 (UTC +04:00)
Azərbaycan parlamentinin komissiyası MDB-nin terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq konsepsiyasını təsdiq edib

Azərbaycan, Bakı, 06 iyun/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası MDB-nin iştirakçısı olan dövlətlərin terrorçuluğa və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizə sahəsində əməkdaşlıq konsepsiyasını təsdiq edib. "Azərbaycan bu sənədə xüsusi rəylə qoşulub. Xüsusi rəy konsepsiyaya ekstremizmin ən təhlükəli təzahürlərindən biri olan separatizmə dəstəyin formalarının qarşısının alınması barədə yeni bənd əlavə olunması ilə bağlıdır", - deyə cümə günü parlamentin birinci vitse-spikeri, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov bildirib.

Trend -un məlumatına görə, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının cümə günü keçirilən iclasında "MDB iştirakçısı olan dövlətlərin terrorçuluğa və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizə sahəsində əməkdaşlıq konsepsiyası haqqında qərarın təsdqi edilməsi" barədə qanun layihəsi müzakirə olunub.

MDB-yə üzv olan Azərbaycanın Dağlıq Qarabağ, Gürcüstanın Abxaziya və Cənubi Osetiya və Moldovanın Dnestryanı bölgəsində etnik separatizim problemi var.

Birinci vitse-spiker qeyd edib ki, Azərbaycan xüsusi rəyi GUAM ölkləri olan Gürcüstan, Moldova və Ukrayna ilə razılaşdırıb və bu ölkələr də sənədə xüsusi rəylə qoşulublar: "Bu ölkələrin dördü də separatizmdən əziyyət çəkir".

Komissiya eyni zamanda, 2008-2010-cu illər üçün terrorçuluğa və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizə sahəsində MDB-nin iştirakçısı olan dövlətlərin əməkdaşlıq proqramı haqqında xüsusi rəylə birgə qəbul olunan qərarı da təsdiqləyib.

Əsgərov bildirib ki, konsepsiya MDB çərçivəsində terrorçuluq və ekstremizmlə mübarizə sahəsində əməkdaşlığın başlıca istiqamət və formalarına baxışlar sistemini özündə əks etdirir, əməkdaşlığın məqsəd, vəzifə və prinsiplərini müəyyənləşdirir.

Sənəd 2005-ci ilin avqustunda imzalanıb.

Komissiya qanun layihəsini təsdiqləyib və parlamentdə müzakirəyə çıxarılmasını tövsiyə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti