...

İsrail və HƏMAS arasında barışıq çox çəkməyəcək, lakin müşahidəçilər hansı tərəfin onu əvvəl pozacağını bilmirlər

Siyasət Materials 19 İyun 2008 20:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun/ Trend , müxbir E.Tariverdiyeva, R.Abdullayev, E.Sadıqova/ Qüds və Fələstində eyni fikirdədirlər ki, tərəflər arasındakı hazrıki barışıq möhkəm deyil və çox çəkməyəcək, lakin onu kimin birinci pozacağı barədə fikir ayrılıqları mövcuddur.

"Biz kiminlə iş gördüyümüzü yaxşı anlayır və xəyal qurmuruq. Belə ki, HƏMAS terror təşkilatıdır və terror infrastrukturu və terror təşkilatları ilə mübarizə daim dinc proses ilə paralel aparılıb", - İsrail XİN rəsmi nümayəndəsi Eddi Şapira (Eddi Shapira) Trend -a bildirib.

İsrail və Qəzzə zolağına nəzarət edən HƏMAS təşkilatı arasında barışıq cümə axşamı yerli vaxtla saat 6-da qüvvəyə minib və hələ ki, ona riayət olunur. Lakin bir müddət əvvəl İsrailin Baş naziri Ehud Olmert xəbərdarlıq edib ki, barışıq çox çəkməyəcək. "Ma'ariv"in verdiyi məlumata görə, İsraildə Qəzzə zolağından yenidən "Qəssam" raketlərinin uçacağına hazırdırlar. İş ondadır ki, onların buraxılması ilə yalnız HƏMAS deyil, barışığa qatılmayan iştirak etməyən "İslam Cihadı"da iştirak edir.

İsraildə qüvvəyə minən barışığın perspektivlərinə kifayət qədər şübhə ilə yanaşırlar. "Biz atəşkəsin sülh danışıqlarına təkan verəcəyini anlayırıq və ona böyük ümid bəsləyirik. Bu, İsrailin gərginlik, qəddarlıq və zorakılığın azalmasına imkan verməyə hazır olduğunu bir daha sübut edir", - İsrail XİN-in rəsmi nümayəndəsi Eddi Şapira (Eddi Shapira) cümə axşamı Trend -a bildirib.

Şapiranın sözlərinə görə, İsrail atəşkəsə nail olmaq üçün maksimum səy göstərib. İsrail diplomatının rəyinə görə, HƏMAS həqiqətən də sülh istəyirsə, o zaman qrup rəhbərliyi İsrail vətəndaşlarına qarşı yönəlmiş terror hərəkətlərini və raket atəşlərini dayandırmalı və İsrail dövlətini tanımalıdır.

ABŞ-ın İllinoys Universitetinin politoloqu Frensis Boyl (Francis Boyle), əksinə, hesab edir ki, barışığı İsrail tərəfi poza bilər.

"İsrailin hərbi qüvvələri və kəşfiyyatı günahsız fələstinlilərə qarşı çox sayda vəhşiliklər törədərək, daima İsrail və Fələstin siyasətçiləri arasında əldə edilmiş diplomatik sazişləri pozmaq iqtidarında olublar", - Boyl cümə axşamı elektron poçtla Trend -a bildirib.

O, hazırda İsrailin Birləşmiş Ştatlarla İrana hücuma hazırlıq imkanı üçün HƏMAS, Livan və Suriya ilə bütün münaqişəli vəziyyətləri azaltmağa çalışdığını istisna etmir.

"Aydın görünür ki, əgər barışıq uzansa, bunu HƏMAS-ın qələbəsi hesab etmək olar", - ekspert əlavə edib.

Al-Jazeera kanalının eksperti Cihad Saadi hesab edir ki, İsrail bu müqaviləni daxili problemlərə görə imzalayıb. Onun rəyinə görə, İsrail hökuməti konkret barışığa can atmır.

"İsrailin Baş naziri Ehud Olmert hökumət daxilində problemlərə görə bu danışıqlara gedib. Bu problemlərin aradan qaldırılması məqsədilə israillilərə heç zaman qəti barışıq imzalamaq faydalı olmayacaq. Bu barışıq həqiqidir, lakin qəti deyil", - Saadi cümə axşamı telefonala Küveytdən Trend -a bildirib.

Sülh İnstitutunun (ABŞ) münaqişələrin analizi və onların profilaktikası Mərkəzinin əməkdaşı Skott Lasenski ( Scott Lasensky ) hesab edir ki, İsrail və HƏMAS arasında barışığın nə qədər çəkəcəyini heç kim bilmir.

Onun sözlərinə görə, vəziyyət o qədər dayanıqsızdır ki, istənilən təhlükəli hadisə şansı kifayət qədər yüksəkdir və bu, barışığı xüsusilə də həssas edir. Bu barışıqda böyük rol son ildə İsrail və HƏMAS arasında vasitəçi kimi çıxış edən Misirə məxsusdur.

Şapira Misir diplomatiyasının Qəzzə zolağında İsrail və HƏMAS arasında atəşkəs haqqında sazişdə xüsusi rolunu və missiyasını vurğulayıb. "İsrail bu sazişə zəmanət vermiş rəsmi Qahirənin səylərinə görə atəşkəsə razı olub və Misirin rolunu yüksək qiymətləndirir", - İsrail XİN-in rəsmi nümayəndəsi qeyd edib.

Lasenski İsrail rəhbərliyi və HƏMAS-ın Qəzzə zolağında və İsrail sərhədlərində zorakılığın dayandırılması üçün ünsiyyət saxlaya və işləyə bildikləri prosesin şərtlərinin yaradılmasında da Misirin böyük rolunu qeyd edir.

"Bununla belə, tərəflər irəliləyişi davam etdirə bilsələr, barışıq uzun çəkə bilər. Arzu ediləndir ki, bu proses Misirdən tunellər, İsrail əsgəri Qilad Şalitin azad edilməsi, Qəzzə sektoruna çıxış və azad əlaqə və s. kimi həll edilməmiş məsələlərdə də Misirin vasitəçiliyi ilə getsin", - Lasenski cümə axşamı elektron poçtla Trend -a bildirib.

Onun rəyinə görə, Misirin barışıqda öz maraqları var və ona görə bu ölkənin hökuməti vasitəçi rolunda çox maraqlıdır.

Saadi isə, hesab edir ki, Misir bu danışıqlarda əsas deyil, formal rol oynayır, belə ki, hələ müsbət nəticələr yoxdur.

Ekspertin rəyinə görə, üçüncü ölkənin bu danışıqlarda iştirak etməsi əsas deyil, lakin məhz o, ola bilsin ki, barışığın imzalanması prosesini sürətləndirib.

Saziş çərçivəsində, İsrail üç gündən sonra Qəzzə zolağında NBM-si açmağa başlamalı və zolağın iqtisadi blokadasını götürlməlidir. Müşahidəçilər qeyd edirlər ki, HƏMAS üçün sazişin bu bəndi xüsusilə vacibdir. Belə ki, yerli əhaliyə Təşkilatın İsrailə qarşı müharibədə real nailiyyətlərini nümayiş etdirməyə imkan verir.

Sazişin müəlliflərindən biri, İsrail Müdafiə Nazirliyi nəzdində hərbi-siyasi qərargahının rəisi Amos Qilad sazişin qüvvəyə minməsi ərəfəsində bəyan edib ki, "HƏMAS tərəfindən razılığın istənilən şəkildə pozulması İsrailin öz mövqelərinə yenidən baxmasına səbəb olacaq".

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti