Azərbaycan, Bakı, 24 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycan müxalifətinin siyasi qüvvələri Seçki Məcəlləsinə əlavə və dəyişikliklər təsdiqləndikdən sonra seçkilərdə iştirak məsələsinə birmənalı münasibət bildirməyiblər. "Bəzi müxalifət partiyalarında müəyyən tərəddüdlər yaranmışdı və hesab edirdilər ki, seçki qanunvericiliyinə əlavə və dəyişikliklər təsdiq edilməyə bilər. Amma mən ilk gündən Seçki Məcəlləsinə hər hansı dəyişikliyin edilməyəcəyini bildirirdim və bu baxımdan prezidentin dəyişiklikləri təsdiqləməsini təbii qarşılayıram", çərşənbə axşamı Trend -a Azərbaycan Naminə İctimai Forumun rəhbəri, prezidentliyə iddialı Eldar Namazov deyib.
Trend -un arayışı: İyunun 2-də Milli Məclisin qərarı ilə Seçki Məcəlləsində bir sıra dəyişikliklər edilib. Seçki kampaniyasının müddəti 120 gündən 75 günə endirilib. 75 günün 28-i təşviqat işlərinə, qalan günlər isə namizədin müəyyən edilməsi, onun qeydə alınması üçün imzaların toplanması, imzaların Mərkəzi Seçki Komissiyası tərəfindən yoxlanması və digər prosedur tədbirlərinə sərf olunacaq. Bundan başqa, namizədin dəstəklənməsi üçün lazım olan imzaların sayı əvvəllər olduğu kimi 45 min yox, 40 min müəyyən edilib, dövlət KİV-də seçki təbliğatı qadağan olunub. İyunun 23-də prezident əlavə və dəyişiklikləri təsdiqləyib.
Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtiadaryönlü Ana Vətən və Sosial Rifah partiyaları isə seçkidə İlham Əliyevin namiəzdliyini müdafiə etmək qərarı veriblər. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib.
Namazov bildirib ki, əlavə və dəyişikliklərin təsdiqlənməsinin onun seçki ilə bağlı planlarına hər hansı təsiri olmayacaq. "Mən mütləq prezident seçkisində iştirak edəcəyəm", - deyə Namazov vurğulayıb.
Müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə çərşənbə axşamı Trend -a açıqlamasında əlavə və dəyişikliklərin təsdiqlənməsinə fərqli yanaşıb. Onun sözlərinə görə, yeni Seçki Məcəlləsi seçkinin demokratik keçirilməyəcəyini indidən söyləməyə əsas verir. "Bizim seçkidə iştirak qərarımız var. Amma bütün bunlardan sonra partiyada ciddi tərəddüdlər yaranıb. Biz seçki ilə bağlı qərarımızı müzakirə edəcəyik. Çoxluq hansı qərarı versə, mən həmin qərara tabe olacağam", - deyə o əlavə edib.
"Azadlıq" blokunun üzvü, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə çərşənbə axşamı Trend -a deyib ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməmişdən belə, qanunvericilik qüsurlu idi. "Texniki xarakter daşıyan əlavə və dəyişikliklər isə seçki prosesinin daha da qeyri-demokratik keçməsinə gətirib çıxaracaq", - deyə Əliyev bildirib. O, blokun boykot mövqeyində haqlı olduğunu bir daha qeyd edərək, xatırladıb ki, bokyotla bağlı yekun qərar isə blokun yaxın vaxtlarda keçirilən Məclisində veriləcək.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə çərşənbə axşamı Trend -a bildirib ki, təmsil etdiyi partiyanın dövlət başçısının əlavə və dəyişiklikləri təsdiqləməyəcəyi istiqamətində gözləntilrəri olmayıb. "Sadəcə biz hesab edirik ki, həm xalq tərəfindən həm də, beynəlxalq aləm tərəfindən təzyiqlər güclənərsə, Seçki Məcəlləsinə yenidən baxıla bilər" deyən Hacılı partiyada seçkiyə gedib-getməməklə bağlı müzakirələr davam edir və yaxın müddətdə müzakirələr başa çatdırılacaq. Yekun qərarın necə olacağını indidən demək isə bir qədər çətin olacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]