...

Azərbaycanın müxalif bloku boykot taktikasının təsirsiz ötüşməyəcəyini iddia edib

Siyasət Materials 23 İyul 2008 10:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul/ Trend , müxbir E.Babayev/ Üç müxalifət partiyasının (Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf) təmsil olunduğu "Azadlıq" bloku qəbul etdiyi boykot qərarının seçkinin gedişinə təsir edəcəyi qənaətindədir. "Biz hesab edirik ki, artıq bizim boykot addımımız seçkinin gedişatına təsir edib. Artıq seçkinin başlamağına 10 gün qalıb, amma ölkədə heç bir seçki ab-havası yoxdur", Trend -un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə blokun həmtəsisçisi, AXCP sədri Əli Kərimli deyib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisinin bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulur. "Azadlıq" bloku ötən həftə seçkini boykot etmək barədə yekun qərarını verib.

Kərimlinin sözlərinə görə, hazırda ictimai müzakirə bir mövzuda gedir. "Seçkilər boykot olunsun, yoxsa olunmasın. Digər tərəfdən, boykot qərarı cəmiyyət tərəfindən dəstəklənir. Bu gün ictimai-siyasi mühitdə demək olar ki, seçkilər boykot olunub və seçkini xatırladan heç bir əlamət yoxdur. Seçkinin keçirilməsinə 3 aydan da az vaxt qalıb. Hazırda Azərbaycanda seçkini xatırladacaq heç bir iş baş vermirsə, deməli, boykot qərarımız dəstəklənir", - deyən Kərimlinin sözlərinə görə, yaxşı olardı ki, digər ciddi qəbul olunan siyasi partiyalar da boykot qərarına qoşulsunlar. "Əgər müəyyən strukturları olan partiyalar seçkidə iştirak etməyəcəklərsə, onlarla əməkdaşlığın formasını tapacağıq", - deyə Kərimli əlavə edib.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi Əli Əhmədov isə bildirib ki, boykot qərarı əhəmiyyətsiz olacaq. "Seçkidə iştirak etməyən partiyalar cəmiyyətin yadına belə düşməyəcəklər. Siyasi partiyanın cəmiyyətin diqqətində qalmasının yeganə şərti seçkilərdə iştirak etməkdir", - deyən Əhmədovun sözlərinə görə, bəzi müxalifət partiyalarının seçkini boykot etmək barədə çağırışları ifadə baxımından düzgün deyil. Azərbaycanda seçkiləri boykot edə biləcək heç bir qüvvə yoxdur. "Bir neçə partiya yalnız seçkidə iştirak etməkdən imtina edə bilər. Hər hansı partiya seçkidə iştirakdan imtina edirsə, bu, o deməkdir ki, onlar seçkidə iştirak etməyə ya hazır deyillər, ya da seçkidə onları dəstəkləyə biləcək qüvvənin olmadığını açıq şəkildə etiraf edirlər. Siyasi proseslərdə, seçkidə iştirak etmədən seçkilərin gedişinə təsir etmək mümkün deyil. Eyni zamanda, hər hansı partiya seçkiyə getmirsə, həmin partiyanın cəmiyyətdə nə qədər hörmət və nüfuza sahib olduğunu aşkara çıxarmaq mümkünsüzdür", - deyə Əhmədov vurğulayıb.

YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti