Azərbaycan, Bakı, 20 sentyabr / Trend müxbir U.Sadıxova, E.Tarıverdiyeva/ Bir müddət öncə fələstinlilərlə danışıqlarda iştirak edən İsrail XİN başçısı Sipi Livni iqtidar partiya olan "Kadima"nın liderini müəyyən etmək məqsədi ilə keçirilən seçkidə qalib gəlib.
Sipi Livninin hakimiyyətə gəlişindən sonra bölgənin siyasi durumunda hansı dəyişikliklər gözlənilir?
Tel-Avivdəki Begin Sadat Strateji Araşdırmalar Mərkəzinin eksperti Gilel Friş:
- İsrail-Fələstin münaqişəsinin tənzimlənməsi məsələsində İsrailin yeni hökumət başçısı fələstinlilərlə sazişin əsas prinsiplərini hazırlamağa çalışacaq. Konkret olaraq söhbət Qüdsün statusu və fələstinli qaçqınlardan gedir. Livni hesab edir ki, İsrail bu məsələdə tələsməməli və bütün şərtlərlə razılaşmamalıdır.
Düşünürəm ki, Livni qarşı tərəflə anlaşma əldə edə biləcək. Güman ki, bu məsələ 2009-cu ilin yanvarında keçiriləcək seçklər nəticəsində hakimiyyətə gələcək hökumətə həvalə olunacaq.
Tahir əlNunu, HƏMAS-ın rəsmi nümayəndəsi:
- Fələstin hökuməti İsrailin bölgədəki dəyişkən siyasəti ilə yaxşı tanışdır. Biz dəfələrlə görmüşük ki, danışıqlarda hər hansı uğur əldə edildikdə, İsrail tərəfi həmişə öz rəhbərini dəyişir. İsrailin dəyişkən siyasətinə qarşı cavab siyasətimiz var. Biz hər hansı xüsusi dəyişiklikləri gözləmirik, çünki Livninin siyasəti Olmertin siyasətindən fərqlənmir.
Frensis Boyl, ABŞ-ın İllinoys Universitetinin politoloqu:
- Hazırda ən əsas problem ї prezident Buşun müddətinin sonuna, yəni 2009-cu ilin yanvarın 20-ə kimi İrana qarşı İsrail-ABŞ təcavüzü ehtimalıdır. İsrailin Fələstin, Livan və Suriyaya qarşı xarici siyasəti məhz bu məsələdən asılı olacaq. İsrail tərəfi suriyalılar, livanlalar və fələstinlilərlə danışıqları davam edəcəklər və dayandıracaqlar, eyni zamanda isə Fələstin torpaqlarını talan edib fələstinlilərin suyunu kəsəcəklər. İsrail 1,5 fələstinlinin Qəzzadakı soyqırımının səbəbini aradan qaldırınca, dünyada onlara yardım etmək üçün hələlik heç kim heç nə etmək niyyətində deyil.
Səlim Zuheyri, Böyük Britaniyanın Yaxın Şərq strateji araşdırmalar Mərkəzinin direktoru:
- Livni, Mofaz və yaxud Şaron arasında heç bir fərq yoxdur. Onların hamısı eyni siyasəti həyata keçirirlər və ərəb dünyası ilə bağlı məsələdə vahid mövqedən çıxış edirlər, bu da eyni nəticəyə gətirib çıxarır. Hətta İsraildə dəyişikliklər baş versə, biz müsəlman tərəfi kimi öz mövqeyimizdə qalacağıq. Unutmaq olmaz ki, İsraildə siyasətçilər dəyişir, lakin idarəçilik apparatı ї sionizm apparatı dəyişməz olaraq qalır. Ona görə də dəyişiklikləri gözləmək lazım deyil.
Stefan Zyunes, San-Fransisko Universtitetinin politologiya professoru:
- Livni güman ki, Olmertdən fərqli olaraq daha çox praqmatik və daha az ideoloji yükü olan siyasət yürüdəcək. Ehtimal etmək olar ki, Livni ABŞ-ın təzyiqini görsə, strateji və diplomatik kompromisə meyl edəcək.
Devid Lex, Triniti universitetinin Yaxın Şərq İnstitutunun mütəxəssisi:
- Əgər yeni baş nazir öz iddialarını yeni hökumətin formalaşmasına yönəltsə, dəyişikliklər mümkündür. Zənnimcə, İsrail və ABŞ-dakı siyasi durum aydınlaşmayınca, İsrail-ərəb sülh prosesi dəyişməyəcək. İstənilən halda ABŞ-ın yeni prezidenti səlahiyyətlərinin icrasına başlamayınca və ölkədə iqtisadi məsələlərin həlli ilə bağlı tədbirlər davam edincə, İsrailin siyasəti danışıqlar prosesinin uzanmasına yönələcək.
Ronni Lipşuts, ABŞ-ın Santa-Kruz Universitetinin politologiya professoru:
- ABŞ-la İsrailin İrana qarşı məqsədlərini öncədən proqnozlaşdırmaq mümkün deyil, ona görə də İsrailin siyasətində ciddi dəyişikliklər gözləmirəm. Düşünürəm ki, Olmert bir müddət açıq olmasa da, siyasi proseslərdə iştirak edəcək.
Hələlik proqnozlar etmək tezdir. Livni Knessetdə yeni koalisiya formalaşdırmalıdır. Bu isə hazırkı durumda çətindir. Bunun üçün onun 30-45 günü var və əgər iş alınmasa, seçkilər təkrar keçiriləcək.
Hazırda Benyamin Netanyaxu və Likud partiyasının seçkilərdə qələbəsi istisna deyil. Onlar isə Əsəd və Abbasla danışıqlara getməyə risk etməzlər.
Həvdət Baxqat, Pensilvaniya universitetinin Yaxın Şərq Mərkəzinin direktoru:
- Livni radikal baxışlı siyasətçi deyil. O, rəqibi Şaul Mofazdan nisbətən daha az radikaldır. Mənə elə gəlir ki, baş nazir vəzifəsində Fələstinlə danışıqlarda əlindən gələni edəcək. Yeni hökumətin formalaşdırılması və ABŞ-dakı seçkilər İsrailin ərəb dövlətləri ilə barışması prosesini yubadır.
Bu sorğunun ərsəyə gəlməsində A. Qut (İsrail) və R. Hafizoğlu (Bakı) iştirak ediblər.
Məqalə müəllifi ilə bu ünvan vasitəsi ilə əlaqə saxlamaq olar: [email protected]