...

Gerçək uğur, praqmatik siyasət - gözlənilən nəticə - Trend News-un icmalçısı

Siyasət Materials 23 Sentyabr 2008 10:44 (UTC +04:00)
Gerçək uğur, praqmatik siyasət - gözlənilən nəticə - Trend News-un icmalçısı

Trend Xəbərlər Departamentinin direktoru Emil Hüseynli

Azərbaycanda oktyabrın 15-də keçiriləcək prezident seçkisiöncəsi vəziyyət onu deməyə əsas verir ki, ölkədə seçki fəallığının olmadığını iddia edən boykotçu müxalifətçilərin fikirlərində yanıldıqları yəqin oldu. Seçkini boykot edən "Azadlıq" blokunun həmtəsisçiləri Xalq Cəbhəsinin sədri Əli Kərimli, Mill Birlik Hərəkatının lideri Lalə Şövkət, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, o cümlədən Müsavat Partiyasının başqanı İsa Qəmbər, "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov, seçkidə iştirak etməyən digər müxalifət partiyaları prezident seçkisinin alternativsiz olacağını, bununla da beynəlxalq aləm qarşısında seçkilərin nəticələrinin legitimliyinin tanınmaması fonunu yaradacaqlarını güman edirdilər. Bu gün mövcud olan real siyasi proseslər isə boykotçu müxalifət partiyaları liderlərinin gümanlarını doğrultmadı. Prezidentliyə namizədlərin sayının kifayət qədər olması (Mərkəzi Seçki Komissiyası 7 nəfərin namizədliyini qeydə alıb-E.H), rəqabət şəraitinin mövcudluğu heç də seçkilərin sönük və seçici fəallığının az olacağından xəbər vermir. Düzdür, müxalifətin bütün düşərgələrinin seçkidə iştirakını hər kəs, o cümlədən seçkini boykot edən liderlərin partiya üzvləri, onları özlərinə siyasi kapitan seçən vətəndaşlar da arzulayırdı. Əslində, həmin istəkləri nəzərə almayan liderlər problemlərlə üzləşdilər. Bu da özünü partiyadaxili proseslərdə göstərdi. AXCP sədri Əli Kərimlinin boykot qərarına etiraz edən partiya Ali Məslisinin sədri Qulamhüseyn Əlibəylinin, güvəndikləri fəalları Nizami Quliyev, Bahəddin Həziyevin və digərlərinin istefası heç də təsadüfi deyil. Onlar anladılar ki, Əli Kərimlinin apardığı siyasi mübarizə üsulu maraqlarına uyğun gəlmir. Proseslərin inkişafı onu göstərir ki, AXCP daxilindən qopmalar və bunun digər boykotçu müxalifət partiyalarında baş verəcəyi istisna deyil.

Siyasi təhlillər onu göstərir ki, bəzi müxalifət partiyalarının seçkini boykot etməsində ən başlıca amil xalqdan və beynəlxalq aləmdən dəstək almamaları oldu. Azərbaycan seçiciləri hakim partiyanın namizədi, indiki prezident İlham Əliyevin praqmatik siyasətinin məntiqli nəticələrini tam aydın görür. Yalnız bir misalı göstərmək kifayətdir ki, Cənubi Qafqazda yaranan qarışıq siyasi vəziyyətdə Azərbaycanın müharibə paliqonuna çevrilməsi ilə nəticələnə biləcək bir prosesin qarşısının İlham Əliyev tərəfindən aparılan ağıllı, uzaqgörən siyasət nəticəsində alınması seçicilərin nəzərindən qaca bilməz. Hətta müxalifət düşərgəsində hakimiyyətə qarşı radikal siyasəti ilə seçilən, özünü müsavatçı, cəbhəçi hesab edən, səsinə, sənətinə hörmət etdiyim Flora Kərimova da İlham Əliyevin Rusiya-Gürcüstan münaqişəsində seçdiyi siyasəti təqdirəlayiq saydı və seçkidə vətəndaş olaraq hakim partiyanın namizədinə səs verəcəyini açıqca bəyan etdi.

Müxalifət liderlərinin Ağ Ev, Kreml, rəsmi Paris və digər hegemon dövlətlərdən dəstək almamaları, seçkini boykot etməklə növbəti məğlubiyyətdən qaçmaları üçün zəmin yaratdı. 2003-cü il prezident, 2005-ci il parlament seçkilərində beynəlxalq təşkilatlardan az da olsa dəstək alan müxalifət liderlərinin builki seçkilərdə proqnozları özünü doğrultmadı. Bunu bir neçə misalla sübut etmək olar. 2005-ci ildə müxalifətin "narıncı inqilab" arzusunu darmadağın edən ABŞ senatoru Riçard Luqar bu il Azərbaycana səfər edərkən boykotçu müxalifət liderləri daha ümidli görünürdülər. Lakin amerikalı senator boykotçu müxalifət liderləri ilə Bakıda keçirilən builki görüşündə bir daha inqilabın tərəfdarı olmadığını bəyan etdi və indiki hakimiyyətə rəğbət bəslədiyini gizlətmədi. Müxalifət Luqarla görüşdən sonra bir daha anladı ki, Azərbaycanda xarici qüvvələrin dəstəyi ilə hakimiyyət dəyişikliyinə nail olmaq istəyi real görünmür.

Müxalifətin daha böyük ümid bəslədiyi Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda keçiriləcək prezident seçkisini müşahidə edəcək missiyasının rəhbəri Andres Herkelin ötən həftə keçirdiyi mətbuat konfransında ölkədəki seçkiöncəsi vəziyyətə dair bəyanatı isə boykotçular üçün gözlənilməz oldu. Əvvəla, müxalifətçi liderlər hesab edirdilər ki, Herkel onların boykot seçimini təqdir edəcək və hakimiyyəti demokratik, şəffaf şərait yaratmamaqda günahlandıracaq. Lakin Herkelin açıqlamaları müxalifət liderlərinin "biz boykot etməklə beynəlxalq təşkilatların diqqətini Azərbaycandakı proseslərə cəlb edəcəyik" ideyasını reallaşdırmadı. Bu ideyanı dəfələrlə mətbuata açıqlama verən Əli Kərimli bir daha özündə yəqin etdi ki, onun etdiyi siyasi manevrlər real həyat üçün keçərli deyil.

AŞ PA-nın baş katibi Terri Devisin müxalifətin seçkini boykot etməsini təəccüblə qarşılaması, "sivil dünyada boykotu qəbul edən yoxdur və Azərbaycanda əlverişli seçki qanunvericiliyi bazası yaradılıb" söyləməsi bir daha onu göstərdi ki, beynəlxalq təşkilatlar Azərbaycandakı müsbət nəticələri açıqca etiraf edir. Maraqlı burasındadır ki, vaxtilə beynəlxalq təşkilatları Azərbaycan hakimiyyətinə təzyiq metodu seçən bəzi müxalifət liderləri indi də onları ölkədəki demokratiyanı enerji maraqlarına qurban verməkdə suçlayırlar. Əslində, beynəlxalq təşkilatların müxalifəti dəstəkləməməsində ən əsas amil onların xalqın dəstəyini ala bilməməsidir. Adını çəkmək istəmədiyim müxalifətçi liderlərdən biri mənimlə söhbətində (bu söhbət 2000-ci il parlament seçkilərindən öncə olub-E.H) dedi ki, Ağ Evin və digər beynəlxalq təşkilatların müxalifəti dəstəkləməməsinə səbəb liderlərin xalqı arxasınca apara bilməməsidir. Həmin müxalifətçi lider 2000-ci il parlament seçkisiöncəsi ABŞ Dövlət Departamentində apardığı müzakirələrdən sonra bu qənayətə gəlmişdi və bunun nəticəsi olaraq hazırda siyasi fəaliyyətlə məşğul olmur.

Müxalifətin xalq tərəfindən dəstəklənməməsi isə bugünki hakimiyyətin apardığı uğurlu xarici və daxili siyasətin nəticəsidir. Hakim partiyanın namizədi olan İlham Əliyevi müxalifətçi liderlərdən fərqi ondadır ki, onun xarici və daxili siyasətlə bağlı dəqiq təsəvvürləri var, ardıcıl siyasət apara bilir. İlham Əliyevin siyasətində prioritet məsələ balanslaşdırılmış siyasət, uğurlu neft strategiyası həyata keçirmək olduğundan, həm daxildə, həm də xaricdə nüfuz sahibinə çevrilib.

Xəbər lenti

Xəbər lenti