...

Azərbaycan parlamentinin komissiyası bələdiyyə torpaqlarındə fərdi evlərin tikilməsinə icazə qaydalarına dəyişiklik edib

Siyasət Materials 17 Oktyabr 2008 12:37 (UTC +04:00)
Azərbaycan parlamentinin komissiyası bələdiyyə torpaqlarındə fərdi evlərin tikilməsinə icazə qaydalarına dəyişiklik edib

Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin Regional məsələlər daimi komissiyası ölkə bələdiyyələrinin tabeçiliyində olan torpaqlarda vətəndaşların fərdi evlər tikməsinə icazə verən qanuna dəyişiklik edib.

"Bu dəyişiklik Azərbaycan bələdiyyələrinin büdcəsinin artmasına və maliyyə imkanlarının genişlənməsinə imkan verəcək", - Azərbaycan parlamentinin regional məsələlər daimi komissiyasının cümə günü keçirilən iclasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin sədri Mehdi Səlimzadə bildirib.

Trend -un məlumatına görə, komissiyanın iclasında "Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycanın bəzi qanunverici aktlarına əlavə və dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə edilib.

Komissiya üzvü Sahib Süleymanov qeyd edib ki, vətəndaşlar xeyli müddətdir ki, bələdiyyə torpaqlarında fərdi evlərin tikilməsinə icazə verilməsini gözləyir.

Komissiya sədri Arif Rəhimzadə bildirib ki, bələdiyyə torpaqları vətəndaşlara verilən zaman hərbi qulluqçulara üstünlük veriləcək. Qanuna edilən dəyişikliyə əsasən, hərbi qulluqçular 5 il müddətində xidmət etdikləri ərazidə torpağı icarəyə götürə bilərlər.

"Hərbi qulluqçular bələdiyyə torpaqları götürmək üçün həmin bələdiyyənin ərazisində 5 il qulluq etməlidirlər", - Rəhimzadə əlavə edib.

Əlavə və dəyişikliklər qəbul olunması üçün Milli Məclisin müzakirəsinə təqdim edilib.

Əvvəlki qanunvericiliyə görə, bələdiyyə torpaqlarında fərdi evlərin tikilməsi üçün icra strukturlarından icazə alınmalı idi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti