Gürcüstan, Tbilisi, 20 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın xarici işlər naziri (XİN) Yekaterina Tkeşelaşvili bazar ertəsi gecə Brüsselə səfər edib. Nazir oktyabrın 22-də Belçika paytaxtında keçiriləcək donorların konfransında iştirak edəcək.
"Biz Rusiya təcavüzü zamanı zərər çəkmiş və məhv olmuş infrastrukturu bərpa etmək, münaqişə zonasında insanları mənzillərlə təmin etmək, həmçinin iqtisadiyyat və sosial sahənin inkişafına yardım göstərmək məqsədi ilə lazımi vəsaiti cəlb etmək niyyətindəyik", - deyə o, uçuşdan öncə jurnalistlərə bildirib.
Tkeşelaşvili Avropa İttifaqı nümayəndələri ilə hazırlıq görüşləri keçirəcək. Donorların konfransı Aİ-nin himayəsi altında keçəcək.
ABŞ və Aİ ekspertləri Gürcüstan-Rusiya münaqişəsi nəticəsində Gürcüstana 3 mlrd. dollar həcmində ziyanın dəydiyini müəyyən ediblər.
ABŞ Gürcüstanın bu ölkənin dövlət büdcəsindən 1 mlrd. dollar alacağını bildirib, Aİ isə iqtisadiyyat və sosial sahənin bərpası üçün bu ölkəyə 500 mln. avro ayırmaq niyyətində olduğunu bəyan edib.
Gürcüstan tərəfi qalan məbləği ABŞ və Aİ-nin köməkliyi ilə özəl sərmayədarlardan cəlb etmək niyyətindədir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]