İran, Tehran, 06 noyabr / Trend , müxbir A.Namdari / İranın Dövlət Qurumlarına Nəzarət Təşkilatının sədri Mustafa Purməhəmmədi hökuməti tənqid edərək bildirib ki, "çox sayda qərar qəbul etmək əsas deyil, ölkənin potensialını nəzərə alaraq söz verib, qərar qəbul edib, əməl etməliyik".
Purməhəmmədi çərşənbə axşamı Qum şəhərinin "Tolu-e-mehr" müəssisəsində çıxışı zamanı bildirib ki, həyata keçirilməyən vədlər vermək ənənəsi dəyişdirilməlidir və əgər kimsə iş görə bilməyəcəksə, söz verməsin.
Purməhəmmədi bundan əvvəl İran prezidenti Əhmədinejadın hökumətində DİN rəhbəri olub. O, İran prezidenti ilə aralarında olan fikir ayrılığı səbəbindən cairi ilin yay aylarında vəzifəsindən kənarlaşdırılıb.
Purməhəmmədi DİN-in rəhbəri vəzifəsindən getdikdən sonra İranın ədliyyə naziri Mahmud Haşimi Şahrudi tərəfindən ölkənin Dövlət Qurumlarına Nəzarət Təşkilatının sədri vəzifəsinə təyin edilib.
İran mətbuatının cümə axşamı yaydığı məlumatda Əhmədinejad hökumətinin keçmiş DİN rəhbərinin çıxışlarının birbaşa bu hökumətin tənqidinə yönəldiyi bildirilib.
İran prezidenti Əhmədinejad ötən üç ildən artıq müddət ərzində İranın müxtəlif vilayətlərinə səfər edərək, indiyədək icrası haqqında dəqiq məlumat olmayan minlərlə layihə təsdiqləyib.
İqtisadi ekspertlərin fikrincə, hökumətin 4 il ərzində mindən artıq layihəni həyata keçirməsi mümkün deyil.
Ekspertlər düşünürlər ki, hökumətin maliyyə mənbələrinin az olması bu cür geniş layihələrin icrasına əngəllər yaradacaq.
Əhmədinejad 2005-ci ildəki seçkilərdə qələbə qazanaraq İran prezidenti seçilib. İranda gələcək prezident seçkiləri 2009-cu il iyun ayının 12-də keçiriləcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]