Azərbaycan, Bakı, 12 noyabr / Trend müxbir İ.Əlizadə/ Azərbaycanda əhalinin sağlamlığının qorunmasını gücləndirmək üçün hazırlanan qanun layihəsi Parlamentin sosial- siyasət komissiyasının üzvləri arasında fikir ayrılığı yaradıb.
""Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində elə məsələlər var ki, Azərbaycan cəmiyyəti onları qəbul etməyə hazır deyil. Bu Qanun ailələrin dağılmasına, zəifləməsinə deyil, möhkəmlənməsinə xidmət etməlidir", - deyə Parlamentin Sosial- siyasət daimi komissiyasının çərşənbə günü keçirilən iclasında komissiya sədrinin müavini, deputat Musa Quliyev bildirib.
Trend - un məlumatına görə, komissiyanın iclasında "Reproduktiv sağlamlığ haqqında" yeni qanun layihəsi müzakirə olunub.
Quliyev qeyd edib ki, bu Qanunun qəbul olunmasında tələskənliyə yol vermək olmaz. Onun fikrincə, qanun layihəsində cinsi azlıqlarla bağlı məsələyə yenidən baxılmalıdır.
"Qanun layihəsində nikahdankənar uşaqların doğulması öhdəlik kimi qoyulub. Qanun layihəsində göstərilir ki, yetkinlik yaşına çatan hər bir qadının süni mayalanmaya hüququ var. Bunu hamıya şamil etmək olmaz. Bəlkə hansısa qadın ailə qurmaq istəyir. Layihədə göstərilir ki, analıq hüququ qadının nikahda olub - olmamasından asılı olmayaraq mövcuddur. Belə məsələləri bu formada Qanunda yazmaq olmaz", - deyə o əlavə edib.
Qanun layihəsinin müəllifi, deputat Məlahət Həsənova bildirib ki, qanun layihəsi beynəlxalq təşkilatların və dövlət qurumlarının nümayndələrinin iştirakı ilə parlamentin Sosial- siyasət daimi komissiyasının geniş iclasında müzakirə olunduqdan sonra, onun adı dəyişdirilib.
"Müzakirələr zamanı belə təkliflər verildi ki, layihə "Sağlamlıq və ailə planlaşdırması haqqında" Qanun adlandırılsın. Çünki bu Qanunun hazırlanması Azərbaycan dövlətinin ailə planlaşdırılması siyasətinin davamıdır. Ona görə də, Qanunun adı dəyişdirilib və "Sağlamlıq və ailə planlaşdırması haqqında" adlandırılıb", - deyə Həsənova vurğulayıb.
Komissiyanın qərarına əsasən, qanun layihəsi yenidən işlənəcək və birinci oxunuşda Parlamentin müzakirəsinə çıxarılacaq.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]