...

RF-nin Xəzərdə operativ təhlükəsizlik qüvvələri yaratmaq təşəbbüsünü Xəzəryanı dövlətlər dəstəkləməyəcək

Siyasət Materials 12 Fevral 2009 12:19 (UTC +04:00)
RF-nin Xəzərdə operativ təhlükəsizlik qüvvələri yaratmaq təşəbbüsünü Xəzəryanı dövlətlər dəstəkləməyəcək

Azərbaycan, Bakı , 11 fevral/ Trend , müxbir E.Rüstəmov / Rusiyanın Xəzərdə KASFOR operativ təhlükəsizlik qüvvələri yaratmaq istəyini çətin ki, digər Xəzəryanı dövlətlər dəstəkləsin.

"Nə İran, nə Türkmənistan, nə də Azərbaycan Rusiyanın KASFOR operativ təhlükəsizlik qüvvələri yaratmaq təklifini dəstəkləməyəcək", - deyə azərbaycanlı politoloq Zərdüşt Əlizadə bildirib.

Rusiynın "ARMS-TASS" agentilyinin verdiyi xəbərə görə, Rusiya Xəzərdə KASFOR operativ təhlükəsizlik qüvvələri yaratmağa hazırdır. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Moskva bu strukturun yaradılmasını region ölkələrinin dəniz qüvvələrinin iştirakı olmadan da mümkün hesab edir və  bu istiqamətdə iş aparır.
Xəzərdə operativ təhlükəsizlik qüvvələrinin (KASFOR) yaradılması ideyası hələ 2004-cü ildə Həştərxanda Xəzəryanı dövlətlərin HDQ komandanlarının görüşü zamanı Rusiya tərəfindən irəli sürülüb. Lakin o zaman ideyanı yalnız İran dəstəkləyib.

Politoloqların rəyinə görə, Rusiya tərəfindən operativ təhlükəsizlik qüvvələrinin yaradılması təşəbbüsü Xəzəryanı ölkələrinin əksəriyyəti arasında dəstək qazanmayacaq.

Azərbaycan politoloqu Rasim Musabəyov Rusiyanın təşəbbüsünü dəstəkləyə biləcək ölkə görmür. "Bu Qazaxıstan ola bilər, lakin mən Qazaxıstanın buna razı olması barədə eşitməmişəm", - deyə Trend -a müstəqil ekspert Musabəyov bildirib.

O hesab edir ki, Rusiyanın artıq Xəzər dənizində donanması var və əgər o, bunun adını dəyişərək Kasfor qoymaq istəyirsə bu heç nəyi dəyişmir. "Rusiyanın digər ölkələrin iştirakı olmadan bunu yaradacağını qeyd etməsi faktı onun şəxsi işidir, lakin bu, beynəlxalq qüvvəllər missiyasına bənzər bir şey olarsa, o zaman digər ölkələrin iştirakı olmadan buna nail olmaq mümkün olmayacaq", - deyə Musabəyov bildirib.

İranlı ekspert Həsən Behiştipur hesab edir ki, hərbi-dəniz qüvvələrinin yaradılması Rusiya üçün sərfəli ola bilər, lakin digər Xəzəryanı ölkələrin maraqlarına cavab vermir.

"O cümlədən də İranın maraqlarına cavab vermir. Çünki İranın mövqeyi Xəzəryanı ölkələr arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıqdan ibarətdir", - deyə Trend -a telefonla Rusiya siyasəti üzrə iranlı ekspert Behiştipur bildirib.

O hesab edir ki, Xəzərdə təhlükəsizlik bütün beş ölkənin qarşılıqlı fəaliyyəti əsasında təmin edilməlidir.

Ekspertin rəyinə görə, qarşılıqlı əməkdaşlıq olarsa, İran operativ təhlükəsizlik qüvvələrinin yaradılması layihəsini dəstəkləyə bilər. "İran Xəzərdə təhlükəsizliyin təminatında qeyri-Xəzəryanı ölkələrin iştirakına qarşı çıxır", - deyə Behiştipur bildirib.

Politoloqların fikrincə, Azərbaycan prosesə qarışmamağı üstün tutaraq Rusiyanın təşəbbüsünə qarşı çıxış etməyəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim Trend -a bildirib ki, Azərbaycan bu məsələni nəzərdən keçirə bilər. 

"Bu fakt ilə bağlı bizə hər-hansı rəsmi müraciət daxil olarsa, bu faktı nəzərdən keçirə bilərik, bundan sonra artıq mövqe nümayiş etdirmək olar", - deyə İbrahim bildirib.

Əlizadənin sözlərinə görə, Rusiya regionda öz mövqeyini gücləndirmək istəyir, Azərbaycan da buna qarşı çıxmayacaq, sadəcə bu məsələyə qarışmayacaq.

"Düşünürəm ki, bu mənasız təşəbbüsdür, çünki Xəzər dənizi ətrafında beş ölkə var və heç kim heç kimi təhdid etmir", - deyə o bildirib.

Musabəyov hesab edir ki, Azərbaycanın mövqeyi bu missiyanın fəaliyyətinin nədən ibarət olacağı və Azərbaycanın maraqlarına cavab verib-verməyəcəyindən asılı olacaq.

Rusiyalı ekspertin rəyinə görə, Rusiya indi donanmasını gücləndirməyə tələsməməli və 2004-cü ildə Azərbaycan və Qazaxıstan tərəfindən irəli sürülən təkliflərə diqqət yetirməlidir.   

Xəzər dənizinin Təhlükəsizlik Proqramında (CMSP) iştirak edən Azərbaycan və Qazaxıstan  hələ 2004-cü ildə narkotrafik, silah alveri, Xəzər hövzəsində qaçaqmalçılıq ilə mübarizə aparacaq, axtarış-xilasetmə işlərini yerinə yetirəcək strukturun yaradılması təklifini irəli sürmüşdü.

Rusiyanın hərbi eksperti Anatoli Tsıqanov hesab edir ki, dünya maliyyə böhranı şəraitində Rusiya Xəzərdə HDQ-nin gücləndirilməsi, qüvvələrin yaradılması və müasirləşdirilməsi təşəbbüsünü reallaşdırmaq məsələsində gözləməlidir.

O hesab edir ki, hazırkı böhran şəraitində əvvllər nəzərdə tutulan proqramları eyni vaxtda həyata keçirmək lazım deyil.

"Rusiya üçün hazırda Azərbaycan və Qazaxıstanın təklifini dəstəkləmək daha məqsədəuyğundur, çünki Rusiya üçün sözün əsl mənasında ən böyük təhlükə narkotrafikdir", - deyə Trend -a Hərbi Proqnozlar Mərkəzinin rəhbəri Tsıqanok bildirib.  

Onun sözlərinə görə, beş-altı il bundan öncə səsləndirilən təkliflər Azərbaycan və Qazaxıstanın təşəbbüsünün xeyrinə nəzərdən keçirilə bilər.

"Düşünürəm ki, Azərbaycan və Qazaxıstanın təklifi müsbətdir və nəzərə alınmalıdır", - deyə Tsıqanok vurğulayıb.

Materialın hazırlanmasında R. Ağayev (Moskva), T.Cəfərov iştirak edib.

Məqalə müəllifi ilə əlavqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti