...

İsraildəki sağçı qüvvələrin təsiri sülh prosesində çətinliklər yaradır - FMA-nın İsraillə sülh danışıqları üzrə nümayəndə heyətinin başçısı (MÜSAHIBƏ)

Siyasət Materials 30 Mart 2009 11:24 (UTC +04:00)
İsraildəki sağçı qüvvələrin təsiri sülh prosesində çətinliklər yaradır - FMA-nın İsraillə sülh danışıqları üzrə nümayəndə heyətinin başçısı (MÜSAHIBƏ)

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir Ü.Sadıxova /

Trend -un Yaxın Şərq redaksiyasının Fələstin Milli Administrasiyasının (FMA) İsraillə sülh danışıqları üzrə nümayəndə heyətinin başçısı Sahib Arikatla müsahibəsi

- İsrailin yanvarda Qəzza Zolağından qoşunların çıxarılmasına qarşı olan sağçı partiyası yəqin ki, hökümətə başçılıq edəcək. Bu İsraillə Fələstin rəhbərliyi arasında yeni siyasi mübahisələrə gətirib çıxara bilərmi?

- İsraildəki seçkilər ölkənin daxili işidir. Eyni zamanda İsrailin istənilən yeni rəhbərliyi ilk növbədə həyata keçirəcəyi tədbirlərlə qiymətləndiriləcək. İsraildə sağçıların təsiri və qeyri-sabit, sağ-ekstremist koalisiya hökumətinin formalaşma ehtimalı, görünür ki, sülhün bərqərar olması məsələsinə gəldikdə böyük çətinliklər yaradır. İsrail hökumətinin son heyətinin necə olmasından asılı olmayaraq, sülh prosesinin dirçəlişi iki faktora əsaslanacaq.

Birincisi, yeni İsrail höküməti "Yol xəritəsi" üzrə özünün bütün öhdəliklərini yerinə yetirməlidir. Bu özündə bütün məskunlaşma fəaliyyətinin dərhal və tamam dondurulması, fələstinlilər üçün Şərqi Qüds də daxil olmaqla Qərb Sahilinin həm daxili, həm də xaricində normal hərəkətinin bərpası və humanitar qəzaya gətirib çıxaran İsrailin Qəzzanı blokadasının götürülməsini ehtiva edir.

İkincisi, yeni İsrail höküməti iki dövlətin yaradılması və 1967-ci il sərhədləri çərçivəsində həyatqabiliyyətli, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasına dəstəyini birmənalı şəkildə bildirməli, eləcə də İsrail və Fələstin Azadlıq Təşkilatı ilə əvvəlki müqavilələrə riayət etməlidir. Bunlar olmadan (fələstinlilərin) sülh üçün tərəfdaşı yoxdur.

Beynəlxalq ictimaiyyət əvvəlki müqavilələr çərçivəsində tərəflərin öz öhdəlikləri üzrə cavab verməyə məcbur etmək məqsədilə, etibarlı mexanizmin yaradılması yolu ilə sülhün bərqərar olmasında fəal iştirak etməlidir.

- İran Fələstin-İsrail münaqişəsinin həlli üzrə öz təklif paketini irəli sürüb. Tehran və HƏMAS-ın sıx münasibətlərini nəzərə alaraq, İranın danışıqlardakı vasitəçiliyi nə qədər müsbət ola bilər?

- İran ərəb sülh təşəbbüsünü qəbul etmiş 57 ərəb və İslam ölkələrindən [İslam Konfransı Təşkilatının üzvləri] biridir. Bu təşəbbüs İsrail tərəfindən ərəb torpaqlarının işğalının dayandırılması, həmçinin qaçqınlar məsələsinin ədalətli və razılaşdırılmış həlli əvəzində İsrailə (ərəb ölkələri ilə) münasibətlərin tam normallaşmasını təklif edərək sülh prosesinin irəli aparılması üçün unikal imkan yaradır. Ancaq İsrail hələ də bu imkandan heç cür yararlanmır.

- Avropa və Türkiyə hesab edir ki, HƏMAS-ın İsraillə danışıqlarda iştirakı onların gedişini yaxşı tərəfə istiqamətləndirə bilər. HƏMAS və FƏTH-in əməkdaşlığı sülh prosesinin gedişinə necə təsir edəcək?

- Fələstin birliyi fələstinlilərin özünümüəyyənetmə uğrunda mübarizəsi üçün vacib əhəmiyyət daşıyır. Eyni zamanda fikir fərqliliyi İsrail işğalına qarşı müqaviməti yalnız zəiflədir. Qahirədəki hazırkı milli (FƏTH və HƏMAS arasında) danışıqlar barışıq yolunda müsbət addımdır. Onu da qeyd etmək vacibdir ki, bu mahiyyət etibarilə (FMA-nın) daxili məsələdir və o, İsrailə əvvəlki müqavilələr üzrə öhdəliklərə məhəl qoymamaq və onları pozmaqda davam etmək üçün heç bir bəraət qazandırmır. Sülhə iki illik Fələsin parçalanması yox, 42 illik İsrail işğalı mane olur.

- Misir Fələstin-İsrail münaqişəsində daimi vasitəçi kimi çıxış edir, amma Qahirə yalnız Fələstin hökuməti ilə əməkdaşlığa razı olur. Sülh prosesinin irəlilədilməsi üçün Qahirənin vasitəçiliyə dəyişiklik etməyə ehtiyac varmı?

- Sülh prosesinin həvəsləndirilməsi və bərpası öz siyasətini əsaslı dərəcədə dəyişməli olan İsraildən asılıdır. Prezident Mahmud Abbasla təmsil olunan Fələstin rəhbərliyi, Misirin Fələsin sülhündə oynadığı rola, onun Fələstin dövlətinə dəstəyini və İsrail işğalının dayandırılmasına qarşı fəaliyyətini alqışlayır və onu yüksək qiymətləndirir.

- Milli Fələsin Hökumətinin yaradılması üzrə danışıqlarda tələblərdən biri FAT-ın siyasi strukturunun islahatıdır. FAT-ın siyasi strukturuna hansı dəyişikliklər edilməlidir? Bu Fələstin qruplaşmalarının münasibətlərinə necə təsir edəcək? 

- Yarandığı 1964-cü ildən etibarən FAT, istər işğal olunmuş Fələstin ərazilərindəki bütün fələstinlilərinin, istərsə də Fələstin diasporunun özünümüəyyənetmə və müstəqillik uğrunda ədalətli mübarizəsini təmsil etmək funksiyasını yerinə yetirən təşkilat rolunu oynayıb. Ümumi razılıq var ki, FAT daxilində, İsrailin işğalı dayandırmaqdan imtina etməsini nəzərə alaraq bu gün qarşılaşdığımız problemləri özündə əks etdirən islahatlara ehtiyac var. Bu islahatlar FAT-ın müxtəlif təsisatlarının dirçəlişinə gətirib çıxarmalıdır ki, bu təşkilat siyasi mənsubiyyətindən asılı olmayaraq bütün fələstinlilərin marağını təmsil edə bilsin.

FAT legitimliyi mübahisə mövzusu olmamalıdır. O, bundan sonra da Fələstin xalqını təmsil edən yeganə və qanuni orqan olaraq qalmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti