...

Azərbaycanın hüquq-mühafizə orqanları törədilmiş ağır qətllərlə bağlı birgə məlumat yayıb

Siyasət Materials 16 Aprel 2009 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda hüquq-mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 6 il öncə xüsusi amansızlıqla törədilmiş qətllərin üstü açılıb.

Trend -un məlumatına görə, Ədliyyə, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun birgə yaydığı məlumatda həmin qətllərlə bağlı ətraflı məlumat verilib.

Məlumata görə, 2003-cü il aprelin 3-ü və 8-də Xətai rayonundakı X.Məmmədov küçəsində yandırılmış vəziyyətdə tapılan kişi və qadın meyitlərinin kimliyi müəyyənləşib.

Həmin tarixlərdə Xətai Rayon Prokurorluğu tərəfindən CM-in 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işləri başlanılıb və istintaq aparılıb. Lakin meyitlərin şəxsiyyətləri və cinayəti törətmiş şəxslər müəyyən edilmədiyindən hər iki cinayət işi üzrə icraat həmin ilin oktyabrında dayandırılıb.

Bu il yanvarın 22-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi tərəfindən iş üzrə icraat təzələnərək intensiv istintaq-əməliyyat tədbirlərinin icrasına başlanılıb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində həmin meyitlərin 1980-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı Askarov Ramin Nizamoviç və onun anası 1957-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı Askarova Göyçək Abdulla qızı olduğu müəyyənləşib.

Cinayətin Gürcüstan vətəndaşları Nazim Acalov və onun həyat yoldaşı Raina Əhmədova tərəfindən törədildiyi müəyyən olunub.

Hazırda Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Acalov Bakı şəhərində oğurluq, qanunsuz odlu silah və narkotik maddə əldə edib gəzdirmə, saxlama cinayətləri törətməkdə təqsirli bilinərək 2005-ci ilin fevralında Cinayət Məcəlləsinin oğurluq (177.3.2), qanunsuz olaraq odlu silah saxlama, əldə etmə, satma, başqasına vermə, daşıma və gəzdirmə (228.1) və qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.1-ci) maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

İstintaqla müəyyən edilib ki, Acalov 2003-cü ilin mart ayında Bakının Xətai rayonu ərazisindəki kirayədə yaşadığı mənzilində arvadı Əhmədova ilə qohumu Ramin Askarovu onlara borclu olduğu pulu ödəmədiyi üçün öldürmək qərarına gəlib.

Onlar Gürcüstanın Rustavi şəhərinə gedərək Askarovu satış üçün yeni malların olması adı ilə aldadaraq, Bakı şəhərinə dəvət ediblər.

2003-cü il aprelin 2-də kirayədə yaşadıqları mənzildə mərhumla birlikdə şam yeməyi zamanı spirtli içki qəbul etdikdən sonra ərlə arvad Askarovun başına küt alətlə vurub və iplə boğaraq öldürüblər.

Cinayəti gizlətmək üçün Acalov arvadı ilə birlikdə meyiti 39 saylı binanın yaxınlığındakı zibillikdə yandırıblar.

Acalov cinayətin onun tərəfindən törədilməsindən mərhumun anası Askarovanın şübhələnəcəyini bilib onu da öldürmək barədə arvadı ilə razılığa gəliblər.

Bu məqsədlə 2003-cü il aprelin 2-də Rustavi şəhərinə zəng edərək Göyçək Askarovanı aldadaraq Bakı şəhərinə, yaşadıqları ünvana dəvət ediblər.

Əvvəl törətdikləri cinayəti gizlətmək məqsədi ilə eyni üsulla aprelin 7-də kirayədə yaşadıqları X.Məmmədov küçəsi 33 saylı binanın 48-ci mənzilində Askarovanı boğub öldürəndən sonra cinayətin izini itirmək üçün mərhumun meyitini binanın qarşısında yerləşən ərzaq mağazasının arxasında yandırıblar.

Nazim Acalova CM-in qəsdən adam öldürmə (120.2.1, 120.2.5, 120.2.6 və 120.2.10-cu) maddələri ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Raina Əhmədova həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti