...

İran Mərakeşin Tehranda keçiriləck kitab sərgisində iştirakına icazə verməyib

Siyasət Materials 17 Aprel 2009 14:30 (UTC +04:00)

Iran Mərakeşin Tehranda keçiriləcək kitab sərgisində iştirakı ilə bağlı istəyini qəbul etməyib. Bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb.

"Mərakeş ilk dəfə olaraq cari ildə Tehranda keçiriləcək beynəlxalq kitab sərgisində iştirak etmək üçün müraciət etmişdi, lakin İran və Mərakeş arasında siyasi əlaqələrin kəsilməsini nəzərə alaraq, bu ölkənin sərgidə iştirak etmək istəyini təmin etmədik", - deyə 22-ci Beynəlxalq Tehran Kitab Sərgisinin icraçı direktoru Məhəmmədrza Vəsfi bildirib.

22-ci Beynəlxalq Tehran Kitab Sərgisi mayın 6-16-da Tehranın İmam Xomeyni adına məscidində keçiriləcək.

Mərakeş və İran arasında gərginlik İran rəsmisi tərəfindən Mərakeşin sünni müttəfiqi Bəhreynin suverenliyinin sual altına alınması nəticəsində yaranıb. İranın sabiq parlament üzvü Əli Əkbər Natiq Nuri fevral ayında demişdi ki, Bəhreyn 1971-ci ilədək İranın vilayəti olub. Mərakeş bu açıqlamaya etiraz olaraq İrandakı səfirini geri çağırmışdı.

Mərakeş həmçinin İranı şiə müsəlman ideologiyasını sünni Mərakeşdə yaymaq cəhdlərinə görə ittiham edərək, bunu ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib. İran Xarici İşlər Nazirliyi Mərakeşin ittihamlarını "əsassız" adlandırıb.

Tehranda keçiriləcək Beynəlxalq Kitab Sərgisində dünyanın 70 ölkəsindən 150 min kitab sərgilənəcək. 

Xəbər lenti

Xəbər lenti