Azərbaycan, Bakı, 02 may / Trend , müxbir C.Babayeva /
Azərbaycan üçün Avropa, MDB və türkdilli dövlətlər məkanına inteqrasiya üzrə perspektivlər açılır. Bu barədə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev şənbə günü Bakıda keçirilən "Müasir dünyada yeni düşüncəyə ümumi baxış" adlı beynəlxalq elmi konfransda çıxış edərkən bildirib.
"Bu məqsədlə dünyagörüşünü formalaşdırmaq, yeni metodoloji sistem yaratmaq, fəlsəfə və elm sahələrində tədqiqatlar aparmaq lazımdır", - deyə o bildirib.
"Qloballaşma prosesində regional münasibətlərin inkişafına ehtiyac var, çünki Avropa və Şərq fəlsəfəsinin bir-birinə yaxınlaşdığı hiss olunur", - Mehdiyev hesab edir.
Mehdiyev Azərbaycanda fəlsəfə düşüncəsinin hazırkı inkişaf səviyyəsini qənaətbəxş hesab etmir. "Çünki tərəqqi kontekstində böyük uğurlar ictimai həyatın müxtəlif sahələrində əldə olunub, fəlsəfə sahəsində aparılan tədqiqatların səviyyəsi olduqca zəifdir", - deyə o bildirib.
"Hələ ki, siyasət, iqtisadiyyat və sosiologiya sahələrində tərəqqi ilə bağlı dinamizmin tələb olunduğu dövrdə müəyyən strateji proqramlar və konsepsiyalar yoxdur, əsas məqsəd ictimai proqramların inkişaf etdirilməsi olmalıdır. Filosoflar düşüncə səviyyəmizin qaldırılması məqsədilə müəyyən proqramlar axtarıb tapmalıdırlar. Cəmiyyət elm və mədəniyyətin onun həyatındakı yerini və oynadığı rolunu dərk etməlidir. Fəlsəfi təfəkkür hər şeydən əvvəl cəmiyyətdəki problemlərin aradan qaldırılmasına yönəldilməlidir", - deyə Mehdiyev bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]