...

ABŞ İranın siyasi tarixinə nəzər salmalıdır – İran-ABŞ Şurasının rəhbəri

Siyasət Materials 8 May 2009 08:45 (UTC +04:00)
ABŞ İranın siyasi tarixinə nəzər salmalıdır – İran-ABŞ Şurasının rəhbəri

İran-ABŞ Şurasının rəhbəri Huşəng Əmirəhmədinin Trend -a eksklüziv məqaləsi

İranda baş vermiş inqilabdan məqsəd bu ölkədə Şah rejiminin devrilməsi və ABŞ-ın təsir vasitəsindən çıxmaq idi, lakin problem ondadır ki, İran 30 il bundan qabaq ABŞ-la əlaqələrini kəsdikdən sonra hələ də düşüncəsində ABŞ-ın təsir vasitəsinə düşməmək üçün mübarizə aparır.

İran əvvəllər "Şərq və Qərbə yox" şüarı verirdi, lakin hazırda İran Şərq dövlətləri ilə əlaqələr qurmağa meyillidir. Hazırda İranda ABŞ və Qərb tərəfdarları da az deyil. İran məcburi şəkildə heç bir tərəfə meyilli olmaması üçün çalışır, lakin Qərblə problemləri olduğu üçün Çin və Rusiyaya tərəf yönəlib. Mənim fikrimcə, bu yönəlmə taktikadır və uzun müddət davam etməyəcək.

İran və ABŞ arasında olan problem bir neçə istiqamətdən araşdırılmalıdır: əhalinin sosial vəziyyəti, İranda baş vermiş İslam İnqilabdan sonrakı məsələlər, strateji və siyasi məsələlər. İran və ABŞ əlaqələrini yaxşı qavramaq üçün İranın siyasi fikir tarixinə nəzər yetirmək lazımdır. Yaddan çıxarmamalıyıq ki, ABŞ İranla problemləri olan yeganə qüdrətli dövlət deyil. Əgər tarixə baxsaq görəcəyik ki, İran qüdrətli dövlətlərlə heç zaman yaxşı münasibətdə olmayıb. İslamdan öncə Makedoniyalı İsgəndərin, yunanlıların və rumluların (Bizans İmperiyası) İrana hücumu, İslam dövründə ərəblərin və eləcə də monqolların hücumu, ingilislərin və rusların İrana təzyiqi hər biri ayrı-ayrılıqda iranlılarda güclü dövlətlərə qarşı mənfi təəssürat oyadıb.

ABŞ güclü dövləti öz təsiri altına salmaqdan həzz alır, lakin İran istəyir ki, özü həmin güclü dövlətə təzyiq göstərsin və onu məhv etsin. Ümumilikdə, demək istəyirəm ki, iranlıların təsir altına düşməkdən və yaxud hansısa dövlətə təzyiq etməkdən xoşları gəlmir. Bu səbəbdən İran və ABŞ arasındakı problemı qavramaq üçün İranın tarixinə nəzər salmaq lazımdır - xüsusilə də qüdrətli dövlətlərin İrana diktə etdiyi və İranın bunu qəbul etmədiyi bir vaxtda.

ABŞ və İran münasibətlərində daha bir problem isə ondadır ki, İran tarixi, mədəni və coğrafi baxımdan böyük bir dövlət olub və İran müasir dünyaya inteqrasiya olmayıb. Bu baxımdan İran hazırkı problemlərə öz keçmiş tarixi baxışları ilə nəzər yetirir, indiki mövcud potensialı ilə deyil. ABŞ isə bu məsələni başa düşmür və indiki reallığı nəzərə alaraq İrana qarşı siyasət yürüdür.

Digər tərəfdən İran həmişə özündən zəif və güclü dövlətlərə qarşı "böyük qardaş" rolunu oynamağa çalışıb və bu da İranın imicinə mənfi təsir göstərir. Buna İranın Fələstin məsələsinə münasibətini, Livan, İraq, Cənubi Amerika və demək olar ki, hətta Azərbaycana qarşı münasibətini misal çəkmək olar. İranın bu cür davranışı bəzən dövlətlərin müstəqilliyinə ziyan vurur və bu məsələlər İranın keçmiş tarixi baxışından irəli gəlir. Bunu yaddan çıxarmaq lazım deyil ki, İran həmişə xoşniyyətli olub. Ötən 250 il ərzində heç bir dövlətə hücum etməyib. Eləcə də İranın güclənməsi regionda sabitliyin təmin olunmasında rol oynayıb. İranla birgə yaşamaq üçün "iranlı düşüncəsi"ni dərk etmək lazımdır. Bu düşüncə yalnız İran rəsmilərinə deyil, hər bir iranlıya aiddir.

İran və ABŞ arasında İslam İnqilabından sonra müzakirələr aparılıb, bəs nə üçün bu müzakirələr müvəffəqiyyət qazanmayıb?

Mənim fikrimcə, bu, İran və ABŞ-ın düşüncə problemlərindən irəli gəlir. İran və ABŞ müzakirələr aparıb, lakin müzakirələr "sülh və müharibəyə yox!" istiqamətində davam etdirilib.

İran müharibə təhlükəsini hiss edərkən ABŞ-la məhdud da olsa müzakirələr aparıb, eləcə də ABŞ İraq və Əfqanıstan məsələsində İrandan dəstək alıb, lakin müzakirələrindən məqsəd əlaqələrin qurulması olmayıb. Elə bu səbəbdən də qısa əməkdaşlıqdan sonra iki ölkənin münasibətləri daha da pisləşib.

İran elə inqilabın ilk günlərindən özünü ABŞ-a qarşı olan ölkələrin bayraqdarı kimi göstərib. ABŞ-ın İranda bir neçə dəfə uğursuzluqla nəticələnən dövlət çevrilişi cəhdləri bu hissi daha da artırıb. Bu səbəbdən İran ABŞ-la müharibə etməkdən həmişə çəkinib. Digər tərəfdən, İsrail də İran İslam Respublikasını məhv etmək siyasətini yürüdüb və bu məsələdə ABŞ-ı sıxışdırıb. Ərəb ölkələri də öz nüfuzlarını regionda ABŞ müttəfiqi kimi möhkəmləndirmək məqsədilə İran-ABŞ əlaqələrinin əleyhinə olublar. Bu səbəbdən də ABŞ İranla münasibətdə "sülh və müharibəyə yox!" siyasətini yürütməyi qəbul edərək davam edir. Lakin bu baxışı dəyişmək lazımdır. İran ABŞ-ın strateji müttəfiqi ola bilər. Bu həm İranın, həm ABŞ-ın, həm də regionun xeyrinədir.

Müəllifin mövqeyi Trend redaksiyasının mövqeyi ilə uyğun olmaya bilər.

Xəbər lenti

Xəbər lenti